Avstraliyanın yerli
tayfaları insanlığın dünyaya yayılması prosesi ilə bağlı elmin
qarşısında duran ən böyük suallardan biri, bəlkə də birincisidir.
Qərb mədəniyyətinin ancaq 18-ci əsrdə kəşf edə bildiyi bu müəmma
hələ də tam öyrənilməyib.
Əfsanəvi kapitan Ceyms Kuk asiyanın cənub-qərbinə yelkən açanda
yeni torpaqlar, yeni heyvanlar və yeni bitkilər tapmağı ümid
edirdi. Ancaq hesablamadığı yeni bir kəşf onu gözləyirdi.
İnsanlığın itkin uşaqlığı olan aborigenlər onun bütün həyat
fəlsəfəsini dəyişəcəkdi…
Aborigenlər kimdir?
Aborigenlər Avstraliya, Tasmaniya və bölgədəki digər adalarda
yaşayan yerli əhalidir. Avstraliya və ətraf adalarda yaşayan qara
bədənli bu insanlar fərziyələrə görə, Cənubi Asiyadan köç edərək
dəniz yolu ilə bu torpaqlara gəlib. Lakin bu, yalnız bir
versiyadır. Çünki aborigenlərin hər hansı bir Asiya xalqı ilə
qohumluğu yoxdur. Hər hansı bir elmi dəlil də aborigenlərin
mənşəyinin Asiya xalqlarına söykəndiyini ortaya qoya bilmir. Elmi
olaraq yalnız sübut edilib ki, aborigenlər "Okeaniya" adlandırılan
bölgədə təxminən 40-80.000 il əvvəl yaşayıb.
Bu gün "Aborigenlər kimdir?" sualının hələ də qəti bir cavabı
yoxdur.
Aborigen nə deməkdir?
"Aborigen" bu xalqın varlığına dair məlumatı əks etdirən bir
sözdür. "Ab" ingilis dilində "dan, dən" əlavəsi olaraq istifadə
edilir. "Origen" isə "Original" yəni "əsil" mənası kimi "mənşə"
mənasında istifadə edilir.
Aborgenlərin cəmiyyət quruluşu
Aborigenlər qəbilə ictimai quruluşunda yaşayan bir xalqdır.
"Koori", "Murr", "Anangu" və bu kimi günümüzə qədər varlığını
qoruyub saxlayan aborigen tayfaları yaşamaqdadır. Məsələn, çöldə
yaşadıqları üçün "Colden" mənasında "Anangu" adlandırılan
aborigenlər öz aralarında "Luritja" və "Antikirinya" olaraq iki
qrupa bölünüb. İngiltərə istilasından öncə Avstraliyada bir milyona
yaxın aborigen yaşadığı bilinirdi. İşğalçılara qarşı müqavimət
göstərən aborigenlər soyqırım və hüquqlarının tanınmaması
səbəbindən əllərində olan torpaqların alınmasından sonra say
etibarı ilə 45 minə enmişdi.
1960-cı ildən sonra Avstraliya hökumətinin aborigenlərin
haqqlarını tanıması nəticəsində yerli əhalinin bugünki sayı
təxminən 400 min nəfərdən artıqdır.
Aborigenlərin ictimai həyatı
Aborigenlər Avstraliya kimi böyük bir torpaq sahəsində azad
yaşadıqları üçün ada daxilində bir-birindən ayrılan birliklər,
fərqli dillərə və mədəniyyətlərə sahib olublar. Aborigenlər açıqda,
ağaclardan hazırlanan sadə sığınacaqlarda yaşayan və təbiətlə
əlaqələrini əsla kəsməyən bir birlikdir. Bədənlərinə çəkdikləri
boyadan bir növ geyim kimi istifadə edən aborigenlər paltar üçün
kenquru dərisindən istifadə edirlər.
Lakin müsair dünya ilə qarışmağa məcbur olan aborigenlərin
əksəriyyəti bu gün şəhər və qəsəbə həyatına alışıb.
Aborigenlərdə sənət və din
Aborigenlərdə sənət və din bir-birinə bağlı şəkildə inkişaf
edib. Mağara və ağacları rəngləyərək hazırladıqları əsərlər həm
bəzəmə, həm də ibadət xüsusiyyəti daşıyır. "Didgerido" adı verilən
və bir növ boru tipli qaval aborgenlərin musiqisində ən əhəmiyyətli
ünsürdür. Aborigenlərdə mahnı söyləmək çox əhəmiyyətli bir ünsiyyət
vasitəsidir. Özlərinə aid bir yazı dilləri yoxdur. Musiqilər bütün
fikir, düşüncə və məlumatların ötürülməsi üçün yeganə ünsiyyət
vasitəsidir. Bütün bu mahnılar və boyama fəaliyyətləri eyni zamanda
mistik bir inanca dair ibadətlərin yerinə yetirilməsi üçün istifadə
edilir. Aborigen musiqilərində gizlənmiş inanca görə, dünya yerin
altından çıxan bir ilanın sürünməsi ilə meydana gəlib. Qurbağalar
da ilanın süründüğü yerləri suyla və rənglərlə dolduraraq ağacları,
dənizləri, çayları və bütün təbiəti yaradıb.
