Qonağın toyda düşən davadan qaçıb, məsciddə gizlənməsi
bir nəfərin bıçaqlanmasına, sonra da məscidin yandırılmasına səbəb
oldu
Gürcüstanda məscidə od vurulub. Bu dəfə hadisə siyasi
səbəblərdən baş verməyib, məscidin yandırılması bir qətllə bağlı
olub. Qardabaninin Muğanlı kəndində qətlə yetirilən şəxsin
yaxınları buna əl atıblar.
Təxminən 35 yaşı olan Nüsrəddin Xıdırov həmyerlisi 40 yaşlı Oruc
Əmiraslanovu bıçaqla öldürüb. Hadisə şahidlərinin sözlərinə görə
Muğanlı kəndindəki evlərdən birində keçirilən toyda iştirak edən
mərhum Oruc Əmiraslanov mahnı seçiminə görə toya gələn qonaqlardan
biri ilə mübahisə edib. Vəziyyətin gərgin olduğunu görən qonaq,
çıxış yolunu toy evinə yaxın ərazidə yerləşən ibadət evinə qaçaraq
gizlənməkdə görüb. Bundan xəbər tutan Oruc Əmiraslanov öz
dostlarını da yığaraq məscidin qarşısına gəlib və mübahisəni burada
davam etdirməyə cəhd göstərib. Elə hər şey də bundan sonra baş
verib.
Kəndin axundu Hümbət Əliyev hadisəni belə şərh edir: "Gördüm ki,
bunlar daha da aqressivləşirlər, hamını yığdım içəri, qapını
bağladım ki, bəlkə ara sakitləşə. Üstündən bir az keçdi, eşitdim
ki, bəs Nurəddin qardaşı kəllə ilə vurublar, özündən gedib. Mən də
su verdim ki, üzünə töksünlər, ayılsın. Çox az vaxt keçmişdi ki,
gördüm ki, Nurəddini gətirirlər. Dedilər ki, o tərəfdən bir adamı
vurub."
Adıçəkilən Nüsrəddin Xıdırov da digər ibadət edən dindarlar kimi
sadəcə kütlənin ibadət etdikləri yerə daxil olmasının qarşısını
almağa və mübahisədən qaçıb canını qurtarmış şəxsi qorumağa
çalışıb. Lakin qəfil hücuma məruz qalması sonradan onu qatilə
çevirib.
Hadisə şahidlərinin sözlərinə görə, özünə gəldikdən sonra
Nüsrəddin cib bıçağını çıxararaq dəmir barmaqlıqlar arasından Oruc
Əmiraslanova xəsarət yetirib. Bıçaq zərbəsindən sonra dünyasını
dəyişən Oruc Əmiraslanovun yaxınları isə onu torpağa tapşırdıqdan
sonra ibadət evinə gələrək tikiliyə od vurublar.
Hadisənin digər təfərrüatlarını öyrənmək istəsək də, qətlə
yetirilən Oruc Əmiraslanovun ailə üzvləri və yaxınları bu barədə
danışmaqdan imtina etdilər. Onu da qeyd edək ki, hadisəni
törətməkdə adı hallanan Nüsrəddin Xıdırov həbs olunmayıb və o,
yaşadığı yeri tərk edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. /ANS/