Kimi özünü güllələdi, kimi də narkoman
oldu...
Adətən ictimai-siyasi işlərdə çalışan insanlar öz ailələri ilə
birgə toplumun qarşısında daima gülümsəyir, xoşbəxt ailə tablosu
yaratmağa çalışırlar. Kremlin tarixində də orada rəhbər olmuş
insanların nikahları haqqında sanki elə bir fikir var ki, onların
da həyatı nizamlı və rahat olub. Amma son prezident Putin öz
xanımından ayrıldıqdan sonra bu fikrin heç də doğru olmadığı
təsdiqlənmiş oldu.
Əslində ideal olmayan cütlük
Kremldə birinci rəhbər Lenin idi. Xanımı Nadejda Konstantinovna
ilə onlar sürgündə olarkən evləndilər. Uzun illər bu iki insanın
bir-birini sevməsi və sədaqəti haqqında yazılan əhvalatların heç də
həqiqət olmadığını sübut edən faktlar var. Leninin İnessa Armada
adlı bir inqilabçı qadınla ona xəyanət etdiyi haqqında söyləntilər
var.
Ürəyimə daş yüklədin...
Sirli şəxsiyyəti ilə diqqəti cəlb edən İosif Stalin də iki dəfə
evli olub. Birinci xanımı Yekaterina Svanidze varlı gürcünün qızı
olub. Evləndikdən az sonra o vərəmdən vəfat edib. Deyilənlərə görə,
Stalin onun məzarı üstə "ürəyimə daş yüklənib və insanlara qarşı
mərhəmət hissimi itirmişəm" sözlərini deyib.
İkinci dəfə Stalin 1918-ci ildə Nadejda Allulayeva ilə evlənib.
Amma onların münasibətləri çox dözülməz olub və Nadejda iki dəfə
Stalindən ayrılmaq istəyib. Buna nail ola bilməyən qadın sonra
özünü güllələyib. Stalin hətta onun dəfn mərasimində də iştirak
etməyib.
İkisi birlikdə dəfn olundu
Stalindən sonra Xruşşovun Kremldə tam səlahiyyət sahibi olmasına
qədər Georgi Malenkov Sovet İttifaqını idarə edirdi. O Türkmənistan
cəbhəsinə gedərkən qatarda tanış olduğu Valeriya Qolubçova adlı bir
xanımla evli idi.
1952-ci ildə Xruşşovun gəlişindən sonra Malenkov vəzifəsindən
uzaqlaşdırıldı və sürgünə göndərildi. Onunla birlikdə sürgünə gedən
xanımı ancaq uzun illər sonra Moskvaya qayıda bildilər. Bundan
sonra ömürlərinin sonuna qədər birlikdə yaşayan cütlük demək olar
ki, bir-birinin ardınca 3 ay fasilə ilə vəfat edirlər.
İki dəfə evli olan Xruşşov
Xruşşov da iki dəfə evli olub. O birinci dəfə 1914-cü ildə
Yefrosiniya Pisareva ilə evlənib. 19 il evlilikdən sonra Xruşşovun
xanımı tif xəstəliyindən vəfat edib.
İkinci dəfə o, Nina Kxarçuk adlı bir xanıma evlənir. O dövrün
mənbələrinə görə Kxarçuk işgüzar və zabitəli bir qadın olub. O,
Xruşşov Sovet İttifaqının rəhbəri olduğu zamanlarda bir sıra xarici
səfərlərdə onu müşahidə edib.
Qayğıkeş Brejnev
Leonid Brejnev Viktoriya Denisova adlı bir xanımla evli idi.
Brejnevlə Kurskda təhsil aldıqları yerdə rəqs zamanı tanış olublar.
Sovet İttifaqının başçısı olan Brejnev onu Vitya çağırıb və hər
zaman qayğıkeş bir ər kimi onun arzularını yerinə yetirməyə
çalışıb. Mənbələrdən o da bəlli olur ki, Brejnev bütün işləri ilə
bağlı xanımı ilə məsləhətləşib və bütün qərarlarını onunla
razılaşdırıb.
