1943-ci ilin noyabrında Tehranda "Böyük üçlüyün" görüşü
keçirilir. Bu gün bir çox tarixçilər bu görüşün təfərrüfatını və
sənədlərini izləyərkən, maraqlı bir fikrə gəlirlər: bu görüş zamanı
İrana "atılmış" alman agentlərinin əsas vəzifələri SSRİ, ABŞ və
Böyük Britaniya liderlərini öldürmək deyil, oğurlamaq
olub.
Analitik.az bu haqda olan araşdırmanı təqim edir:
"Tehrana üzən iri balıq"...
1943-ci il 28 noyabr - 1 dekabr tarixində İranın paytaxtında
"Böyük üçlüyün" "sammit"i keçirilir: SSRİ, Böyük Britaniya və
ABŞ-ın rəhbərləri Avropanın müharibədən sonrakı quruluşunu müzakirə
edirlər. Noyabrın 28-də başlayan Tehran konfransının əsas məsələsi
isə, iki il əvvəlki kimi yenə də Avropada "ikinci cəbhənin"
açılması barədə idi.
Konfransa böyük məxfiliklə hazırlaşsalar da, almanlar oktyabrın
ortalarında artıq onun haqqında xəbər tutmuşdular. "Tehrana üzən
İri balıq" haqqında məlumatı albaniyalı Elias Bazna - Britaniyanın
Türkiyədəki səfirliyində xidmətçi işləyən nasist agenti Siseron
çatdırmışdı. İmperiya təhlükəsizlik İdarəsinin rəisi Ernst
Kaltenbrunner Stalin, Ruzvelt və Çörçilin məhv edilməsi planının
qaralamasını təcili Hitlerə təqdim edib və tam razılıq alıb.
"Uzun sıçrayış" şərti adı altında əməliyyatı xüsusi
təyinatlıların başçısı SS Otto Skortsenə tapşırırlar. Nasistlərin
əməliyyatı baş tutmadı, lakin antihitler koalisiyasının
rəhbərlərinin necə xilas olmaları barədə ətraflı məlumat indiyə
qədər məxfi saxlanılır.
Qəbirlərin altından yol hara aparırdı?
Tehranda keçmiş sovet (indiki Rusiya) səfirliyini şəhərin
ortasında şəhər adlandırmaq olar. 11 hektarlıq meşə zolağında park,
mehmanxana, yaşayış otaqları, diplomatik nümayəndəliyin kompleksi
yerləşir. Məhz orada Stalin, Ruzvelt və Çörçill Almaniyanın
bölünməsini müzakirə ediblər. Tehranda Almaniya agenturasının
təklif etdiyi ilk plan - erməni qəbiristanlığı tərəfdən SSRİ
səfirliyinə daxil olmaq idi. Bunun üçün qəbirlərin içindən lağım
atıb, sonra bu tunellə diversantların hərəkətini təmin etmək lazım
idi. Qəbiristanlıqda almanların öz agenti şturmbanfürer Frans Mayer
çalışırdı. SS zabiti qoca, rəngli saqqallı erməni cildində
qrimlənərək, xüsusi olaraq özünü qəbirqazan kimi təqdim edirdi.
Amma tezliklə Mayeri sovet kəşfiyyatı ələ keçirir və Berlində lağım
ideyasından imtina edirlər.
"Tehran konfransı haqqında tam dosye yalnız yüz ildən sonra
məxfilikdən çıxarılacaq", deyə İran tarixçisi, tərcüməçi Əhməd
Sarəmi iddia edir: "Halbuki indi də İran arxivlərinin məxfilikdən
azad edilmiş sənədlərindən belə nəticə çıxarmaq olar: Almanların
birinci dərəcəli vəzifəsi "Böyük üçlük" rəhbərlərini öldürmək yox,
oğurlamaq olub. Kaltenbrunnerin fikrincə, Stalin, Ruzvelt və
Çörçilin aradan götürülməsi müharibəni dayandırmayacaqdı. Lakin
liderlərin Almaniyanın əsiri kimi nümayişi, antihitler koalisiyası
ölkələrinin əhalisi arasında şok yaradacaqdı ki, bu da cəbhədə bir
qarışıqlığa, xaosa səbəb ola bilərdi. Elə bu məqsədlə də SS
diversantları Tehrana atılmışdılar".
