Fransanın Xarici İşlər
naziri Loren Fabius artıq əsəblərini gizlədə bilməyərək, Londonun
tənqidlərinə və Rusiya ilə ticarət əlaqələri üzündən qısnamasına
cavab verib.
Ötən çərşənbə axşamı Britaniya hökuməti Fransanın Rusiyaya
helikopter daşıyan gəmi satmaq planlarını tənqid etmişdi.
Paris bu tənqidlərə cavab olaraq bildirib ki, "Rusiya
oliqarxları ilə qaynaşan London öz gözündəki tiri görsə, daha yaxşı
olardı".
Sözügedən müqaviləyə əsasən, Fransa Rusiyaya ümumi dəyəri 1,2
milyard avro olan iki gəmi satmalı idi.
Belə görünür ki, bu sövdələşmə pis vaxta – Ukrayna böhranının
şiddətlənməsi, Moskvanın bu münaqişədəki rolunun artması və
nəhayət, Malayziya Hava Yolları şirkətinə məxsus təyyarənin
vurulması zamanına düşüb.
Paris artıq iki gəmidən birini Rusiyaya təhvil verməyə
hazırlaşır və bildirib ki, Moskvanın Ukraynadakı davranışından
asılı olaraq ikinci gəmini verib-verməmək qərarına baxacaq.
Britaniyadan gələn tənqid xorunda ən ucadan eşidilən baş nazir
David Cameronun səsidir.
Paris gəmiləri satacaqmı?
İndi cənab Fabius bu tənqidlərə Fransa televiziyasına
müsahibəsində çox istehzalı cavab verib: "Əziz britaniyalı dostlar, gəlin maliyyədən
danışaq. Mənə belə gəlir ki, Londonda Rusiya oliqarxları az
deyil".
Jurnalistin "yəni siz demək istəyirsiniz ki, Britaniya əvvəlcə
özünə baxmalıdır" sualına, Fabius "tamamilə doğrudur" cavabını
verib.
O, prezident Ollandın bazar ertəsi verdiyi bəyanatı bir daha
təsdiqləyərək bildirib ki, ilk hərbi gəmi Moskva ilə müqaviləyə
uyğun olaraq oktyabr ayında veriləcək.
Maraqlıdır ki, Fransanın Rusiya ilə hərbi ticarətini tənqid edən
təkcə Britaniya deyil.
Məsələn, ABŞ dövlət katibinin müavini Mari Harf jurnalistlərə
bildirib ki, "bu sövdələşmə tamamilə məqsədəuyğun deyil".
Lakin Parisi əsəbiləşdirən məhz Londonun qınaqlarıdır.
Özgə gözündəki çöp
Fransanın hakim Sosialist Partiyasının lideri ölkəsinin Rusiyaya
iki "Mistral" tipli hərbi gəmi satmasını tənqid edilməsini
"riyakarlıq" adlandırıb.
Jan Kristof Kambadeli deyib ki, cənab Cameron əvvəlcə Londonda
kök atmış rus oliqarxlarına nəzər yetirsə, yaxşı olardı.
"Bu, riyakarların saxta debatıdır", deyə fransalı siyasətçi
bildirib.
Britaniyanın özündə millət vəkilləri rəsmi Londonu nazirlərin
Rusiyaya silah satan şirkətlərə asanlıqla lisenziya vermələrini
tənqid ediblər.
Britaniya Parlamenti Silah İxracına Nəzarət Komitəsi aşkar edib
ki, 2014-cü ilin may ayına olan məlumata görə, Britaniya Rusiyaya
silah satışı üçün dəyəri 132 milyon funt sterlinq olan 285
lisenziya verib.
Bu kontraktlara bədən zirehləri, atıcı silahlar və sursat
daxildir.
Britaniya hökuməti tənqidlərə cavab verərək israr edir ki, bu
silahlardan heç biri Rusiya hərbiyyəsi üçün nəzərdə tutulmayıb.
Paris Kameronu ifsa etməyə çalışır
Xarici işlər nazirinə məktubunda adı çəkilən parlament
komitəsinin sədri lord Con Stenli yazır ki, bu lisenziyalardan
dəyəri 30 milyon funt sterlinq olan 34-ü ləğv edilib. Bunlardan ən
bahalısı 11 milyon funt sterlinq dəyərində olan raditeleskop
qurğusu imiş.
