Müdafiə naziri Pit Heqset Havayda Pörl Harbora səfəri zamanı hərbçilərlə ünsiyyətdə olarkən, qolunda ərəbcə “kafir” (كافر) sözü olan döymə ilə görüntülənib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ mediası yazıb.
Bildirilir ki, ABŞ Milli Qvardiyasının keçmiş zabiti, təqaüddə olan mayor, qısa müddət İraqda xidmət etmiş və müdafiə naziri təyin olunmazdan əvvəl “Foks Nyus”da tok-şou aparıcısı olmuş Heqset tatuajların böyük həvəskarıdır. Onun bədəni müxtəlif dini simvollar da daxil olmaqla, çoxsaylı döymələrlə örtülüb.
Məsələn, onun qolunda mübahisələrə səbəb olan daha bir döymə var: “Deus Vult”. Bu, latın dilində “Tanrının iradəsi” mənasını verir və səlibçilərin döyüş nidası hesab edilir. Həmçinin onun sinəsinə səlibçilərin yürüşü zamanı məşhurlaşdığı üçün “Səlib xaçı” sayılan Qüds xaçı da döyülüb.
Onun döyməsi ABŞ insan haqları qrupları və müsəlman vətəndaş hüquqları təşkilatlarının tənqidinə səbəb olub. Onların fikrincə, “kafir” sözünü bədəninə döydürməsi Heqsetin islama qarşı düşmənçiliyinə dəlalət edir. Belə ki, Amerika ordusunda “kafir” sözü 2000-ci illərin əvvəllərindən fərqli məna kəsb edir. Yaxın Şərq, İraq və Əfqanıstanda xidmət edən əsgərlər ondan islam terrorçularına qarşı müqavimət simvolu kimi istifadə ediblər.
Bu faktlara görə “Nyu Yorker” nəşri Heqsetin açıq-aşkar islamofob olduğunu yazıb. Xüsusilə, 2015-ci ildə barda sərxoş halda onun “Bütün müsəlmanları öldürün” qışqırdığı iddia edilir.
Bəzi solçu və liberal sosial media istifadəçiləri bildiriblər ki, ABŞ ordusunda müxtəlif dinləri təmsil edən şəxslər var. “Quardian” isə yazıb ki, ABŞ ordusunun 5-6 min əsgəri müsəlmandır və Heqsetin bu döymələri onlara təhqirdir.
Pentaqon hələlik Heqsetin döyməsi ilə bağlı şərh verməyib, nazirin özü isə rəsmi açıqlama verməyib.