Tanınmış rus rejissoru, seçdiyi mövzular, maraqlı baxış
bucağı ilə məşhurlaşmış Vitali Manski "Günəşin şüaları altında"
adlı növbəti sənədli filmi ilə festivalları fəth eləməyə başlayıb.
"Günəşin şüaları altında", Şimali Koreya Xalq Respublikasının
paytaxtı Pxenyanda çəkilib və səkkiz yaşlı Zin Minin həyatından
bəhs eləyir. KXDR-in Mədəniyyət Nazirliyi Rusiya Xarici İşlər
Nazirliyinə nota göndərərək filmin nümayişinə qadağa qoyulmasını
tələb eləyib.
Rejissor, "Ze Nyus Tayms" jurnalına müsahibəsində bu suala cavab
verir.
- Şimali Koreya haqqında film çəkməyi sizə təklif
etmişdilər, yoxsa öz qərarınız idi?
- Təbii ki, öz qərarım idi. Şimali Koreya məni həmişə
maraqlandırıb, çünki "İnsanı necə əzmək olar? Ondakı əsas
prinsipləri necə məhv eləmək olar? Niyə insan tabe olmağa hazırdı?"
kimi suallar məni hər zaman narahat edib. Təbii ki, bu film təkcə
Şimali Koreya haqqında və yalnız ona aid deyil. Mən "Koreya bu gün"
jurnalını oxuyurdum, acgözlüklə orda olan insanları sorğu-sual
eləyirdim, daima ordan danışan videolara (az-çox nə varsa)
baxırdım. Bir dəfə şimali koreyalı məmurlarla tanış olmaq imkanı
yarandı. Hər şey belə başladı.
- Çuçxe ölkəsinə ilk dəfə nə vaxt getdiniz?
(çuçxe - Şimali Koreya Milli Kommunist Partiyasının dövlət
ideologiyasıdır, Kim İr Sen tərəfindən "marksizm"ə qarşı
hazırlanıb)
- İlk tanışlıq səfərim 2013-cü ildə baş tutdu: mənə oranın necə
gözəl ölkə olduğunu göstərdilər, axırda da qəhrəmanımı seçdim: məni
nümunəvi bir məktəbə apardılar, direktorun kabinetinə beş balaca
qız gətirdilər və dedilər: "Sizin beş dəqiqəniz var. Qızlarla tanış
ola və xoşunuza gələni seçə bilərsiz". Sənədli filmin ssenarisi
Uşaq İttifaqına, pionerə daxil olan qızdan bəhs eləyir. Ona çox
vacib bir iş tapşırırlar – dünyanın ən böyük bayramında iştirak
etmək. Qız, yoldaşları ilə birlikdə həmin bayrama uzun müddət
hazırlaşır və sonda dünyanın ən nəhəng canlı rəsmini yaradan
minlərlə insandan birinə çevrilir. Absolyut xoşbəxtliyi təsvir edən
rəsm həmin vaxt artıq hazır idi, baxmayaraq ki, qəhrəmanımı hələ
tapmamışdım. Mən Zin Mini seçdim. Çünki o, atasının jurnalist
işlədiyini dedi. Mən də düşündüm ki, onun işi sayəsində haralarısa
görə bilərəm. Anası haqqında isə dedi ki, zavod yeməkxanasında
işləyir. Fikirləşdim ki, əladı, yeməkxana, insanlar yemək yeyirlər,
bu da bir fakturadı. Zin Mi vağzal yaxınlığında, birotaqlı mənzildə
anası, atası, nənəsi və babası ilə yaşayırdı.
- Amma filmdə hər şey başqa cürdü: ata jurnalist deyil,
yeməkxana da yoxdu, baba ilə nənə də...
