Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyunun 27-də Avropa Olimpiya Komitələrinin prezidenti Patrik
Hikkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.
Nümayəndə heyətinin tərkibinə Avropa Olimpiya Komitələrinin
vitse-prezidenti Janez Kosijancic, Avropa Olimpiya Komitələrinin
baş katibi Raffaele Pagnozzi, Avropa Olimpiya Komitələrinin
koordinasiya komissiyasının sədri Spiros Kapralos daxildir.
Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki birinci
Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə
dövlətimizin başçısına təşəkkürlərini çatdırdı. O dedi: "Dünən
Sizin paralimpiyaçı cüdoçu İlham Zəkiyevə qızıl medalı təqdim
etməyiniz və onunla birlikdə fəxri kürsüdə durmağınız möhtəşəm və
həyəcanlı anlar idi. Bu görüntülər bütün dünyada çox böyük maraqla
izlənildi".
Xoş sözlərə görə Avropa Olimpiya Komitələrinin prezidenti Patrik
Hikkiyə dərin minnətdarlığını bildirən dövlətimizin başçısı
həqiqətən də İlham Zəkiyevə qızıl medalın təqdim edilməsi
mərasiminin bütün Azərbaycan xalqı və eləcə də idmançılar üçün çox
təsirli məqam olduğunu vurğuladı. İlham Zəkiyevin cəsurluq, ləyaqət
simvolu olduğunu qeyd edən dövlətimizin başçısı ona medalın məhz
Azərbaycanın Silahlı Qüvvələr Günündə təqdim edilməsinin çox rəmzi
və əlamətdar xarakter daşığını bildirdi. "O, məni fəxri kürsüyə
dəvət etdi və mən böyük məmnunluqla bunu etdim", - deyən Prezident
İlham Əliyev həmin anların unudulmaz olduğunu bildirdi.
Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki İlham
Zəkiyevin yüksək texnika göstərərək çox inamlı qələbə qazandığını
vurğuladı.
Prezident İlham Əliyev nümayəndə heyətinin üzvlərinə
Azərbaycanda idmanın inkişafına, birinci Avropa Oyunlarının
təşkilində göstərdiyi xidmətlərə görə və şəxsən Avropa Olimpiya
Komitələrinin prezidenti Patrik Hikkiyə bu işlərdə böyük əməyinə
görə səmimi qəlbdən minnətdarlığını bildirdi. Avropa Oyunlarının
Azərbaycanda keçirilməsini Avropa Olimpiya ailəsinin və şəxsən
Patrik Hikkinin Azərbaycana olan inamının ifadəsi kimi
dəyərləndirən Prezident İlham Əliyev ölkəmizin bu etimadı layiqli
şəkildə doğrultmaq üçün səylərini əsirgəmədiyini qeyd etdi.
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin
koordinasiya komissiyasının sədri Spiros Kapralosun və Avropa
Olimpiya Komitələri İcraiyyə Komitəsinin bütün üzvlərinin möhtəşəm,
unudulmaz ilk Avropa Oyunlarının keçirilməsi işindəki xidmətlərini
yüksək qiymətləndirdi.
Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Janez Kosijancic
dedi: "Çox sağ olun, cənab Prezident. Avropa Oyunlarının
təşkilindəki xidmətlərinizə görə çox minnətdarıq. Xalqınızın
əməyini, xüsusilə də gənclərin fəaliyyətini yüksək
qiymətləndiririk. Biz hamımız bilirik ki, Azərbaycan odlar ölkəsi,
Bakı küləklər şəhəridir. Lakin mən buraya "gülərüzlü insanlar
ölkəsi" ifadəsini də əlavə etmək istərdim. Bütün həyatım boyu bu
qədər gülərüzlü gənc insan görməmişdim. Onların dostcasına
münasibətinin və ruh yüksəkliyinin şahidi olduq. Dünən İlham
Zəkiyevə medal təqdimetmə mərasimində onun Azərbaycanın dövlət
himninin sözlərini oxuması bizi çox təsirləndirdi. O, əsl
vətənpərvərdir. Biz insanlarınızın və şəxsən Sizin birinci Avropa
Oyunlarının təşkili işinə verdiyiniz dəstəkdən şərəf hissi
duyuruq".
Dövlətimizin başçısı həqiqətən də bu Oyunların təşkili və
keçirilməsində xalqımızın əməyinin, xüsusilə də gənc könüllülərin
peşəkarlığının və yüksək əhval-ruhiyyəsinin onda da böyük təəssürat
yaratdığını dedi. Prezident İlham Əliyev bir daha Avropa Olimpiya
Komitələrinin prezidenti Patrik Hikkiyə və nümayəndə heyətinin
üzvlərinə xoş sözlərə görə minnətdarlığını bildirdi.