İran qəzeti "Xəbər" yazır ki, "Stalini Türkiyədən keçirməklə,
Berlinə aparıb, orada dəmir barmaqlıqlar arasında nümayiş etdirmək
istəyrdilər". Reyx rəhbərlərinin Ruzvelt ilə bağlı mövqeləri isə
fərqli idi: Bəziləri hesab edirdilər ki, ABŞ prezidentini təslim
haqqında əmr verməyə məcbur etmək lazımdır, digərləri isə onun
xüsusi qəddarlıqla edamını təklif edirdilər. Çörçillə bağlı fikir
ayrılığı olmayıb - onu sadəcə yerində güllələmək
planlaşdırılmışdı.
Otto Skortsen və Siseron...
1964-ci ildə Madriddə yaşayan Almaniya məxfi xidmətinin sabiq
rəisi SS Otto Skortsen isə Parisin "Ekspress" qəzetinin müxbiri ilə
söhbətində xüsusilə aşağıdakıları bəyan etmişdi: "Mənim haqqımda
danışılan əhvalatlardan ən maralısı tarixçilər tərəfindən yazılıb.
Onlar deyirlər ki, mən öz komandam ilə Yalta konfransı zamanı
Ruzvelti oğurlamalı idim. Bu, boş söhbətdi. Hitler heç vaxt mənə bu
əmri verməyib. İndi mən sizə bu tarix barədə həqiqəti deyəcəyəm.
Əslində Hitler Ruzvelti oğurlamağı Tehranda keçirilən konfrans
zamanı mənə əmr etmişdi. Amma müxtəlif səbəblər üzündən bu məsələni
kifayət qədər uğurla işləmək mümkün olmadı."
Dəvə karvanında İrana gələn agentlər...
SSRİ hakimiyyət təhdidlərinə qarşı olduqca ciddi yanaşdı. 3000
XDİK əməkdaşı Tehrana gətirildi! Onlar " Böyük üçlük " liderlərinin
olacaqları yerləri qoruyurdular. Sonralar britaniyalı və amerikalı
tarixçilər təəccüblənəcəklər: Niyə 6 min alman casuslarının İranda
olmasına baxmayaraq, sui-qəsd cəhdi baş tutmayıb? Birincisi, alman
kəşfiyyat şəbəkəsi 43-cü ilin noyabrın əvvəlində tam darmadağın
edilmişdi. Bu əməliyyat zamanı sovet xüsusi xidmət orqanları
tərəfindən abverin 400 agenti həbs edilib. İkincisi, noyabrın
22-27-də SSRİ-nin kəşfiyyatı Qum və Qəzvin şəhərlərində Rudolf fon
Holten - Pfluqun başçılığı altında on dörd qrup paraşütçüləri
saxlayıblar. Bu almanlar Tehrana ticarət adı altında dəvə
karvanında gəlibmiş. Digəri, Üçüncü Reyxdəki anarxiya "Uzun
sıçrayış "ın baş tutmamasında mühüm rol oynadı. Bir-biri ilə
rəqiblik edən reyx rəhbərliyinin həddən artıq çoxlu təklifləri
olub.