Komitə hökumətdən soruşur ki, Rusiyaya hərbi avadanlıq və silah
satışı üçün qalan lisenziyalar nə dərəcədə qanunidir?
Halbuki bu həftənin əvvəllərində parlamentdə çıxış edən Baş
nazir Devid Kameron demişdi ki, London Rusiyaya hərbi malların
satışını artıq dayandırıb və başqa Avropa ölkələrindən də bunu
gözləyir.
İndi Fransa Britaniya liderinin məhz bu bəyanatından yapışıb və
onu ikili standart adlandırır.
Bir tennis matçı nədir ki?...
Rusiya Elmlər Akademiyasından siyasi şərhçi Andrei Piontkovski
deyib ki, başqa ölkələri Rusiya oliqarxlarının hesablarını
dondurmağa çağıran Kameronun özü elə "Çelsi" klubunun sahibi Roman
Abramoviçin hesabını dondurmaqdan başlaya bilərdi.
Digər tərəfdən Britaniya mətbuatı yazır ki, Avropa İttifaqının
sanksiyaları Rusiyanın Ukraynaya müdaxiləsinə dolayısı ilə maliyyə
dəstəyi verən oliqarxları nəzərdə tutur və buna görə də sanksiyalar
Londonda əyləşən rus oliqarxlarına hələlik təsir etməyəcək.
Bütün bunlar azmış kimi parlamentin leyborist müxalifət
deputatları hakim mühafizəkarlardan Rusiyanın keçmiş maliyyə
nazirinin xanımından aldıqları 160 min funtluq ianəni geri ödəməyi
tələb edirlər.
Keçmiş nazirin xanımı Lyubov Çernuxina mühafizəkarların
fondtoplama auksionunda London meri və Britaniya baş naziri ilə
tennis matçı keçirmək hüququ qazanıb, sözü gedən siyasətçilər isə
belə görünür, matçı keçirməyiblər.
Rusiya oliqarxları London maliyyəsinin canı və
qanıdır
Rusiya pulunun Birləşmiş Krallıqda, xüsusən də paytaxt Londonda
rolu böyükdür.
Rusiya oliqarxları, eləcə də biznesmenləri və siyasi elitası 10
milyon funt sterlinqdən baha London mülklərinin ən böyük alıcıları
qrupuna başçılıq edirlər.
Hazırda London Birjasında
Rusiyadan və MDB-dən olan 113 şirkətin səhmləri dövr
edir.
Britaniyanın yeni xarici işlər naziri Filip Hammond Brüsseldə
bildirmişdi ki, Britaniya yeni sanksiyaların cənab Putinin
dost-aşnasına təsir etməsini istəyir.
O demişdi ki, Rusiyanın Ukraynadakı davranışına yalnız bu yolla
təsir göstərmək olar.
Britaniya Xarici İşlər nazirinin sözçüsü isə bildirib ki,
Britaniya Avropa İttifaqı sanksiyalarının ikinci mərhələsində daha
çox Rusiya rəsmisinin adının əlavə olunmasını tələb edir.
Rəsmi London həm də Rusiyaya qarşı bütöv neft və qaz sektorunu
hədəfləyəcək üçüncü mərhələ sanksiyalarının tətbiqini
tələsdirir.
Putinin "pul kisəsi"
Bununla belə, Britaniya hökuməti əlavə edib ki, Birləşmiş
Krallıqda yaşayan Rusiya oliqarxları yeni sanksiyalardan
qorxmamalıdır, çünki onların Ukraynadakı hadisələrlə bağlı Rusiyanı
dolayısı ilə dəstəkləməsinə dair məlumatlar yoxdur.
Hərçənd bir sıra təhlilçilər, o cümlədən Piontovski deyir ki,
cənab Putinin zəngin dostlarından bir çoxu Londonda yaşayır.
Onlardan bəzilərinin burada Vladimir Putinin pullarını
"fırlatdıqları" düşünülür. Məsələn bəzi dairələrdə elə həmin
Abramoviçi "Putinin pul kisəsi" adlandırırlar.
Piontkovski qeyd edir ki, Rusiya oliqarxlarının böyük
əksəriyyəti Kremllə birbaşa bağlıdır.
"Hər bir oliqarxın uğuru prezident Putinlə münasibətlərin
üzərində qurulub. Putin onları istədiyi vaxt həbsə ata bilər",
Piontovski deyir.
Azadliq.org