- Təbii ki. Biz çəkiliş üçün gələndə ata möcüzəli şəkildə
nümunəvi tikiş fabrikində mühəndisə çevrilmişdi, ana isə soya südü
hazırlayan nümunəvi fabrikin əməkdaşına. Sonra da məlum oldu ki,
onlar şəhərin düz mərkəzində yerləşən, pəncərəsindən fantastik
mənzərə açılan möhtəşəm bir evdə yaşayırlar. Düzdü, evin parketini
əvəz eləyən linoleum qayçı ilə kəsilib beton döşəmənin üzərinə
sərilmişdi. Hətta plintusla döşəməyə bərkitməmişdilər belə. Mebel
təzəcə gətirilmişdi, rəsmlər divara təzəcə asılmışdı. Mən şkafa
baxmağa fürsət tapdım: o, boş idi, vannadan heç vaxt istifadə
olunmamışdı, orda heç su da gəlmirdi. İşıq çəkilişlər zamanı
yanırdı. Ümumiyyətlə, məndə belə bir hiss yarandı ki, binada heç
kim yaşamır, lifti də filmin xatirinə işə salıblar. Amma bu binada,
heç olmasa, üç blok açıq idi. Üzbəüz binanın isə- müşayiətçilərimin
gözündən yayınmağa imkan tapanda oranı gəzdim- yerli-dibli girişi
yox idi. Bununla belə axşamlar binanın pəncərələrində işıqlar
yanırdı. Ancaq diqqətlə baxanda hamısında lampaların eyni olduğunu
gördüm. Güman ki, hansısa sistem qurulmuşdu- axşamlar ümumi
mənbədən işıq verilir və binada həyat olduğu təəssüratı
yaradılırdı. Hərçənd orda heç kim yaşamırdı və bir dənə də girişi
yox idi. Orda hər şey saxtaydı.
- Necə yəni? Sadəcə qutu idi?
- Hə.
- Bəs Zin Minin valideynləri? Onlar
realdılar?
- Realdılar. Ailə albomlarına görmüşəm. Amma albomdakı şəkillər
hansısa saxta bir fonda çəkilmişdi. Ya mebel salonunun fonunda
çəkilmişdi, ya da jurnallardakı şəkillərə montaj edilmişdi. Mən
həmin fotoları qəsdən filmin əvvəlində göstərirəm. Orda bir müddət
yaşayandan sonra anladım ki, Pxenyan- başdan-ayağa Stalin, Brejnev
dövrünün Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisidi, şəhərin bütün
sakinləri isə eskponatdılar. Məsələn, hər yerdə yaşıl otlar var.
Səhər saat altıda, ya da axşamlar işdən sonra üçqat əyilmiş adamlar
orda pinsetlə alaqları qopardırlar. Yeri gəlmişkən, qəhrəmanımızın
atasının, guya mühəndis işlədiyi nümunəvi tikiş fabrikində çəkiliş
aparanda mən ayaqyoluna getmək istədim, ancaq qapını səhv saldım.
Açdım və içəridə 150-ə yaxın çılpaq qadının duş aldığını gördüm.
Gizlincə pəncərədən baxanda başa düşdüm ki, fabrikin ərazisində
baraklar qurulub və fəhlələrin işə gəldiyi səhnə tamamilə saxtadı.
Çünki onlar elə fabrikdə yaşayırlar.
- Belə saxtakarlıq eləməyin nə mənası var? Pxenyana
əcnəbilər, demək olar ki, buraxılmır. Buraxılanda da, öz
dediklərinə görə, əvvəlcədən müəyyənləşdirilmiş marşrut üzrə
hərəkət eləyirlər.
- Bilmirəm. Oktyabrın axırından aprelin əvvəlinə qədər ölkə,
ümumiyyətlə, əcnəbilər üçün bağlanır: evlər ya kömürlə, ya da
odunla qızdırılır. Pəncərələrdən çıxan boruların görüntüsü, çətin
ki, cəlbedici olsun. Hazırda Şimali Koreyanın dünyada iki əsas
partnyoru var: Çin və bu yaxınlarda yenidən Rusiya oldu. Rusiya
Şimali Koreyaya ildə 500-ə yaxın viza alır. Mənim üç səfərim olub.
