"ABŞ polis dövlətidir" kampaniyasına start
verildi.
Missuri ştatının Ferqyuson şəhərində kütləvi iğtişaşlar davam
edir. İnsanlar ağdərili polis zabiti tərəfindən 18 yaşlı qaradərili
Maykl Braunun güllələnib öldürülməsinə ən kəskin formada etiraz
edirlər. Şəhərdə komendant saatı tətbiq olunsa da və hərbi hissələr
yeridilsə də, vəziyyəti əvvəlki axarına qaytarmaq mümkün olmur.
Belə bir fonda ABŞ-ın müstəqilliyi ilə məşhur olan "WND" saytı
başqa bir məqama diqqət çəkib. Bu dəfə isə ağdərili, 20 yaşlı
Dillon Teylor qaradərili polis zabiti tərəfindən güllələnərək
öldürülüb. Ancaq hələ də Amerika və dünya ictimaiyyətinin bütün
diqqəti Ferqyuson şəhərində davam edən etiraz aksiyalarına
köklənib.
Sayt bildirir ki, avqustun 11-də Solt Leyk Sitidə polis mağazada
gənci güllələyib. Ölən şəxsin yaxınları deyirlər ki, Teylor polislə
üz-üzə gələndə silahsız olub.
Polis rəisi Kris Burbank deyib ki, hadisə mağazada quraşdırılmış
video-kamera tərəfindən lentə alınıb.
"Siz özünüz də həmin çəkilişləri görəcəksiz... Orada hər kəsin
hərəkəti lentə düşüb. O cümlədən bizim polis zabitinin açdığı atəş
də aydın görünür", - rəis jurnalistlərə deyib.
Polis rəisi onu da bildirib ki, həmin video-görüntülər müvafiq
bir zamanda yayımlana bilər. Ancaq bunun üçün günlər, həftələr,
bəlkə də aylar lazım ola bilər.
Rəis video-görüntüyə şəxsən baxdığını desə də, polis zabitinə
bəraət qazandıra biləcək hər hansı açıqlama verməyib.
"Mən heç vaxt zabitləri ölümə səbəb ola biləcək gücdən istifadə
etməyə səsləmirəm. Bu, heç vaxt bizim niyyətimiz olmayıb. Silahdan
istifadə həmişə son vasitə kimi ortaya çıxır. Biz Dillon Teylorun
ölümü ilə bədbəxt bir hadisə ilə qarşılaşmışıq",- rəis
jurnalistlərə söyləyib.
Rəis bədbəxt hadisənin qurbanı olan gəncin silahlı olub-olmaması
haqqında da bir söz deməyib. Ancaq bildirib ki, polisi zəng vuraraq
hadisə yerinə çağıranlar deyiblər ki, ətrafda silahlılar var.
Şahidlər deyiblər ki, 20 yaşlı gənc güllələnərkən qulağında
musiqiyə qulaq asmaq üçün qulaqcıq olub. Və atəşdən sonra o,
ağır-ağır nəfəs alırmış.
O da məlum olur ki, Dillon Teylor əvvəlki cinayətindən dolayı
məhkəmənin hökmü ilə 25 min dollarlıq cərimə ödəməli imiş.
Bəziləri Dillon Teyloru Maykıl Braun ilə müqayisə edirlər.
Onların heç biri polisə müqavimət göstərməyib və hadisə yerində hər
hansı cinayət törətməyib.
Çikaqoda olan bu hadisə Missuri ştatında baş verəndən sadəcə
onunla fərqlənir ki, bu dəfə polisin hansı rəngdə dəriyə sahib
olması müzakirə mövzusu deyil.
Amerikada ictimai rəy belədir ki, ağlar zülmkardır, onlar
qaradərililərə aman vermirlər. Ağ adamın da belə bir hadisənin
qurbanı olması isə insanlar üçün inandırıcı görünmür. Çünki ağlar
çoxluqdadır, qaralar azlıqdadır. Məntiqlə çoxluq azlığa zülm
edir.
Qətlə yetirilmiş gəncin xalası Gina Teyn deyib ki, polis bilir
ki, günahsız bir insan öldürüb. Video-görüntülər həqiqəti bir daha
ortaya çıxaracaq...
Bu arada isə Amerikada baş verən bu kimi olaylara etiraz olaraq
"ABŞ polis dövlətidir" kimi kampaniyalar baş alıb gedir...
Musavat.com