Brejnevin ölümdən sonra sarsılan qadını ərinin itkisinə dözə
bilməyərək yaddaşını itirib.
Andropovun narkotik qəbul edən xanımı...
Sovet İttifaqının rəhbəri olan Andropov da iki dəfə evli olub.
Birinci xanımı Nina ilə o ayrılanda Andropovun artıq iki uşağı
vardı. İkinci dəfə o Tatyana Lebedava ilə evləndi. Amma qısa
müddətdən sonra Tatyana xəstələnir və uzun müalicədən sonra ancaq
əsəbləri pozulmuş halda həyata dönür. O dövrün şahidi olan
adamların dediklərindən bəlli olur ki, Tatyana tez-tez xəstəxanada
yatırmış və narkotikdən asılı imiş.
Andopovdan sonra Sovet İttifaqına qısa sürədə başçılıq etmiş
Çernenko da iki dəfə evli olub. O birinci arvadı Faina Vasilevna
ilə uzun müddət yaşaya bilməyib və o boşandıqdan sonra ikinci dəfə
Anna Lyubiva ilə evləndi. Onların nikahı sakit və düzənli
keçib.
Birinci xanım statusunu qazanan ilk qadın
Sovet İttifaqının ən məşhur cütlüyü Mixail Qorbaçov və Raisa
Maksimovna 1953-cü ildə tələbə toyu ilə yataqxanada evləniblər.
Raisa Maksimovna Sovet İttifaqında publikaya görünməyən birinci
xanımların qapalı obrazını dağıdaraq Qorbaçovun bütün səfərlərində
onu müşahidə edib. O, 1987-ci ildə Britaniyada bir dərgi tərəfindən
ilin qadını elan olundu. 1991-ci ildəsə o "İlin ledisi" mükafatını
aldı.
Xarici ölkələrdə onu sülhün daşıyıcısı adlandırırdılar. Qorbaçov
hakimiyyətdən getdikdən sonra o "Qorbaçov fondu"nun qurulmasına
yardım etdi. Xeyriyyə işləri ilə məşğul oldu və xəstə uşaqların
müalicəsinə yardım etdi.
1999-cu ildə vəfat edib. Dəfnində minlərlə insan iştirak edib.
Yeltsinlər
Sovet İttifaqının dağılmasından sonra Rusiya Federasiyasının
prezidenti olan Boris Yeltsin 25 yaşına qədər Anastasiya, sonradan
adını dəyişib Naina qoyan qadınla evli idi. Naina Yeltsin Rusiyanın
ilk prezidenti ilə evlənmədən öncə Yuri Qaqarinlə görüşüb.
1991-ci idə Naina Yeltsin Rusiyanın birinci xanımı oldu.
2007-ci ildə Boris Yeltsin vəfat edəndə şahid olanların
dediklərindən bəlli olur ki, dəfn zamanı Naina Yeltsin onun
tabutunun üstünə göz yaşları ilə islanmış dəsmalını qoyub.
Birinci xanım fəal olmamalıdır
Dmitri Medvedyev xanımı Svetlana Linniklə eyni məktəbdə paralel
siniflərdə oxuyub. Onlar 7-ci sinifdən sonra görüşməyə başlayıblar
və 1993-cü ildə evləniblər. 1995-ci ildə onların oğlu doğulub.
Medvedyev öz şəxsi saytında Rusiyanın ənənələrinə uyğun olaraq
birinci xanımın o qədər də fəal olmaması barədə yazıb.
Putinin Kabayeva ilə sevgi macəraları...
Və nəhayət... Rusiyanın indiki prezidenti Putin adının Kabayeva
ilə hallanmasından sonra xanımı Lüdmila ilə rəsmi şəkildə boşandı.
Hətta arvadını monastıra qapatması ilə bağlı söz-söhbət gəzəndən
sonra publika qarşısına çıxıb boşandıqlarını elan edən Putinlərin
nikahına beləcə son qoyuldu.