İyunun 29-da Gürcüstan hökumətinin təşəbbüsü və
təşkilatçılığı ilə baş nazirin iştirak etdiyi məclisdə ölkə
müsəlmanlarına Ramazan münasibətilə iftar verilib. İftar
başlamamışdan öncə baş nazir Gürcüstanda yaşayan müsəlmanları
müqəddəs Ramazan ayı münasibətilə təbrik edib və onlara rifah və
dinc həyat arzulayıb.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən
baş nazir Türkiyə hava limanında terror aktı nəticəsində baş verən
terror hadisəsi ilə bağlı Türkiyəyə başsağlığı verib. O,
terrorizmin bəşəriyyətin düşməni olduğunu, milləti və dini
olmadığını bildirib: "Çox təəssüf edirəm ki, mən bu gözəl tədbiri
belə sözlərlə başlayıram. Bu, insanlığa qarşı qəddarcasına
hücumdur. Terror nəticəsində tamamilə günahsız insanlar həlak oldu.
Mən bizimlə həmişə birlik nümayiş etdirən və dostluğu təsdiq edən
Türkiyənin Gürcüstandakı səfiri Levənt Gümrükçüyə təşəkkür edirəm.
Terror, təəssüf ki, sərhədlər, millət və din tanımır. Bu gün dünya
əvvəllər olduğu kimi, təhlükəsiz deyil. Terrorizm bizim ümumi
düşmənimizdir və biz sivil insanlar bu kəskin problemi aradan
qaldırmaq üçün çalışmalıyıq,"- Giorgi Kvirikaşvili bildirib.
Baş nazir Gürcüstanda xristian və müsəlmanların birgə sülh
içində yaşamasının əhəmiyyətindən danışıb və bu sülh və dostluğu
dünyanın möcüzəsi adlandırıb: "Gürcüstan həmişə çoxəsrlik ənənələr
əsasında bizim dostluq və qardaşlığımızla fəxr edib. Tolerantlıq və
bir-birinə sevgi olan ölkəmizdə gələcək nəsillər üçün alternativ
yoxdur. Əsrlər boyu xristian və müsəlman dünyası ölkəmizdə sülh
içində yaşayıblar və bu bütün dünyaya nümunədir. Biz bir ölkənin
oğullarıyıq, Gürcüstanı birlikdə quracaq və bu torpaqda bizim
uşaqlarımız və nəvələrimiz yaşayacaq," G. Kvirikaşvili çıxışında
qeyd edib.
İftar məclisində Türkiyənin Gürcüstandakı səfiri Levent
Gümrükçü, Türkmənistan səfiri Dövlətmurat Muratov, Gürcüstanın
Barışıq və Vətəndaşlıq məsələləri üzrə dövlət naziri Paata
Zakareişvili, Kvemo Kartli bölgəsinin qubernatoru Paata
Xizanaşvili, Dini Məsələlər üzrə Agentliyin rəhbəri Zaza
Vaşakmadze, hökumət və dövlət nümayəndələri, müsəlman icmasının
rəhbərləri, dindarlar iştirak ediblər.