Bundan başqa aborigenlər ov, cənazə, mövsümlər, heyvanlar və
torpaq üçün mahnılar söyləyir. Dünyaya necə baxdıqları, fikirləri
və düşüncələri haqqında yalnız bu mahnılardan məlumat alına
bilər.
Aborigenlər və silahları
Aborigenlərin ən məşhur silahları "bumeranq"lardır. Yastı, V
şəkilli bir taxtadan hazırlanan bir çox məqsədlər üçün istifadə
edilir. Ov silahı kimi istifadə olunan "Bumeranq" həm də yeməklərin
hazırlanmasında istifadə olunur.
Aborigenlərlə ilk tanışlıq
İlk dəfə 1606-cı ildə hollandiyalı dənizçilərin gördüyü
Avstraliya qitəsi təxminən yüz il ərzində "Yeni Hollandiya"
adlandırılsa da, əhatəli şəkildə kəşf olunmadı. 1770-ci ildə Ceyms
Kukun Avstraliyaya ayaq basması ilə aborigenlərlə Qərb dünyasının
ilk tanışlığı yarandı.
Aborigenlərlə ilk tanışlıq Qərb dünyası üçün əyləncəli görünsə
də, bu, aborigenlər üçün əsl faciə oldu.
Aborigenlərin soyqırımı
Aborigenlər torpaqlarında gördüyü yadellilərlə mübarizəyə
başladılar. Onlar azadlıqları uğrunda döyüşürdü. Qitəyə ayaq basan
ingilislər öncə burada koloniyalar yaratmaq istədi. Koloniyalara
qarşı mübarizədə minlərlə aborigen məhv edildi.
Tarix boyu öz aralarında döyüşdükləri ilə bağlı bir fakt belə
olmayan aborigenlər bir neçə il ərzində tabe edildi.
Qırğınlar nəticəsində Tasmaniya adasındakı bütün aborigenlər
öldürüldü.
Soyqırım 1928-ci ildə qədər davam edib.
Aborigenlərin günümüzdəki halı
Son iyirmi ildə aborigenlərin hüquqlarını tanımağa başlayan
Avstraliya müasir dövrdə bu xalqlara bir çox azadlıqlar verib.
Hazırda Avstraliyada yaşayan aborigenlər işsizlik və yoxsulluqla
mübarizə aparsa da, bir çox dünya dövlətləri bu xalqın yox olması
ilə mübarizə aparmaqdadır.
Bumeranq sirri
Bumeranq silahının aborigenlərə aid olduğu deyilsə də, bu silah
haqqında bir çox suallar hələ də qalmaqdadır.
Karpat dağlarında mamont dişindən hazırlanmış 30 min illik bir
bumeranq araşdırmalardan sonra mütəxəssisləri xeyli
təəccübləndirmişdi. Bənzər sual bir daha, Misir fironu Tutanxamonun
məzarında 3300 ilin bumeranqı tapılanda ortaya çıxmışdı.
Arxeoloqlar daha sonra bu silahın oxşarını Amerika qitəsində aşkar
edəndə aborigen tarixinin düşündüyümüzdən də qədim olması ilə bağlı
versiyalar söylənməyə başladı. Ən maraqlısı isə bu ov silahını min
illər boyunca deformasiyaya uğramamasıdır.
Bumeranq kimi silahın dünyanın fərqli bölgələrində çox qədim
dövrlərdə istifadə olması aborigenlərin illər öncə dünyanı zəbt
etmələri ilə bağlı suallar ortaya çıxarmaqdadır. Bir çox
mütəxəssislərin fikrincə, aborigenlər antik dövrlərdə dünyanı gəzən
dənizçilər olub.
Aborigenləri yuxu sirri
Aborigenlər üçün yuxu görmək son dərəcə əhəmiyyətlidir.
"Didgerido" adlanan aborigen musiqilərinin yuxu seanslarında
istifadə edilməsi, müasir dövrdə yuxu pozuntusundan əziyyət
çəkənlər üçün bu musiqilərdən istifadə edilməsi bir çox sirrli
məqamları üzə çıxarır. Aborigenlər üçün yuxu keçmiş və gələcəkdir.
Bir çox mütəxəssislər aborigenlərin yuxu barədə dediklərini
anlamaqda çətinlik çəkməklə bərabər, onların yuxu mifologiyasının
həddindən artıq inkişaf etməsini və müasir dünyanın qavraya
bilməyəcəyi bir tərzdə olmasını iddia etməkdədir.
Aborigenlərin fikrincə, yuxu, əlaqə vasitəsidir. Yuxu gerçək
həyatın bir hissəsidir. Ölüm və doğuş yuxunun bir hissəsidir. Həyat
yuxu ilə başlayır və davam edir. Aborigenlər bu fəlsəfə ilə dünyanı
o qədər fani görüblər ki, bir mismarı belə yerə vurmadan yaşayıb
ölüblər.