"Bu, çox ağır bir dönəmdir. Sevdiyim insan, həyat yoldaşım,
övladımın atası həbsdədi. Biz ondan ilk dəfə bu cür bir səbəb üçün
ayrılırıq. Mən onun günahsızlığına inanıram, içim rahatdı. Amma bu
olanların övladıma təsir etməsini
istəmirəm".
Әbru Gündəşin
müsahibəsini təqdim edirik:
- Əvvəlcə keçmiş olsun diləklərimizi qəbul edin. "O Səs
Türkiyə"də verdiyiniz açıqlama insanları çox
kövrəltdi.
- Mən kimlərinsə duyğularını qabartmaq üçün danışmırdım. Sadəcə,
neçə gündü içimdə yığılıb qalmış acımı dilə gətirdim. Bunun üçün
Acun bəy ("O Səs Türkiyə" yarışmasının müəllifi Acun Ilıcalı –
red.) mənə şərait yaratdı, ona da bu qədər böyük ürək sahibi olduğu
üçün təşəkkür edirəm. Əslində indiyədək dost dediyim, bağrıma
basdığım çoxlarından daha insan çıxdı. Dar günümdə yanımda oldu.
Mənim doğrudan da acı çəkdiyimi anladı.
- Çoxları deyərkən kimləri nəzərdə tutursunuz?
Dostlarınız yanınızda deyilmi?
- Yanımda olan, məni dəstəkləyən, telefon açıb mənəvi dəstək
olan insanlar, etibarlı dostlarım var. Amma bu 9 gün ərzində bir
çoxlarının da simasını gördüm. Həyatın reallıqları ilə üz-üzə
qaldım. Dar günümdə sevinən insanlar var, onlara baxıram, "yazıqlar
olsun" deyirəm. On gün öncəyə qədər mənimlə göz-gözə gəlməkdən
şərəf duyanlar bu gün Rza və mənimlə bağlı uydurma şeylər
danışırlar. Onlar özlərinin çəkilərinin nə qədər olduqlarını
göstərdilər.
- Amma nədənsə ad çəkmirsiniz... Kimdi bu
insanlar?
- Bilirsiniz, mən gözləyirəm. İnsanın həyatı enişli-yoxuşludur.
Hər qaranlıqdan sonra bir aydınlıq var. O aydınlığı gözləyirəm.
İndi qoy onlar danışsın, mən baxım. Sonra mən danışacam, onlar
rəzil olacaq.
- Çox solğun görsənirsiniz. Hətta bir neçə dəfə
halınızın pisləşdiyi və xəstəxanaya düşdüyünüz xəbəri
yayıldı.
- Bu, çox ağır bir dönəmdir. Sevdiyim insan, həyat yoldaşım,
övladımın atası həbsdədi. Biz ondan ilk dəfə bu cür bir səbəb üçün
ayrılırıq. Mən onun günahsızlığına inanıram, içim rahatdı. Amma bu
olanların övladıma təsir etməsini istəmirəm.
- Bu həbsdən sonra həyat yoldaşınızın sizə aldığı
hədiyyələrin də müsadirə olunacağı bildirilir.
- Çox şey deyilir. Hər kəs bir şey söyləməyə, durumdan
faydalanıb məni üzməyə çalışır. Heç bilməzdim ki, bu qədər
sevməyənimiz var. Çünki olaydan öncə hər kəs dost idi, bizə sevgi
ilə yanaşırdı. Nə Rza, nə də mən heç bir şeyi gizlətməmişik. Əgər
çəkinəcək bir şey olsaydı, heç vaxt media qarşısında o hədiyyələr
haqda açıqlama verməzdik. Rza iş adamıdır, zəhməti ilə bu yerə
gəlib. İndi bütün iş adamlarını arasınlar, kimdə sərvət yoxdu? Bu
məsələlərə çox girmək istəmirəm, gec-tez həqiqət ortaya çıxacaq.