Qrupda dörd nəfər vardı, bu, on iki viza eləyir. Hər il DİN, ya da
Aleksandrov xoru gedir - bu da yüz viza. İndi hesablayın, görün,
Rusiyadan oraya neçə adam gedir. Yəqin, Çindən gedən daha çoxdu.
Bir də çox-çox məhdud sayda başqa əcnəbilər olur.
- Onda bu filmin çəkilməyinə niyə razılıq vermişdilər?
Xüsusilə də rus rejissoruna. Özü də üsyankar kimi ad çıxarmış bir
rejissora...
- Ölkədə internet yoxdu, hardan biləydilər? Yəqin elə biliblər,
bir halda ki, Rusiya onların dostudu, onda Rusiyada da qaydalar
Şimali Koreyadakı kimidi, insanlar da ordakı kimi yaşayırlar.
Üstəlik Rusiya Mədəniyyət Nazirliyi filmi rəsmi şəkildə
dəstəkləyib, rejissor Manski də Putin haqqında filmlər çəkib. Bu
məlumat onlara kifayət eləyib.
- Şimali Koreyaya neçə ekspedisiyanız oldu?
- İki. Hərçənd üç olmalıydı, amma girişi qadağan elədilər.
- Niyə? Sizin gizlincə film haqqında film çəkdiyinizi
hiss elədilər?
- Onlar bunu nə başa düşürdülər, nə də görürdülər. Amma mənim,
məsələn, oteldə pərdələrin arxasından çəkməyim xoşlarına gəlmirdi.
Bir dəfə səs-küyə oyandım, pəncərəyə yaxınlaşdım və həddindən artıq
fantastik bir mənzərə gördüm: səhər saat altıda bütün meydan,
səkilər insanlarla doludu. Kimisi sallağı oturub, kimisi arxasını
yerə qoyub, kimisi nəsə çeynəyir, kimisi yatır, kimisi uzanıb-
onları növbəti mitinqin məşqləri üçün gətirmişdilər. Təbii ki,
dərhal kameranı qapdım və pəncərədən çəkməyə başladım. İki-üç
dəqiqədən sonra qapı döyüldü: mənim otağımın sağında və solunda
qalan müşayiətçilərim idi. Dedilər ki, pəncərədən aralanın,
istəyirsiz, sizi bir də bura buraxmayaq? Filmdə qeyri-rəsmi çəkilən
hər şey- avtobusda bir-birini itələyən insanlar, zibil
çəlləklərinin yanındakı uşaqlar, talonla ərzaq alanların növbəsi –
bunların hamısı ya pərdə arxasından, ya da hansısa dəlikdən
çəkilib.
- Bəs bayırda gəzə bilirdiz?
- Yox, pasportlarımızı əlimizdən almışdılar. Onsuz küçəyə çıxmaq
yasaq idi. Ancaq bir-iki dəfə müşayiətçilərimizi aldadıb oteldən
qaçmışdıq.
- Mağazalara girmək imkanınız olmuşdu?
- Bir-iki dəfə univermaqda oldum. Orda gülməli vəziyyətlə
qarşılaşdım. Birinci dəfə o univermağa məni müşayiətçilərim
aparmışdılar. Gəzdim, baxım, hər şey çox ucuz idi. Bu, ilk
səfərimdə olmuşdu. Onda nə baş verdiyini anlamamışdım. Üstəlik
əcnəbilərin Şimali Koreya pulu gəzdirməyə ixtiyarları yoxdu, ona
görə də heç nə almaq mümkün deyildi. Ancaq sonra bir qədər pul
tapdım və bir-iki suvenir almaqdan ötrü müşayiətçilərimlə birlikdə
univermağa getdim. İçəri girdim. Orda bir yığın gülməli dəftərçələr
vardı. Satıcıdan üç dəftərçə istədim. Cavab: "Siz onları ala
bilməzsiz". Sonra anladım: satıcılar, müştərilər, mallar... Ora əsl
mağaza deyildi, sərgi idi. Növbəti dəfə – təbii ki, müşayiətçilərlə
birlikdə - ərzaq mağazasına girdik. İçəridə 15-20 adam vardı,
yuxarıdan-aşağıya qədər bütün rəflərə pomidor şirəsi qutuları
düzülmüşdü. Qiymətini soruşdum. Müşayiətçim ənənəvi şəkildə cavab
verdi: "Sonra deyərik". Mən: "Yox, indi tərcümə eləyin". Satıcı
uzun-uzadı nəsə danışdı. Müşayiətçim mənə: "Qiymət kağızlarını hələ
gətirməyiblər". Mən: "Yaxşı. Bəs keçən həftə pomidor şirəsi neçəyə
idi?" O, satıcının cavabını tərcümə elədi: "Tomat şirəsi
satılmır".
