Yuxarı

Almaniyada Yeni il gecəsi faciə: ölü və yaralılar var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada Yeni il gecəsi ictimai asayişin və təhlükəsizliyin təmin olunması üçün genişmiqyaslı tədbirlərin görülməsinə baxmayaraq, bir sıra şəhərlərdə ciddi qayda pozuntuları baş verib. Yeni il gecəsi atəşfəşanlıq və pirotexniki vasitələrdən istifadə Almaniyada ən azı beş nəfərin həyatına son qoyub.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, pirotexniki vasitələrdən ehtiyatsız istifadə nəticəsində ölüm halları ilə yanaşı, xeyli insan xəsarət alıb. Bundan başqa, bir neçə şəhərdə yanğınlar baş verib, bəzi hallarda polis əməkdaşlarına, yanğınsöndürənlərə, təcili tibbi yardım xidmətlərinə və ictimai nəqliyyat vasitələrinə qarşı hücumlar olub.

Ümumilikdə gecə ərzində 1900 yanğınsöndürmə əməliyyatı, 16 təcili tibbi yardım çıxışı qeydə alınıb. Təkcə Berlinin Şöneberq rayonunda 36 mənzil yararsız vəziyyətə düşüb.

Ölüm halları əsasən kustar üsulla hazırlanan fişənglərin partladılması nəticəsində baş verib. Şimali Reyn-Vestfaliya əyalətində 24 yaşlı gənc özünün hazırladığı fişəngin partlaması nəticəsində həlak olub. Saksoniyada atəşfəşanlıq nəticəsində iki ölüm faktı qeydə alınıb. Oşats şəhərində böyük atəşfəşanlıqdan sonra 45 yaşlı şəxs başından ağır xəsarət alıb. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Saksoniyanın Hartha şəhərində 50 yaşlı kişi ailə üzvlərinin iştirakı ilə partlatdığı fişəngin təsirindən aldığı xəsarətlər nəticəsində hadisə yerində həlak olub. Hamburqda kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində ölümcül yaralanan 20 yaşlı gəncin də həyatını xilas etmək mümkün olmayıb. Brandenburq əyalətinin Havelsee-Fohrde şəhərində atəşfəşanlıq zamanı bir nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib.

Bundan başqa, Leyptsiq, Qmünd şəhərlərində fişəng və içki şüşələri ilə polisə hücumlar olub. Hamburq, Qelzenkirxen, Drezden, Qarbsen şəhərlərində yanğınsöndürmə briqadaları üzvləri bir qrup şəxs tərəfindən hücuma məruz qalıb. Bir neçə şəhərdə atəşfəşanlıq nəticəsində yanğınlar baş verib. Kiel şəhərində təcili tibbi yardım briqadasına və polis əməkdaşlarına qarşı hücum olub. Nəticədə polis xidməti itlərdən və bibər qazından istifadə etməli olub.

Bu hadisələr zamanı əhali arasında xeyli insan xəsarət alıb. Təkcə Berlin Qəza Xəstəxanasına 15 nəfər gətirilib. Onların bir neçəsi barmaqlarını və ya əllərinin bir hissəsini, bir nəfər görmə qabiliyyətini itirib. Münxendə atəşfəşanlıq nəticəsində üç, Rostoqda bir uşaq xəsarət alıb.

Daha bir hadisə isə Şlezviq-Holştayn əyalətinin Osdorf şəhərində baş verib. Sərxoş sürücünün avtomobili ehtiyatsızlıqdan piyadaların üzərinə sürməsi nəticəsində dörd nəfər xəsarət alıb. Onların birinin vəziyyətinin ağır olduğu bildirilir. Polis hadisənin hücum olmasını istisna edir. Sürücünün yüksək miqdarda alkoqollu içki qəbul etdiyi bildirilir.

Gecə ərzində xidməti vəzifələrini yetirən zaman biri ağır olmaqla 15-ə yaxın polis əməkdaşı xəsarət alıb. İctimai asayişi pozmaqda şübhəli bilinən 390 nəfər saxlanılıb. Faktlarla bağlı polis tərəfindən təhqiqat aparılır.

Tarix
2025.01.01 / 17:26
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

Bayramov İvan Xil Pinto ilə görüşdü

Mehriban Əliyeva Antalyada panel iclasında iştirak etdi - Foto

Bayramovla Lavrov arasında görüş oldu

Gürcüstanın "3+3" formatına qoşulması... - Boçorişvili

Tahir Budaqov Şimali Kiprin baş naziri ilə görüşdü

XİN başçılarının iştirakı ilə panel keçirildi

Ərsin Tatar buna görə İlham Əliyevə təşəkkür etdi - Video

Bakının bu şərti qəbul olunur - Mirzoyan

Bayramov Antalyada Mirzoyana sülh üçün şərtləri açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla