Bu gündən Avropa Birliyində (AB) Süni İntellekt Aktının (Aİ Act) şəffaflıq tələblərini nəzərdə tutan yeni müddəaları qüvvəyə minib. Bununla da süni intellektdən istifadə zamanı məzmunun mənşəyinin açıqlanması və istifadəçilərin məlumatlandırılması ilə bağlı yeni öhdəliklərin tətbiqinə başlanılıb.
Axar.az xəbər verir ki, Avropa Komissiyasının yaydığı məlumata əsasən, yeni qaydalar vətəndaşların süni intellekt texnologiyalarına etimadını artırmaq, dezinformasiyanın qarşısını almaq və süni intellekt sistemlərindən məsuliyyətli istifadəni təmin etmək məqsədi daşıyır.
Qaydalara əsasən, istifadəçilər süni intellekt sistemi ilə qarşılıqlı əlaqədə olduqları barədə məlumatlandırılmalıdır. Generativ süni intellekt vasitəsilə hazırlanan məzmunun tanınması təmin edilməli, xüsusilə “deepfake” materiallar, eləcə də ictimai maraq doğuran mövzular üzrə süni intellekt tərəfindən yaradılmış mətnlər aydın və görünən şəkildə işarələnməlidir.
Məlumatda, həmçinin bildirilib ki, süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə istifadəçilərin hansı məzmunun insan, hansının isə süni intellekt tərəfindən yaradıldığını ayırd edə bilmələri şəffaflığın və fundamental hüquqların qorunmasının mühüm şərtidir. Yeni tələblərin həm də manipulyasiya və yanlış məlumatların yayılması riskini azaltmağa xidmət edəcəyi vurğulanır.
Qeyd edək ki, “Aİ Act” dünyada süni intellekt sahəsində qəbul edilmiş ilk hərtərəfli hüquqi tənzimləmə hesab olunur. Risk əsaslı yanaşmaya söykənən sənəd müxtəlif Aİ sistemləri üçün fərqli tələblər müəyyənləşdirir, yüksək riskli tətbiqlər üçün ciddi öhdəliklər formalaşdırır, insanların təhlükəsizliyi və hüquqları üçün qəbuledilməz hesab olunan bəzi süni intellekt təcrübələrini isə qadağan edir. Aİ hesab edir ki, yeni hüquqi çərçivə innovasiyanın inkişafı ilə yanaşı, süni intellektdən təhlükəsiz, şəffaf və insanyönümlü istifadəni də təşviq edəcək.