- Bəs çəkiliş qrupunuz harda yemək yeyirdi?
- Səhər yeməyini və naharı oteldə yeyirdik. Axşamlar, adətən, öz
otaqlarımızda. Bir neçə dəfə səfirliyin mağazasından ərzaq almışdıq
- konservləşdirilmiş sosiska-filan. Hərdən bizi valyuta ilə işləyən
restorana aparırdılar: bir nahar-on avro. Baha deyil. Bizim üçün
baha deyil. Bilirsiz, Pxenyanda 800 nəfər işçisi olan sənədli kino
studiyasının baş ssenaristinin maaşı nə qədərdi? Onun maaşı ayda 75
sentə bərabərdi.
- Filminizdə bir səhnə var: bütün ailə- ana, ata və qız-
üstü yeməklə dolu alçaq masanın ətrafına toplaşırlar. Əgər ölkədə
bütün ərzaqlar talonla verilirsə, mağazalar sərgi salonlarıdısa, o
yeməklər hardandı?
- O yeməkləri bizim yanımızda sellofana bükülü halda gətirdilər,
açdılar, masaya düzdülər. Adamlar onlara toxunmağa qorxurdular.
Müşayiətçilər onlara "yeyin, yeyin" deyirdilər. Adamlarsa onlara
baxırdılar: doğrudan, yemək olar?
- Axı, yeganə malı pomidor şirəsi olan mağazaların
anlamı nədi?
- Başa düşmürəm. Şimali Koreyanı görəndən sonra suallarım daha
da çoxaldı. Ora gedəndə müəyyən fərziyyələrim vardı. Hər şeydən
əvvəl fikirləşirdim ki, orda qorxu, təzyiq sistemi hökm sürür və
insanlar öz içlərində hər şeyi dərk eləyirlər. Amma yaxından tanış
olandan sonra gördüm ki, insanlar nəinki dərk eləmirlər, hətta bu
barədə düşünmürlər belə... Bir dəfə bir pələng təlimçisi ilə söhbət
eləyirdim. O mənə başa saldı ki, pələng anadan olanda – sirkdə
çıxış üçün nəzərdə tutulmuş pələng- ilk gündən elə tərbiyə edilir
ki, pələng olduğunu bilmir. Yəni o böyüyür, caynaqları, dişləri,
bığları uzanır, mırıldanır, nərildəyir, hoppanır, ancaq pələng
olduğunu bilmir... Bir nümunə göstərim. Metroda çəkiliş aparırdıq.
Pxenyanda əcnəbi, yanında müşayiətçi olmadan metroya girə bilməz.
Müşayiətçi ilə də yalnız iki stansiya gedə bilər. Yəni cəmi üç
stansiyanı görmək imkanı var. Orda əcnəbilər üçün xüsusi marşrut
var: metroya konkret stansiyada daxil olursan və konkret stansiyada
ordan çıxırsan. Biz iki stansiyaya çəkilişi bitirə bilmədik və
xahiş elədik ki, daha bir neçə stansiya getməyimizə icazə
versinlər. Cavabında "qətiyyən olmaz" eşitdik. Bizə geri qayıdıb
eyni stansiyalarda çəkməyi təklif elədilər. İzah elədim ki, geri
qayıdanda vaqonda artıq başqa adamlar oturacaq. Müşayiətçilər bunun
problem olmadığını dedilər və vaqondakı sərnişinlərə əmr elədilər:
"Qalxın və o biri qatara keçin". Bütün vaqon ayağa qalxdı və əks
istiqamətə qayıdan vaqona keçdi. Səssiz-səmirsiz, müzakirəsiz.
