"Kafirləri qan içində boğacağıq"
Musavat.com
"Assoşayted Press"ə ("The Associated Press") istinadən "Boko Haram"
kütləvi qətliam səhnəsini özündə əks etdirən dəhşətli
video-görüntüləri yayımlayıb. Üzü üstə torpağa uzadılmış insanları
güllələyən ekstremistlər deyiblər ki, bu insanları kafir
olduqlarına görə öldürürük.
Videoda aydın görünür ki, sılahlı adam meyitlərin sıxlığından
çətinliklə irəliləyə bilir. Videoda aldığı güllə yarasından hələ
can verən insanlar da aydın görünür. Qətl edilənlərin əksəriyyəti
yeniyetmələrdir.
"Biz əminik ki, qan bu zalın damına qədər qalxmalıdır. Biz gələcək
hücumlarımızda da kafirlərlə belə davranacağıq, - qrupun lideri
video-görüntüdə deyir. - Bundan sonra qətl, qırğın, dağıdıcılıq və
bomba partlayışları bizim dini vəzifəmizin bir hissəsi olacaq. Biz
işğal etdiyimiz hər yerdə bunları törədəcəyik".
Bu video jurnalistlərin əlinə şənbə günü axşam çatıb.
Agentlik qeyd edir ki, "Boko Haram"ın əsas hədəfləri arasında
məktəblilər və tələbələr xüsusi yer tutur. Terrorçuların
düşüncəsinə görə, Qərbyönlü təhsil günahla doludur.
"Boko Haram" deyib ki, onlar yalnız kafirləri öldürürlər. Mömin
müsəlmanlar isə xilafətdə rahat yaşaya bilərlər.
Videoda diqqətçəkən məqamlardan biri də dustaqlarla bağlıdır.
Terrorçuların lideri Məhəmməd peyğəmbərdən (s) sitat gətirir,
dustaqların həbsdə saxlanılmalı olduğunu deyir, öldürülməsinin
qadağan edildiyini xatırladır: "Ancaq bizim indi dustaqları həbsdə
saxlamağa imkanımız yoxdur. Ona görə də dustaqlar qan içində
boğulacaqlar..."
Terrorçuların lideri bildirib ki, öldürülənlərin bəziləri
özlərini müsəlman adlandırır. Ancaq onlar şəriət qanunlarına görə
kafirdirlər.
Agentlik qeyd edir ki, "Boko Haram" son 5 ildə minlərlə insan
öldürüb. 1.6 milyon insan isə terrorçuların əlindən başqa ölkələrə
pənah aparıb...