Azərbaycanın Fransadakı səfirliyi Parisdə erməni
diasporunun Dağlıq Qarabağa dair təşkil etdiyi tədbirdə baş vermiş
qalmaqala aydınlıq gətirib.
Səfirliyin mətbuat
katibliyindən APA-ya bildirilib ki, Azərbaycan-Fransa münasibətləri
inkişaf edir, iki ölkə arasında təhsil, elm, mədəniyyət,
iqtisadiyyat, kənd təsərrüfatı, energetika sahəsində bir çox saziş
və müqavilə imzalanıb: "Azərbaycan Fransa ilə siyasi sahədə də
əməkdaşlığa böyük önəm verir. Aparılan məqsədyönlü işlər
nəticəsində ölkəmizə dost olan və bizi dəstəkləyən siyasətçilər,
elm xadimləri, jurnalistlər və adi vətəndaşların sayı get-gedə
artır. Mətbuat nümayəndələri ilə təşkil olunan görüşlər nəticəsində
fransız mətbuat orqanlarında Azərbaycanın mövqeyi daha çox
eşidilir. Bu da 600 000 erməni icmasını ciddi narahat edir. Ənənəvi
olaraq, güclü siyasi təsirə malik olan erməni icması ölkəmizlə
aparılan siyasi və mətbuat müharibəsində mövqelərini itirir.
Əvvəllər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
məsələlərdə fransız siyasətçilər və mətbuat orqanları sırf erməni
mövqelərini əks etdirirdisə, indi vəziyyət dəyişilməyə doğru gedir,
erməni mövqeyi ilə yanaşı, bizim mövqeyə də xüsusi diqqət
yetirilir. Qeyd etmək lazımdır ki, Fransa Azərbaycanın ərazi
bütövlüyünü tanıyır və bunu dəfələrlə qeyd edib".
Qurumdan bildirilib ki, bir
neçə il əvvəl bir neçə fransız turizm şirkəti Azərbaycanın işğal
olunmuş ərazilərinə turlar təşkil edirdisə, səfirliyin
müdaxiləsindən sonra həmin şirkətlərin sayı sıfıra enib:
"İlin əvvəlindən Azərbaycan tərəfi Paris şəhərinin 5-ci
meriyasında 3 tədbir təşkil etmişdi. Tədbirlərin uğurla keçməsi
diqqətsiz qalmır. Erməni icmasının nümayəndəsi, Parisin 5-ci
rayonunun mer müavini Flora Kalustyan Dağlıq Qarabağa dair elmi
konfrans keçirmək qərarına gəlib. Özünü tarixçi sayan riyaziyyat
müəllimi Klod Mutafyan tərəfindən aparılan konfrans mayın 19-da
təşkil olunmuşdu. Biz səfirlik olaraq, təbii ki, tədbirə dəvət
olunmuruq, lakin dostlar ora dəvətnamənin alınmasında bizə yardımçı
oldular. Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları,
Fransanın Azərbaycan Dostları Cəmiyyəti, Azərbaycan Evi və digər
fəal həmvətənlərimiz tədbirə qatıldılar. Ermənilər həmişəki kimi,
heç bir ciddi mənbəyə əsaslanmayan, fotoşop hesabına düzəldilmiş
"erməni xəritələri" ilə Dağlıq Qarabağın tarixi erməni ərazisi
olduğunu sübut etməyə çalışıblar. Ancaq biz belə cəfəngiyyatları
cavabsız qoymuruq. Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşı
faktlarla çıxış edərək bu iddiaların yalan olduğunu sübuta yetirib.
Ermənilər əks arqument gətirmək əvəzinə, diplomatları fitə basıb,
qışqır-bağır hesabına Azərbaycan tərəfini susdurmağa çalışaraq,
zalı nümayişkəranə şəkildə tərk etməyə başlayıblar. Bildirmək
istəyirik ki, səfirlik ölkəmiz və münaqişə haqqında Fransa
ictimaiyyətinə həqiqətlərin çatdırılması məqsədilə apardığı
məqsədyönlü işdən əlavə, Fransada çoxsaylı erməni icmasının,
təşkilat və qurumların fəaliyyətini daim yaxından izləyir. Hər
hansı təxribat və yaxud, ölkəmizi mənfi imicdə göstərmək cəhdləri
olduğu təqdirdə, dərhal tədbir görür".