"Türkiyə səhv etdiyini anlayıb".
Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Zərdüşt Əlizadə
deyib.
O, Bəşər Əsədin bu aylar ərzində özünün heç də zəif olmadığını
sübut etdiyini bildirib: "Danışıqlar gedə-gedə döyüşlər davam edir
və vəziyyət çox gərgindir. Bu danışıqlar nəticəsində yalnız bir
neçə ailənin Xüms şəhərindən çıxmasına şərait yaradılıb. Qalan heç
bir şey dəyişməyib. Suriya öz kimyəvi silahını danışıldığı kimi
təhvil verir. Bir azdan Amerika şirkətləri bunun məhvi ilə məşğul
olacaq. Lakin Qərb Bəşər Əsədi devirmək planlarından hələ də əl
çəkməyib. Terrorçulara, radikallara bütün istiqamətdə dəstəyini
davam etdirir. Bütün dünyada nə qədər başıboş radikallar varsa,
yığışıb Suriyaya gedir. Eyni zamanda, Bəşər Əsədə də İran və Rusiya
böyük dəstək verir. Bəşər Əsəd də öz növbəsində məhz bunlara
sığınıb göstərdi ki, hakimiyyəti heç də zəif deyil".
Politoloq Suriya bağlı olan danışıqların nəticəsiz
qalacağının gözlənilən olduğunu deyib:
"Bu konfrans Cenevrə-2 adlanırdı. Bundan əvvəl baş tutan
konfransda – Cenevrə-1-də guya Suriyanın dostları olan bir qrup
buraya toplaşmışdı. Əslində, bunlar Suriyanı dağıdan qüvvələr
idilər. Onlar Bəşər Əsədə qarşı mübarizədə görürdülər ki, heç bir
şey edə bilmirlər. Nəticədə Rusiya bunlara təklif etdi ki, kimyəvi
silahların məhvi ilə bağlı yeni konfrans keçirilsin. Onlar da bunu
dərhal qəbul etdilər. Suriyanı bura gətirdilər, amma Suriya
hökuməti Bəşər Əsədin hakimiyyətdən getməsi ilə razılaşmadı. Bundan
sonra da guya nə isə uğur olub deyə, Xümslə bağlı razılığa
gəldilər. Yenə də hər şey hərb meydanında həll olunur. Qərbin özü
də etiraf edir ki, Bəşər Əsədin diplomatik və siyasi mövqeyi
əvvəlki illərə nisbətən çox güclənib. Axı nə razılıq ola bilərdi
bunların hamısı bir-birinin inkar etdiyi müddət ərzində? Amma bu
danışıqlar bundan sonra da olacaq".
Z.Əlizadə Türkiyənin artıq Suriyadan ehtiyat etdiyini
qeyd edib:
"Türkiyə səhv etdiyini başa düşüb. Üstəlik, Bəşər Əsəd maraqlı
bir gediş etdi və Suriya kürdlərinə müxtariyyat verdi. Suriya
kürdləri artıq özlərinə hökuməti, parlamenti olan muxtariyyat
yaradıblar. Bu, Türkiyə üçün böyük təhlükədir. Nəticədə özlərinin
idarəetməsi olan İraq kürdləri ilə yaxınlaşma hiss oluna bilər.
Türkiyə isə bundan ehtiyat edir. Ona görə son günlər İranla
yaxınlaşmağa çalışır və Suriya ilə bağlı daha yumşaq bəyanatlar
verir".
Qeyd edək ki, dünən Cenevrə-2 konfransının nəticəsiz başa
çatdığı rəsmən bəyan edilmişdi.