Britaniya Azərbaycan Hüquq Assosiasiyası (BAHA) təsis
olunub.
Bu Assosiasiya İngiltərə və Uels Hüquq Cəmiyyətinin
təşkilatçılığı, Azərbaycan Respublikasının Böyük Britaniya və
Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin və Azərbaycan
Hüquqşünaslar Konfederasiyasının dəstəyi ilə Londonda təsis
edilmişdir.
Bakı Hüquq Mərkəzinin mətbuat xidmətindən Trend-ə verilən
məlumata görə, Briyaniya Azərbaycan Hüquq Assosiasiyasının təsis
edilməsində əsas məqsəd Birləşmiş Krallıq və Azərbaycan
Respublikasında fəaliyyət göstərən hüquqşünaslar arasında əlaqələr
yaratmaq, ən qabaqcıl hüquq təcrübəsini paylaşmaq və iki ölkə
arasındakı münasibətləri möhkəmlətməkdir.
Londonda assosiasiyanın təsis olunması ilə bağlı tədbir
Azərbaycanda və Birləşmiş Krallıqda fəaliyyət göstərən hüquq
şirkətlərinin, dövlət və qeyri-hökümət təşkilatlarının
nümayəndələrinin iştirakı və dəstəyi ilə keçirilmişdir.
Tədbirin səhər hissəsi tanınmış hüquq şirkətlərindən biri olan
Withers LLP şirkətinin London şəhərinin hüquq mərkəzi hesab olunan
Old Bailey küçəsindəki ofisində baş tutdu. Tədbirə şirkətin
tərəfdaşlarından olan Andryu Terri sədrlik edirdi. A.Terri vergi
sistemləri barədə təqdimatla çıxış edərək Azərbaycanda mövcud olan
vergi sisteminin önəmli məqamlarına toxundu.
A.Terrinin təqdimatından sonra BHM Bakı Hüquq Mərkəzinin hüquq
məsləhətçisi Gülşən Həsənova "Azərbaycanın məhkəmə-hüquq sistemi və
son islahatlar" mövzusunda təqdimatla çıxış etdi. Təqdimatda keçmiş
Sovet dövründən Azərbaycana miras qalan məhkəmə sisteminin köklü
şəkildə dəyişməsi, ölkədə birinci instansiya, apellyasiya və
kassasiya instansiyalarından ibarət yeni 3 pilləli müstəqil məhkəmə
sisteminin yaradılması və məhkəmə-hüquq sistemində aparılmış son
islahatlar, Azərbaycan Respublikasının hüquq sistemi ilə Birləşmiş
Krallığın hüquq sistemləri arasındakı fərqlər barədə geniş məlumat
verildi. Təqdimat Birləşmiş Krallığın hüquqşünaslarının dərin
marağına səbəb olmuşdur.
Ekvita MMC-nin direktoru İlqar Mehdi neft və qaz sektorunu
tənzimləyən qanunvericlik, o cümlədən, Hasilatın Pay Bölgüsü
haqqında Sazişlər barədə məlumat verdi. Tədbirin səhər hissəsini
qiymətli kağızlar bazarı haqqında təqdimatla çıxış edən
White&Case şirkətinin hüquq məsləhətçisi Chris Norte
yekunlaşdırdı.
Səhər tədbiri başa çatdıqdan sonra azərbaycanlı hüquqşünaslardan
ibarət nümayəndə heyəti məşhur Rolls Building və Kral Ədalət
Məhkəməsinin (Royal Courts of Justice) binalarını ziyarət
etdilər.
Tədbirin beynəlxalq mübahisələrin həllinə həsr edilmiş ikinci
hissəsi İngiltərə və Uels Hüquq Cəmiyyətinin Chancery Lane
ünvanında yerləşən binasında baş tutdu. Tədbir Britaniya Azərbaycan
Hüquq Assosiyasiyasının sədri Adrian Haqesin sədrliyi altında
keçdi. Tədbirin bu hissəsində Winston&Strawn, Withers LLP və 39
Essex Street Chambers (Londonun 39 Essex küçəsində yerləşən məşhur
hüquq Palatası), Ekvita MMC-nin nümayəndələri beynəlxalq kommersiya
arbitrajı, investisiya arbitrajı, Londonda mübahisələrin həlli,
xarici arbitraj qərarlarının tanınması və icrası haqqında
təqdimatlarla çıxış etdilər.
Britaniya Azərbaycan Hüquq Assosiyasiyasının təsis edilməsi ilə
əlaqədar keçirilən axşam ziyafətində İngiltərə və Uels Hüquq
Cəmiyyətinin prezidenti Nikolas Flak giriş sözü ilə çıxış etdi. O,
tədbirin bütün iştirakçılarını salamladı, Azərbaycandan Londona
təşrif buyurmuş hüquqşünaslara xüsusi minnətdarlığını bildirdi və
yeni təsis edilmiş BAHA-nın iki ölkə arasındakı əməkdaşlığın daha
da güclənməsinə töhfə verəcəyinə əmin olduğunu bildirdi.
Axşam ziyafətində Azərbaycan Respublikasının Böyük Britaniya və
Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Fəxrəddin Qurbanov
tarixə nəzər salaraq, hüquq sahəsinin bütün dövlətlər üçün
əhəmiyyətini vurğulamış və bununla bağlı təcrübə mübadiləsinin
aktuallaşdığını diqqətə çatdırmışdır. Ölkələr arasındakı sıx
əməkdaşlıq əlaqələrindən bəhs edən F.Qurbanov bütün sahələrdə
münasibətlərin yüksələn xətt üzrə inkişafından məmnunluğunu
bildirmişdir. Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi
əlaqələrə toxunan səfir respublikamızın uğurlarından, Britaniya
şirkətlərinin ölkəmizdəki fəaliyyətindən, dünya əhəmiyyətli
layihələrdə birgə iştirakdan bəhs etmişdir. O vurğulamışdır ki,
iqtisadi sahədə genişlənməkdə olan əməkdaşlıq hər iki ölkənin
hüquqşünasları arasında da sıx münasibətlər yaranmasını gündəmə
gətirir. Məhz bu səbəbdən BAHA-nın Britaniya və Azərbaycan hüquq
şirkətləri arasında əməkdaşlıq əlaqələrini təşviq edəcəyinə,
ikitərəfli iqtisadi əlaqələrin daha da inkişafına töhfə verəcəyinə
ümid bəslədiyini ifadə etmişdir.
BAHA-nın sədri Adrian Haqes Assosiasiyanın fəaliyyətinin
vacibliyini vurğulayaraq onun hər iki ölkə arasında peşəkar
hüquqşünasların təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb
etdiyini söyləmişdir. A.Haqes, həmçinin qurumun ölkələr arasında
ikitərəfli münasibətlərin inkişafında da özünəməxsus rol
oynayacağına əminliyini dilə gətirmişdir.
BAHA-nın sədr müavini Rəvan Məhərrəmov Assosiasiyanın fəaliyyəti
və gələcək planları haqqında məlumat vermiş, Assosiasiyanın təsis
edilməsində dəstəyini əsirgəməyən təşkilatlara və bütün
iştirakçılara minnətdarlığını bildirmişdir.