25 fevral gecəsi - Xocalı soyqırımının ildönümü ərəfəsində
Türkiyənin NTV kanalında Azərbaycan vətəndaşı olan bir nəfərin
İstanbul Atatürk hava limanında ağız-burnu qan içərisində gömrük
işçiləri və polislər tərəfindən saxlanılmasını əks etdirən kadrları
izlədim. Azərbaycan vətəndaşı olan həmin şəxsin döyüldüyü
açıq-aydın görünürdü. Çünki ağız-burun, köynək... – hamısı qan
içərisində idi. Ətrafda tənzif və pambıqlar görünürdü – onlar da
qana bələnmişdi. Hiss olunurdu ki, bu adamın tökülən qanını
çəkilişdən əvvəl uzun müddət kəsmək istəyiblər...
Sərxoş "azəri"
Xocalı faciəsi günü bu görüntüləri izləmək heç də xoş deyildi.
Adi günlərdə də Azərbaycanla bağlı bu cür görüntüləri izləmək
insana çox pis təsir edir. Üstəlik, NTV kanalında həmin videonun
kadrarxası mətnini oxuyan xanım jurnalistin hər cümləsində sərxoş
vəziyyətdə saxlanılan şəxsin "azəri" olmasını dönə-dönə
vurğulamasını anlamaq olmurdu. Bu NTV nəyi isbatlamaq istəyir?
Bizlərin içki düşkünü və barbar olmağımızımı?
Qısa haşiyə
Türkiyəli "abi"lərin bizə "azəri" deməkləri özü də ayrı bir
dərddir və başqa bir yazının mövzusudur. "Azəri" deyə xitab
etməklərinin nə qədər yalnış olduğunu bilsələr də, səhvlərini
bilə-bilə davam etdirirlər. Nəsə, qayıdaq mövzuya....
Hər gün yüzminlərlə insanın istifadə etdiyi, ən azı yüzlərlə
insidentin və hüquq pozuntusunun yaşandığı Atatürk Hava Limanında
yaşanan xırda bir hadisəni NTV kanalının bu qədər böyütməsi nəyə
xidmət edirdi?
Əlbəttə, mən hansısa sərnişinin hava limanı ərazisində sərxoş
vəziyyətdə olmasına haqq qazandırmıram. Amma tez-tez təyyarə ilə
səfər edən hər kəs bilir ki, bir qisim insan ayıq vəziyyətdə hava
nəqliyyatına minə bilmirlər və stress keçirdirlər. Hətta
təyyarələrdə bunu da nəzərə alırlar və sərnişinlərə spirtli içki də
təklif olunur. Bəlkə, bu insan da o kateqoriyadandır?
Yəni təyyarədən enən sərnişinin sərxoş vəziyyətdə olması heç də
dəhşətli mənzərə deyil; amma həmin içkili şəxsi ağız-burnu qan
içərisində yerə uzatmaq, onunla terrorçu kimi rəftar etmək və bunu
çəkib milyonlarla insana göstərmək, üstündə də vətəndaşlığını
hallandırmaq dəhşətli mənzərədir.
"Hayl Hitler"
Bircə məsələni deyim. Bu dəqiqələrdə Avropa Parlamentinin
vitse-prezidenti Yatsek Protaseviçin də fevralın 26-da axşam
saatlarında Almaniyanın Frankfurt şəhərindəki hava limanında sərxoş
vəziyyətdə olması ilə bağlı xəbər yayıldı. Hətta Protaseviç
aeroportun əməkdaşlarını, gömrük işçilərini və polisləri təhqir
edərək, "Hayl Hitler" işarəsi ilə onlarla nasist kimi davranıb.
Hələ bu harasıdır? Vitse-prezident qışqıraraq aeroport
əməkdaşlarının hamısının "Osvensim" həbs düşərgəsində işləməli
olduqlarını da deyib.
Avropa Parlamentinin vitse-prezidenti kimi yüksək statuslu bir
şəxs də eyni vəziyyətə düşə bilirsə, deməli, burda faciə yoxdur.
Efirdə yayımlamağa gəlincə isə, ikinci nümunədə olan hadisəni xəbər
kimi vermək olar, çünki şəxs ictimai fiqurdur və onun "şəxsi həyat"
anlayışı daha dar çərçivə ilə məhdudlaşır. Bəs, Atatürk hava
limanındakı adi azərbaycanlı nədən xəbərə çevrildi? Niyə xəbər onun
"sərxoş vəhşi" imici üstündə qurulmuş?
Öz aramızda qalsın
İndi öz aramızdı, Türkiyəli gömrük işçiləri və polisləri sərxoş
azərbaycanlının başına gətirdiklərini istənilən avropalıya edə
bilərdilərmi? Türkiyə telekanalları xarici ölkə vətəndaşı olan
sərnişinin ağız-burnunun qan içərisində olmasını televiziyada
yayımlayaraq hər cümlənin başında onun hansı ölkədən olduğunu deyə
bilərdimi?
Şəxsi müşahidələrim əsasında deyə bilərəm ki, Bakıdakı
türkiyəlilərdən də artıq-əskik hərəkət edənlər, içib sərxoş
olduqdan sonra davranışlarına nəzarət edə bilməyənlər çox olub.
Ancaq onların ağız-burunlarının, əynindəki köynəyinin qan
içərisində olduğunu, döyüldüyünü nə görmüşəm, nə də eşitmişəm.
Qaldı ki həmin hadisəni lentə alıb Azərbaycan televiziyalarından
birində yayımlanmasına, Osmanlı türkləri bu qədər tərbiyəsiz və
əxlaqsız hərəkəti bizdən heç vaxt görə bilməzlər.
İndi də bunu aydınlaşdıraq:
Həmin şəxsi döyənlər kimlərdir? Onun burnu qırılıbsa və qan
gölündədirsə, dalaşan digər şəxs niyə saxlanmır? Bəlkə onu elə
polis özü döyüb və polisin qanunu pozsa belə, bir insanı – həm də
xarici vətəndaşı – qan içində boğmağa nə haqqı var?
Görüntünü lentə alan İxlas Xəbər Agentliyinə və kadrları
yayımlayan NTV kanalının e-mail ünvanına məktub ünvanladım, xəbər
sordum... Hər 2 məktub cavabsız qaldı. Telefon zənglərimizə isə
NTV-dən cavab verən şəxs bu məsələ ilə bağlı şirkətin yayım
idarəsinə müraciət etməyimizi tövsiyə etsə də, həmin şöbə ilə əlaqə
saxlamaq heç cür mümkün olmadı.
P.S. Bu yazını Xocalı soyqırımının 22-ci anım
günü olan 26 fevral tarixində yazırdım, amma saxladım. Düşündüm ki,
hər yerdə Xocalı faciəsindən bəhs edilən bir zamanda Türkiyədən
Azərbaycana olan sayğısızlıqdan yazmaq düzgün olmaz.
"Xocalıya ədalət" kampaniyasına qoşulan türkiyəliləri xəyal
qırıqlığına salmamaq üçün reallıqları bu gün tamamladım. Amma bu
reallıqları daha gizlətmək niyyətində deyiləm. Serialından tutmuş
fərdi münasibətinə, BAYRAĞIMIZI zibil qutusuna atmağa, tariximizi
təhrif etməyə qədər gəlinirsə, yetər artıq!
Mənim boynuma "sən sevməsən də" sevgisi yüklənib-eləməyib...