Dünya tarixinin ən böyük sərkərdələrindən biri də
Çingizxandır. Çingizxan haqda bir çox kitablar yazılıb, filmlər
çəkilib. Orta əsrlərin ən böyük imperiyasını, yəni ərazisi 33
milyon kv.km olan bir dövləti qurub. Onun ölümü və dəfni ilə bağlı
bir sıra müəmmalar, sirlər var.
Amma əvvəlcə Çingizxanın həyatına qısa bir göz ataq:
Çingizxan əslində ad yox, tituldur. Timuçin bu adı 12-ci əsrin
sonlarında keçirilmiş bir qurultay nəticəsində qəbul edib.
Tarixçilərin deyimi ilə desək, tatarlar o dövrdə üç böyük qola
ayrılaraq çöldə yaşayırdılar. Onon çayının şimal meşələrində
özlərini moğol adlandıran bir millət də yaşayırdı. Moğolların əsas
düşməni Çinin Şimali-Şərqində yaşayan mancurlar tayfası idi.
Hücumlardan qorunmaq üçün moğollar özlərinə Xabulu xan seçdilər.
Xabul xan mancurların hücumunun qarşısını alsa da, 1149-cu ildə
onun ölümündən sonra ittifaq dağıldı.
Bundan istifadə edən mancurlar yeni hücumlara başladılar.
Vəziyyət getdikcə çətinləşdiyi üçün moğollar yenindən birləşmək
məcburiyyətində qaldılar. Bu dəfə onların xanı Xabulun qohumu
sayılan Yesugey bahadur oldu.
Yesugey əsl döyüşçü idi. Gənc yaşlarında səhrada ova çıxan
bahadur merkit arabasında gözəl bir qız görür. Qardaşlarını da
köməyə çağıran Yesugey qızı ələ keçirir və özünə arvad edir. Qızın
adı Oelun idi və 1162-ci ildə o, Timuçini dünyaya gətirdi. Timuçin
9 yaşına çatanda adətə görə nişanlanmalı idi və bu səbəbdən
xonkirat qəbiləsindən Borte adlı qızı seçdi.
Bu hadisədən sonra Yesugey bahadur düşmənləri tərəfindən
zəhərlənərək öldürüldü və onun qurduğu ittifaq dağıldı. 9 yaşlı
Timuçin ailənin rəisi oldu. Onun uşaqlığı böyük çətinliklər və
məhrumiyyətlər içində keçdi.
Xaqanlığa doğru uzanan yol
Böyüdükdən sonra bütün moğolları ətrafına toplayaraq 1182-ci
ildə keçirilən qurultayda Çingiz xan titulunu qəbul etdi.
Bu dövrdən sonra çöl tayfaları arasında amansız müharibələr
başladı. "Men-da Bey-lu" tarixi əsərinə görə, mancurlar tərəfindən
əsir götürülən Timuçin 11 il zindan həyatı yaşayıb. Əsirlikdən
qaçan Çingizxan yenidən çölə qayıtdı.
1198-ci ildə Timuçinin böyük və qüdrətli ordusu var idi. Bu
dövrdə o, qanunlar toplusu olan Yasa qəbul etdi. Yeni qanunlara
əsasən köhnə adətlər ləğv edilir və yeni davranış qaydaları qəbul
edilirdi. Digər xalqları işğal etməyə yönəlmiş vahid hərbi mexanizm
qurmaq üçün bu addım qaçınılmaz idi.
1206-cı ildə Timuçin bütün çöl xalqlarının xanı elan edildi.
Çingizxan işğal siyasətinə davam edir. Bir çox tayfa və xalqlar
onun hakimiyyətini qəbul edir, qəbul etməyənlər isə amansız
mübarizədən sonra boyun əymək məcburiyyətində qalırdılar. 1226-cı
ildə onun orduları Tanqut dövlətini mühasirəyə aldı. Tanqut dövləti
böyük şəhərləri, qızıl mədənləri, böyük mədəniyyəti olan varlı bir
dövlət idi. Onun paytaxtı Çjunsin şəhəri idi. Moğol ordusu şəhəri
ələ keçirdi.
Xaqanın ölümü
Mühasirə zamanı Çingizxan qəflətən vəfat edir. Bu hadisə 1227-ci
ilin avqust ayında baş verib. Xaqanın ölüm səbəbi məlum deyildi.
Moğol noyonları bunu nəinki sadə döyüşçülərdən, eyni zamanda
salnaməçilərdən də gizli saxladılar.
Böyük Xaqanın vəsiyyəti
Onun ölümündən sonra hakimiyyət üçüncü oğlu Uqedeyə keçdi.
Çingizxanın vəsiyyətinə əsasən, Uqedey dövləti idarə etməli, böyük
qardaşları Çjomi və Çağatay bu işdə ona kömək etməli idilər. Digər
qardaşlarından fərqli olaraq, Uqedey sakit, müdrik və diplomat idi.