- Onlar gerçək sərnişinlər idilər?
- Mən hardan bilim?
- Siz demək istəyirsiz ki, Şimali Koreyada hər şey
birmənalıdı? Hətta Stalin dövründə SSRİ-də də belə
deyildi.
- Tamamilə. Orda insanlar valideynləri, valideynlərinin
valideynləri hansı şərtlərdə yaşayıblarsa, həmin şərtlərdə
doğulurlar. Onlar başqa bir həyatın mövcudluğundan xəbərsizdilər.
Heç yerə getmirlər, internetləri yoxdu. Mənə elə gəlir ki, onların
içində artıq qorxu da yoxdu. Dəhşət ondadı ki, bu, hansısa başqa
bir mərhələdi, qorxudan sonra gəlir. Bilirsiz, bir ölkəni ifşa və
izah eləyən ən güclü şey onun televiziyasıdı. Təbii ki, Şimali
Koreyada televiziya verilişlərini köçürmək qadağandı, amma biz
özümüzlə xüsusi bir qurğu aparmışdıq: hər ehtimala qarşı sutkada 24
saat televiziya siqnalını sərt diskə yazırdıq. Deməli, orda cəmi
iki kanal var. Reklam verilmir. Reklam fasilələrinin əvəzinə dahi
rəhbərlər haqqında kliplər göstərilir. Kontent- ya rəhbərləri mədh
eləyən verilişlər, ya da çuçxenin oxunması. Hətta bizim bildiyimiz
xəbərlər proqramı da yoxdu.
- Sevgi filmləri də yoxdu?
- Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt
heç kim öpüşməyib.
- Bəs sizin qəhrəmanlar- qızın ata-anası öz
münasibətlərini necəsə göstərmirdilər?
- Yox. Qətiyyən. Onlar vacib dövlət tapşırığını yerinə
yetirirdilər: filmə çəkilirdilər.
- Yaxşı, tutaq ki. Amma ola bilməz ki, insanın ağlına
gəlməsin: niyə filmdə masanın üstünə onların ömürləri boyu nəinki
yemədikləri, hətta üzünü belə görmədikləri yeməklər
düzülüb?
- Onlar bilirlər ki, pis yaşayırlar, çünki Birləşmiş Ştatlar
onlara qarşıdı. Uşaqların pionerə qəbul olunması səhnəsini çəkəndə
müşayiətçilər bizə yeddi-səkkiz yaşlı, hərbi forma geyinmiş
uşaqları göstərdilər və "onların valideynləri müharibədə həlak
olub, onlar müharibə uşaqlarıdı" dedilər. Hansı müharibənin? Şimali
Koreya axırıncı dəfə altmış il əvvəl müharibədə iştirak eləyib!
Amma şimali koreyalılar qəti əmindilər ki, hardasa müharibə gedir,
Şimali Koreya ordusu ordadı, cəbhə xətti var, əsgərlər həlak olur,
dahi rəhbər isə onların övladlarının qayğısına qalır. Onlar
döyüşürlər, həqiqətən döyüşürlər.
- Onların qəzetləri necədi?
- Şimali Koreyada üç qəzet çıxır. Yeri gəlmişkən, onları ölkədən
çıxartmaq və kağız kimi istifadə eləmək qadağandı. Hə, qəzetlərin
hamısı eyni sxem üzrə nəşr olunur. Birinci səhifə- rəhbərin böyük
şəkli və kiçik mətn. İkinci səhifə- rəhbərin dörd şəkli və onlara
uyğun kiçik mətnlər. Üçüncü səhifə- rəhbərin səkkiz şəkli. Bir
qayda olaraq, hansısa ümumi fotolar olur. Dördüncü səhifə – ölkədə
baş verənlər, lap küncdə isə – dünyada baş verənlər. Güclə seçilən
ağ-qara fotolarla verilmiş xırda mətnlər: üsyanlar, fəlakətlər,
təyyarə qəzaları haqqında xəbərlər. O qəzetləri almaqdan ötrü hər
gün köşklərin qabağında növbələr yaranır.