Məsələn, Skortsen özü oğurluq məsələsini müzakirədən çıxarmaq
istəyirdi və təklif edirdi ki, "Böyük üçlüyü" SSRİ səfirliyi
qarşısında içərisi partlayıcı ilə dolu olan pilot-kamikadzeli
təyyarə ilə partladaraq öldürsünlər. Bir çox müzakirə edilmiş
planlar rədd edildi, yeniləndi - sonda isə alman agenturasının
həbsi hər şeyə nöqtə qoydu. "Nasist agentlərinin İstintaq
məlumatına inansaq, onlar noyabrın 29-də Tehranda kütləvi
iğtişaşlar törətmək istəyirmişlər və bu iğtişaşlar fonunda "Böyük
üçlüyün" maşın karvanını oğurlamalı idilər, tarix üzrə professor
iranlı İsmayıl Musəvi xarici mətbuata bu barədə danışıb: "İsfahanda
SS zabiti Şyuneman qaşqay tayfalarının başçıları ilə danışıqlar
aparıb: Onların dəstələri İran paytaxtına gələrək, hökumət
binalarına hücum edib xaos yaratmalı idilər. Bu planlar mənasız
səbəbdən pozuldu - Berlindən vəd edilən dollarlar gəlib çıxmayıb,
qaşqay başçıları isə ilkin ödəniş olmadan hücum etməkdən imtina
edirlər."
30 noyabr 1943-cü ildə britaniyalılar Holten Pfluqun qrupunu həbs
edirlər, dekabrın 2-də isə "Böyük üçlüyün" oğurluğu üçün Tehrana
göndərilənlərin sonuncu dəstəsi - altı paraşütçü saxlanılıb. İranda
SS planlarının pozulmasında SSRİ kəşfiyyatı, xüsusilə onun
rezidenti 19 yaşlı Gevork Vartanyan böyük rol oynamışdı. Onun
sayəsində yüzlərlə düşmən agentləri zərərsizləşdirilib. Lakin
almanlar bu əməliyyatın belə məğlub olacağını gözləmirdilər.
Almaniya casus şəbəkəsi bütün İrana səpələnmişdi, nasistlər öz
agentlərini 50 nazirlik və ordu diviziyalarına cəlb etmişdilər.
Bütün səylərə baxmayaraq, "Uzun sıçrayış" məğlub oldu. Bu iki
xüsusi xidmət orqanlarının qarşıdurması haqqında ən düzgün məlumatı
isə biz ən yaxşı halda 2043-ci ildə, Rusiya, Amerika və Britaniya
arxivlərində "Тehran - 43" lə bağlı bütün sənədlər məxfilikdən
çıxardıqdan sonra ala biləcəyik. Əlbəttə, əgər onları həqiqətən
"tam məxfi" qrifindən azad edəcəklərsə...
Bəs 1943-ci ilin noyabrında Tehrandakı hadisələrə cəlb olunanların
sonrakı taleyi necə oldu? SS şturmbanfürer Frans Mayer ("erməni
qəbirqazan") ingilislərə təhvil verilib və Hindistana aparılaq
orada izsiz yoxa çıxıb. "Böyük üçlüyün" görüşü barədə məlumatı
nasistlərə çatdırmış agent Siseron isə saxta britaniya sterlinqi
ilə qonorar alıb və həyatının sonunadək, yəni 1971-ci ilədək
Almaniya hökuməti ilə bununla bağlı uğursuz məhkəmə çəkişmələrində
olub.
"Uzun sıçrayış" ın planını işləmiş Ernst Kaltenbrunner 1946-ci
ildə Nürnberqdə asılıb. Sovet kəşfiyyatçısı Gevork Vartanyan isə
İrandan sonra 43 il NATO-ya qarşı fəaliyyət üzrə ixtisaslaşaraq,
Fransa, Almaniya və ABŞ-da işləmiş, bir dəfə də olsun ifşa və yaxud
həbs edilməyib, polkovnik rütbəsinə qədər yüksəlib. O, bu
yaxınlarda, 2012-ci ildə Moskvada vəfat edib.
Tehranda liderlərin görüşünün başlıca yekunu antihitler
koalisiyasının möhkəmliyini və faşizmə nə olursa-olsun qalib gəlmək
niyyətini dünyaya sübut etmək olub. Tam qələbə hələ çox uzaqda idi.
Amma Tehran görüşündən sonra Hitlerin və onun həmkarlarının sonunun
yaxınlaşdığına heç kəs şübhə etmirdi...