"Monqol döyüşçüsü atını sonuncu dənizdə yumalıdır". Deyilənə görə,
bu da böyük sərkərdənin vəsiyyətlərindən biridir. Bəzi tarixçilərə
görə isə, Çingiz Avropa barədə düşünmürdü. 1235-ci ildən bu planı
Uqedey həyata keçirmək istəyib. Batı xan isə, Adriatik dənizinin
sahillərinə qədər gəlsə də, paytaxtda baş verən bir hadisəyə görə
geri qayıtmalı olub.
Çingizxanın ölümü ətrafında dolaşan
iddialar
Tarix elmində bu gün irəli sürülən hipotezlərə əsasən, Çingizxan
təbii ölümlə dünyasını dəyişib. 1227-ci ildə onun 65 yaşı var idi.
Bəzi mənbələr isə onun 72 yaşı olduğunu göstərir. Bu yaş orta
əsrlər üçün kifayət qədər böyük yaş sayılırdı və onun ölümü təbii
sayıla bilər. Bundan başqa, xaqanın ölümündən iki il əvvəl bədbəxt
hadisə yaşadığı və ciddi zədələndiyi də bildirilir. Zədə o dərəcədə
ciddi olub ki, böyük xan bir neçə gün həyatla ölüm arasında
çarpışıb.
Tanqut dövlətinin mühasirəsi zamanı Xaqanın vəziyyəti ağırlaşır
və o, ölümü barədə dövlət işğal edilməmiş heç bir xəbərin
yayılmamasını əmr edir.
Amma zədə səbəbindən ölüm versiyası yeganə versiya deyil. Orta
əsr mənbələri, daha dəqiq desək Çin, Şərq və Avropa mənbələri
Çingizxanın ölümünün bir neçə səbəbi olduğunu qeyd edirlər.
Məsələn, portuqaliyalı səyyah Marko Polo əsərində qeyd edir ki,
şəhərin mühasirəsi zamanı haradansa atılan ox Xaqanı yaralayır və
bu yara ölümcül olur. Marko Polo bu versiyanın qədim şərq
əlyazmasına əsaslandığını qeyd edir. Marko Polonun əsərlərini
illüstrasiyaya köçürən avropalılar isə, rəsmdə oxun Çingizxanın
qəlbinə saplandığını təsvir edirlər. Amma səyyah oxun dizdən
dəydiyini qeyd etmişdi.
Çin mənbələrinə əsasən, Çingizxan qızdırma xəstəliyindən
dünyasını dəyişib. Tanqut paytaxtının mühasirəsi zamanı yaranmış
çirkab və üfunət xəstəliyə səbəb olub.
Ən maraqlı versiya isə, orta əsr moğol salnamələrində qeyd
edilib. Bu versiyaya əsasən, Çingizxan qətlə yetirilib. Qatil isə
Tanqut kraliçası olub. Başqa bir versiyaya əsasən, bu qadın ya
sonuncu Tanqut hökmdarının arvadı, ya da qızı olub. Tanqut kralının
keçmiş arvadı və ya qızı dövlətinin intiqamını almaq üçün ilk zifaf
gecəsində xaqanı gəmirərək qətlə yetirib. Sonra isə dəhşətli
edamdan qurtulmaq üçün özünü çaya ataraq boğub.
Tarixçilər təbii ki, bu faktlara ciddi yanaşmır və bu barədə
ciddi mənbə və təsdiq olmadığını qeyd edirlər. Eyni zamanda qeyd
etmək lazımdır ki, hun hökmdarı Attila da işğal etdiyi dövlətin
şahzadəsi tərəfindən toy gecəsi qətlə yetirilmişdi.
Çingizxanın dəfni
Çingizxanın dəfni və qəbrinin harada olması dünya tarixinin ən
böyük sirrlərindən sayılır. Yuxarıda da qeyd etdiyimiz kimi,
Çingizxan vəfat etdikdən sonra, onun yaxınları bir müddət ölüm
xəbərini gizli saxladılar. Cənazəni paytaxta aparan ordu,
şayiələrin yayılmasının qarşısını almaq üçün qarşılarına çıxan
hərkəsi qətlə yetirdilər. Bir neçə ay keçirilən mərasimlərdən sonra
Xaqan dəfn edildi. Bax elə ikinci böyük müəmma da buradan
başlayır.
Dəfn mərasimində iştirak edən bütün şəxslər edam edilib. Onun
qəbrinin harada olduğu barədə isə müxtəlif hipotezlər var. Tarixçi
Rəşidəddin "Əylazmalar toplusu"nda qeyd edir ki, Çingizxan
Burxan-Haldun dağ silsiləsindəki bir ərazidə dəfn edilib. Onon,
Qola və Kerulen çayları mənbəyini buradan götürür.
