Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar
rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev
adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq
2005-ci ildə orada orta təhsilini başa vurub.
Təsdiq edilməmiş versiyalara görə 18 iyun 2010-cu il tarixində,
gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov iki ordu
arasındakı bir kilometrlik minalanmış sahəni təkbaşına keçir.
Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini
gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz
silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək
döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif
cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında
qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun
giziri Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra
"Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi barədə sərəncam
imzalayıb. Bu gün Biləsuvar rayonunda yerləşən Biləsuvar
Lisey-məktəb kompleksi də Milli Qəhramanın adını daşıyır.
Milli Qəhrəmanın dəfnindən artıq üç il ötür. Bununla bağlı
yolumuzu qəhrəmanın doğulub boya-başa çatdığı Biləsuvar rayon
Əliabad kəndindəki ata evinə saldıq. Gecənin qaranlığında çatırıq
qəhrəmanın ata evinə və ilk diqqətimizi çəkən də Mübarizin ayaq
üstə, çiynindəki silahla şax durmuş rəsmi, bir də üç rəngli
bayrağımız olur.
Qapını açırıq və ilk qarşımıza çıxan da qəhrmanın anası
Şamama xanım olur. Yenə Mübarizi xatırlamağa gəldiyimizi bilib göz
yaşlarına hakim ola bilmir:
- Mübarizsiz dözə bilmirəm oğul, ana üçün çox çətindi.
Mübarizsiz heç nə gözümdə deyil. Beş aylıq bir nəvəm var, başımı
onunla qatmağa çalışıram, amma yenə də mümkün olmur. Mübariz başqa
oğul idi. Gün ərzində bircə dəqiqə belə olsun Mübariz çıxmır
yadımdan. Beynimə elə həkk olunub, fikirləşməyə bilmirəm. Mübariz
haqda nə varsa dəqiqəsinə kimi, saatına kimi xatırlayıram. Amma,
atası belə deyil, o mənə baxanda dözümlüdü.
Söhbətimizin bu yerində, kənd məscidindən azan səsi
yüksəlir. Şamama ana namaz qılmağa yollanır və qəhrəmanın bayaqdan
qoyun-quzuları yerbəyer eləyən atası Ağakərim ata ilə görüşürük.
Bütün suallarımızı bir kənara qoyan Ağakərim ata tam fərqli tərzdə,
bizə ümumilikdə Allah və vətən sevgisindən danışır:
- Mübarizin şəhid olmasında Allahın iştirakı var idi. Mən
Allahdan axirətimi istəyən adamam. Mübarizin şəhid olmasını,
Mübariz dünyaya gəlməmişdən öncə mən yuxuda görmüşdüm. İndi baxıram
ki, həmin hadisələr və yuxulardı ki, onlar mənə bu günki günü
xatırladır. İnsanın ürəyində birinci Allah sevgisi olmalıdı və
sonra Vətən sevgisi gəlir. Allah sevgisi ürəyində olmayan adamın,
Vətən sevgisi də ola bilməz. Mübariz üçün mən ağlamıram, onun
hüzüründə də burdakı camaata deyirdim ki, ağlamayın. Çünki onu mənə
Allah vermişdi, Allah da aldı.
Hər il balalarımız şəhid olur. İyirmi faiz torpaqlarımız işğal
olunub. Bilirsiniz necədi, Qarabağ probleminə görə kimlərisə
suçlamamalıyıq, bir-birimizin qəlbinə dəyməməliyik. Millət olaraq
hər-hansı şəxsi günahkar hesab etməməliyik. Bir-birimizi sevək və
torpaqlarımızın azadlığı uğurunda əlimizdən gələni əsirgəməyək.
Allahadan kömək istəyək. Dua edək ki, Allah bu zülmün qarşısını
alsın. Hər yüz ildən bir bizim torpaqlarımız işğal olunur.
Ermənilər dünyaya elan edir ki, biz "Böyük Ermənistan" yaradırıq.
Bunlar hansı ölkədə olursa olsun, öz hiyləgərliyi ilə çirkin
niyyətlərini həyata keçirməyə nail olmağa çalşırlar.
Mübarizin qəhrəmanlığı haqda çoxlu kitablar dərc olunub. Bu gün
də bizim yaşadığımız bu evi gənc nəsil ziyarət edərək, onun
qəhrəmanlıq yolu ilə tanış olurlar. Mübariz öz borcunu yerinə
yetirdi. Bu gün Mübariz yox, onun qəhrəmanlığı yaşayır. Mübarizin
məktubda yazdıqları ilə mən tanış idim, onları evdə demişdi.
Mübariz mənim çiynimdədi. Bəzən deyirəm ki, iki ürəkliyəm. Çünki
məndə yaşayan bir Mübarizin canıdı, bir də öz canım. Bu gün Mübariz
mənəm.