Hazırda istintaq getdiyi üçün bəzi şeyləri deyə bilmirəm.
- İndiyədək siz Azərbaycan gəlini kimi tanınırdınız.
Amma indi Rza bəyin azərbaycanlı olmadığı da iddia
olunur.
- Maraqlıdır, indiyədək niyə deyilmirdi? Hər kəs sevə-sevə qəbul
edirdi. Nə oldu? Həbs olundu deyə, indi o, azəri olmamalıdır?
Məgər, Rza dünənə qədər azərbaycanlı deyildi? Bu cür açıqlamalar
utancvericidir. Kaş bunu indiyədək söyləsəydilər. Hamı bilir ki,
Rza Bakıda doğulub və İran əsilli azəridir. Bundan artıq şey
söyləmirəm, azəriləri sevirəm. Rza özü zamanı gəlincə nə lazımdısa,
söyləyəcək.
- Rza bəyin Bakı ilə əlaqələri hansı formada idi? Orada
dostları vardımı?
- Rzanın Bakıda və bir çox ölkədə yaxın dostları var. Hər zaman
onlarla əlaqə saxlayır, işlə bağlı danışıqlar aparırdı.
- Həyat yoldaşınızın Türkiyədə daha bir iş adamı Mübariz
Mənsimovla yaxın olduğu bildirilirdi. Amma Mənsimov bu xəbərləri
təkzib edib.
- Mən Rzanın iş adamları ilə münasibətlərinin olduğunu bilirdim.
Amma onları tanımırdım. Bu, mümkün də deyildi. Biz ikimiz də məşğul
insanlar idik. Rza mənə kimlə nə iş gördüyünü demirdi. Heç mən də
maraqlanmırdım. O, bir iş adamıdır. Rzanın işlərinə qarışmamağa
çalışmışam. O ki qaldı birilərinin onu təkzib etməsinə, buna
təəccüblənmədim. İndi hamı Rza ilə münasibəti təkzib edir.
- Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva
isə Rza bəyin onun dostlarını aldatdığını deyib.
- O zaman mən soruşuram ki, niyə indiyədək bu barədə polisə,
prokurorluğa məlumat verməyiblər? Bu, indimi yadlarına düşdü? Allah
xatirinə, mənə bu insanların nə dediklərini söyləməyin.
- Rza bəyin xəstə olması xəbəri də həbsindən sonra
çıxdı.
- Həbsindən əvvəl də onun xəstəliyi vardı, müalicə alırdı. Rza
çox xəstədi. İnsanın səhhəti ilə bağlı məsələ şouya çevrilməz.
Həkimin qoyduğu diaqnoz var. İndi də tez-tez həkim nəzarətindən
keçirilir.
- Ən son nə zaman görüşmüsünüz?
- Bir gün əvvəl Metris cəza evində görüşmüşük. Rza özünü çox pis
hiss edirdi. Dünən səhər isə ailəsi, vəkili görüşdü.
- Bundan sonra nə etməyi planlaşdırırsınız?
- Ədalətin yerini tapmasını gözləyəcəm. Mən çox sınaqlardan
keçmişəm, bu da onlardan biridir. Bu sınağı da keçəcəm. Mən hər
zaman sevərək evləndiyim insanın yanında olacam.
- Bu hadisə yaradıcılığınıza da təsir edib?
- Təbii ki. Mənim üzüntümü kimsə anlaya bilməz. Çox çətin bir
dönəmdən keçirik. Amma işimi görməliyəm. Mən sənətçiyəm. Rzadan
əvvəl də mahnı oxuyurdum, evləndikdən sonra da. Kimsə Ebrunu
yıxılmış görməyəcək. Biz Rza ilə yenə bərabər xoş günlər
keçirəcəyik. O zaman bu gün danışanlar susacaq, mən danışacam və
danışdıqlarım daha tutarlı olacaq. ("Axşam.az")