Başqa bir versiyaya əsasən, Çingizxanın vəsiyyətinə görə, onun
dəfn edildiyi yeri sevimli oğlu Tuli seçməli imiş. Onun oğlu və
silahdaşları Xaqanın cənazəsini doğma torpaqlara apararaq bir
ağacın altında basdırıblar. Ərazi zamanla sıx meşəliyə çevrilib.
Meşəni qorumaq üçün Uryanxit qəbiləsindən on min nəfər döyüşçü
təyin edilmişdi. Uzun illərdən sonra bu xidmət ləğv edildi. Çünki
ərazi böyük meşəyə çevrilmişdi və qəbrin yeri bilinmirdi.
Moğolların versiyasına görə isə, Çingizxanın qəbrini doğulduğu
yerdə axtarmaq lazımdır. Alimlərin fikrinə görə, sərdabəni Hentiysk
dağlarında axtarmaq lazımdır.
"Monqolların gizli rəvayətləri" adlı tarixi xronikada qeyd
edilib ki, Çingizxanın nəşi at qoşulmuş araba ilə Burhan Haldun
dağının ətəyinə aparılıb və "İx qazar" adlı yerdə dəfn edilib.
1991-ci ildə ən müasir texnika ilə təchiz edilmiş yapon
ekspedisiyası 14 qədim sərdabə tapdı. Onlardan birində Çingizxanın
nəvəsi Xubilay xan dəfn edilmişdi.
Ən geniş yayılmış versiyalardan biri də Onon versiyasıdır. Bu
versiyaya görə, Çingizin məzarı Kubuxay yaxınlığında, Onon çayının
dibində yerləşir. Teoriyaya görə, Xaqanı dəfn etmək üçün çayın
axarını dəyişib, dəfndən sonra əvvəlki vəziyyətinə qaytarıblar.
Tarixçi Jiqjitjab Dorjieviçin fikrinə görə, Çingizxan Delyün
Boldok adasında dəfn edilib.
Tarixçi Qumilyovun fikrinə əsasən, Çingizin nəşini və digər
qiymətli əşyaları qazılmış qəbrdə dəfn etdikdən sonra, bütün
qulları qətlə yetirdilər. Bir il sonra yas mərasimi keçirmək lazım
idi. Bu zaman moğollar anasından ayırdıqları dəvə balasını qəbrin
üstündə kəsdilər. Bir il sonra ana dəvə övladının öldüyü yeri
axtarıb tapdı. Moğollar qəbrin üstündə yas ayini keçirdikdən sonra
onu birdəfəlik tərk etdilər.
Qədim mənbələrə əsasən, Böyük Xan anadan olduğu yerdə dəfn
edilib. Bu isə Delyün-Boldok vadisidir.
Çinlilər Çingizxanı yerliləri sayırlar və onların fikrinə görə,
Çin torpaqlarında anadan olan Böyük Xaqan elə burada dəfn
edilib.
Yaponlar da Çingizxanı samuray sayırlar və onların fikrinə görə
Böyük Xan onların qardaşıdır. Gündoğan ölkəni tərk edən Timuçin
materikə yerləşib və yeni həyata başlayıb. Bu səbəbdən də yuxarıda
qeyd edildiyi kimi, 1991-ci ildə yaponlar da Çingizxanın nəvəsinin
qəbrini tapıblar. Onun harada dəfn edildiyi yaponları da narahat
edir.
Yenə də bu məsələ ilə bağlı Rəşidəddinin əsərlərinə müraciət
edək. Xaqanın ölümündən sonra hər şey dəqiqliklə yerinə yetirildi.
Dəfn edilən yerə qədər olan məsafə 1600 km idi. Cənazəni 5 min ən
yaxşı döyüşçü müşayiət edirdi. 10 min nəfər Uryanxay döyüşçüsü
ərazini qoruyurdu. Qəbir olan məkan sıx meşəliyə çevrildikdən sonra
döyüşçülər geri çağırıldı.
Çin mənbələrinə əsasən isə, Böyük Xaqanın qəbri Ecen-Horo
ərazisindədir. Bu yer isə, Xulun Buir əyalətinə məxsusdur. Burada
qədim dövrlərdə "Səkkiz ağ yurt" adlı sərdabə yerləşirdi. Xan
postuna namizədlər buraya gəlir, ali ruhun xeyir-duasını almaq
istəyirdilər.
Böyük Xanın harada dəfn edilməsi ilə bağlı çoxsaylı versiyalar
bu gün də irəli sürülür. Amma hələ ki, onun qəbrini tapan olmayıb.
Yəqin ki, hələ uzun illər tarixçilər və arxeoloqlar türk xalqının
böyük oğlu, dünyanın ən böyük imperiyasını quran Timuçinin
sərdabəsini axtaracaqlar...
Ölkə.az