Ana səhifə Gündəm |
Dünən Niderlandda fəaliyyət göstərən Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkının Haaqa şəhər Ağır Cəza Məhkəməsində növbəti məhkəməsi keçirilib.
Axar.az xəbər verir ki, bu barədə İlhan Aşkın özü məlumat verib.
“Vəkilimlə birlikdə mənə qarşı Ermənistan səfirliyi və diasporunun ittihamlarına əsaslı faktlarla cavab verdik. Məhkəmənin nə qərar verdiyini yalnız iki həftədən sonra biləcəyik. Hesab edirəm ki, bugünkü müdafiəmiz çox pozitiv oldu və biz haqlı olduğumuzu sübut etməyə çalışdıq. Ermənilərin təzyiqləri davam etsə belə, məhkəmənin ədalətli mövqe sərgiləyəcəyinə ümid edirəm”, - Aşkın bildirib.
İlhan Aşkın məhkəmədə Azərbaycan səfirliyinin nümayəndələri və diaspor üzvlərinin ona heç bir dəstək vermədiyini qeyd edib:
“Erməni diasporunun mənə qarşı aqressiyasının səbəbi odur ki, 2011-ci ildə onların Haaqa şəhərində qondarma “erməni soyqırımı”na abidə qoymaq istəklərinin qarşısını imza toplamaqla almışam. Bunun əvəzində isə 2014-cü ildə Haqqa şəhərində Xocalı soyqırımına abidənin qoyulmasına nail oldum. Ona görə də bugünkü məhkəmə sadəcə bugünün deyil, 10 il ərzində ermənilər tərəfindən davam edən kin və nifrətin nəticəsidir”.
Qeyd edək ki, İlhan Aşkın ötən il Haaqa məhkəməsinin qərarı ilə 1000 avro məbləğində cərimə olunub, üstəlik iki aylıq həbs cəzasına məhkum edilmişdi. İlhan Aşkın bu qərardan apellyasiya şikayəti vermişdi.
Tarix
2024.05.16 / 11:00
|
Müəllif
Axar.az
|