- Demişdiz ki, çəkdiyiniz materialları hər gün təhvil
verməliydiz. Bəs gizli çəkdiyiniz kadrları ordan necə çıxarda
bildiz?
- Operator hər gün qarın ağrısından şikayətlənirdi və 20
dəqiqəlik ayaqyoluna girirdi. Orda, çəkilmiş materialı başqa yaddaş
kartına köçürürdü. Düzünü desəm, yəqin ki, bu mənim ən çətin filmim
oldu. Hərçənd çətinliklə başa gələn filmlərim az deyil. Amma bu,
psixoloji baxımdan çox ağır idi. Sutkalarla nəzarət altında idik,
ya işarələrlə danışırdıq, ya da dəhlizə çıxırdıq, çünki növbəti
çəkilişi müzakirə eləməliydik. Hər gecə nömrənin qapısı qarşısında
barrikada qururduq ki, gecə heç kim içəri girməsin, qapını bayırdan
açmaq mümkün olmasın..
- Pxenyanda neçə gün çəkdiniz?
- 45. Hərçənd müqaviləyə görə 75 gün olmalı idi.
- Sonra nə baş verdi?
- Sonra ölkəyə girişimizə qadağa qoydular. Filmin Tallin
kinofestivalında nümayiş olunacağından xəbər tutana qədər. Artıq
bütün dünyada göstərildiyini bilmirdilər. Tallin festivalı haqqında
eşidəndə geri qayıdıb filmi tamamlamağı təklif elədilər. Amma nə
mənası vardı bunun? Bizim mədəniyyət nazirliyi də koreyalıların
notasından sonra adının titrlərdən silinməyini istədi. Ki, çox
qəribə və axmaq istəkdi. Çünki dünyanın, təxminən, 30-a yaxın böyük
festivalında iştirak üçün göndərdiyimiz sorğular təsdilənib, bir
neçə ölkə artıq filmi tv-də nümayiş üçün alıb, Avropanın bir neçə
ölkəsində isə prokata çıxacaq. Hazırda ortaqlarım filmin ABŞ-da
prokata çıxması haqqında danışıqlar aparırlar.
- Bəs Rusiyada göstəriləcək?
- Məncə, Dmitri Kiselevin proqramı gedən vaxtda göstərilsəydi,
yaxşı olardı. Amma televiziyalar mənə müraciət eləməyiblər. O ki
qaldı kinoprokata, əvvəlcə prokat vəsiqəsi almaq lazımdı. Ümid
eləyirəm, yazda bununla məşğul olacağıq.
- Filmə qayıdaq. Finalda balaca qız qəflətən hönkürüb
ağlayır. Arxadan sizin səsiniz eşidilir. Zin Mi sizə cavab olaraq
rəhbərə sadiqlik andını deklomasiya eləməyə başlayır. Orda nə baş
vermişdi?
- Məncə, qız ona görə ağladı ki, üzərində böyük məsuliyyət hiss
eləyirdi və bunun öhdəsindən gəlmədiyini fikirləşirdi. Onu
seçiblər. Ona görə seçiblər ki, ölkənin qüdrətini, gücünü, ona olan
sədaqəti göstərsin. Qıza elə gəlir ki, ona ünvanlanan suala kifayət
qədər yaxşı cavab verməyib. Buna görə özünü itirir və ağlayır. O
deyir ki: "Mən başa düşmürəm, dahi rəhbərə minnətdarlığımı
bildirmək üçün əlimdən gələn hər şeyi elədim, ya yox?". Düşünəndə
ki, yox, hər şeyi eləməyib, ağlamağa başlayır.
Xeber365.com