Yuxarı

“Yeni Müsavat”ın keçmiş müxbiri göy satır – Fotoreportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Yeni Müsavat”ın keçmiş müxbiri göy satır – Fotoreportaj

Bir tərəfdə insanların səs-küyü, arabalarını ora-bura dartan arabaçılar, satıcılar və alıcılar. Digər tərəfdə isə "Yeni Müsavat"ın bütün bu səs küydən, qarışıq şəhər həyatından uzaq sakit həyat axtarışında olan keçmiş əməkdaşı Hikmət Kərimoğlu. Amma o nə qədər çalışsa da, insan selinə qərq olmuş tozlu-torpaqlı, səs-küylü bazar həyatından uzaq ola bilmir. Səbəbini isə belə izah edir: "Bu mənim həyatımdır, istəsəm də, istəməsəm də mən bu həyatı yaşamağa məhkumam, lap məhkumlar tək..."

Bura xalq arasında "Vosmoy bazarı" kimi tanınan "8-ci kilometr" bazarıdır.

Çünki oldun dəyirmançı...

Qəhrəmanımızla da elə bu bazarda qarşılaşırıq, özü də piştaxta arxasında. Mətbuatdan gəldiyimizi bilən kimi ətrafdakı satıcılar yarıciddi-yarızarafat ünvanımıza müxtəlif atmacalar atsalar da, biz öz işimizlə məşğul oluruq, fotoaparatımızı işə salıb dünənin jurnalisti, bu günün isə göy-göyərti alverçisinin şəkillərini fotoaparatın yaddaşına köçürürük. O isə sakit tərzdə öz işinin başındadı, gələn müştəriləri gülər üzlə yola salır və hərdən də nəzər- diqqətini fotoaparatımızın obyektinə tuşlayır. Üzünün ifadəsindən, baxışlarından hiss olunur ki, çəkilişimiz onu məyus edir. Bəlkə də keçmişinə görə, ali təhsilinə və çalışdığı kollektivə, qəzetin adına görə utanırdı. Ancaq utanmağa əsas yoxdur, necə deyərlər: "Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu..."

Ali təhsilli göyərti satan

O, 2008-ci ildə balaca kənd həyatından uzaqlaşıb böyük arzularla böyük şəhərə üz tutur. Əvvəl ali təhsil həyatı, daha sonra jurnalistika fəaliyyəti, hazırda dayandığı nöqtə, "Vosmoy bazar"ı, piştaxta arxası. Gəlin, bütün bunları onun öz dilindən eşidək:

- 2013-cü ildə yüksək qiymətlərlə İncəsənət Universitetini bitirmişəm, indi də gördüyünüz kimi ali təhsilli göyərti satanam... Təhsil aldığım illərdə "Space" və daha sonra ATV telekanallarında praktika keçdim, bir müddət ATV-də işlədim. Ancaq nədənsə yazılı mətbuat məni cəlb edirdi. Ona görə də televiziyadan uzaqlaşıb "Yeni Müsavat" qəzetinə üz tutdum. Təxminən bir il həmin qəzetdə işləmişəm, indi də gördüyünüz kimi... Ali təhsil, jurnalist fəaliyyəti və bazar.

Təhsilin heç bir önəmi yoxdur…

- Sizin üçün çətin deyil ki?

- Əlbəttə, çətindir. Bu bazarda hər cür insan var. Bəzən elə insanlarla qarşılaşıram ki, hər şeyi atıb qaçmaq istəyirəm. Ancaq bir şeyi başa düşürəm ki, bu mənim həyatımdır. Allahın verdiyi ömür yolundan qaçası deyiləm. Allah hansı ömür yolunu yazıbsa, onu da yaşamalıyam. Təhsilə gəlincə isə, Spenserin gözəl bir sözü var, təhsilin ali məqsədi bilik yox, fəaliyyətdir. Mən bu gün təhsillə bağlı fəaliyyət göstərmirəmsə, deməli, o təhsilin mənim həyatımda heç bir önəmi yoxdur. Bəlkə də o təhsil olmasaydı, mən bu gün piştaxta arxasında daha rahat durardım, amma keçmişimdən bu günümə baxanda hərdən utanıram. Bazarda mənə "jurnalist oğlan" deyə müraciət edəndə çox sıxılıram.

Utanmırsan göyərti satırsan?

Qəhrəmanımız deyir ki, göyərti satdığına görə hərdən alıcıların da qınağına tuş gəlir:

- Siz gəlməmişdən bir az əvvəl iki xanım göyərti almaq üçün piştaxtaya yaxınlaşdı. Xanımlardan biri üzümə baxıb dedi: "Cavan oğlansan, utanmırsan göyərti satırsan?" Düzdür, ona heç bir cavab vermədim, amma öz içimdə sözün həqiqi mənasında çox utandım. O, haqlı idi, axı bu mənim peşəm deyil. Ancaq kapital cəmiyyətində hansı peşənin sahibi olmağın heç bir önəmi yoxdur. Bu cəmiyyətin yalnız bir qanunu var - pul. Pul bu cəmiyyətin ən təsirli silahıdır. Elə buna görə də insanlar pulun ardınca qaçırlar. Mənəviyyat, islam əxlaqı, dəyərlər və daha nələr bu cəmiyyətdə arxa plana keçib.

Alverçisənsə, yalan danışmalısan

Həmsöhbətimizin gündəlik qazancı ilə maraqlanırıq.

- Burda elə böyük pullar yoxdur, gündəlik tələbatımı demək olar ki, güclə ödəyirəm. Gün ərzində 15-20 manat qazancım olur. Ancaq gün ərzində 200-300 manat qazancım olsa belə, yenə də bazardan uzaqlaşmaq istəyəcəm. Çünki alverçisənsə, yalan danışmalısan, alıcını aldatmalısan. Alıb-aldatmaq da mənim xarakterimə, aldığım təhsilə ziddir.

Qaçıb gizlənərdim...

- Keçmiş iş yoldaşlarınız, həmkarlarınız harada işlədiyinizi, nə işlə məşğul olduğunuzu bilirlər?

- Məncə yox. Ümumiyyətlə, bazara gələndən sonra keçmişlə bağlı hər bir şeyi silmək istəyirəm. Və çalışıram ki, onların gözünə görsənməyim. Bu bazarda keçmiş iş yoldaşlarımdan hər hansını görsəm, yəqin ki, qaçıb gizlənərdim...

Həyatı göy umuduna qalan qəhrəmanımızla söhbəti yekunlaşdırırıb, onu müştərilərlə baş-başa buraxır, səs-küylü bazardan uzaqlaşırıq. Və bu vaxt arxadan onun səsi eşidilir:

"Təbrik edirəm, daha heç vaxt siz məni burda görməyəcəksiz..."

Tarix
2014.04.12 / 22:32
Müəllif
Gülnarə Kərimova
Digər xəbərlər

Nazirdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

“Liv Bona Dea” məhkəməyə saxta sənəd verib – Köçərli

Niderland parlamentinin Bakıya qarşı qərəzli sənədi… - Səfir

Şahin Mustafayev Ermənistanda səfərdədir - Foto

Ukraynanın Putini dəli edən zərbəsi: Rusiya çökə bilər

Ermənistan Azərbaycanla sərhəddə silah anbarlarını boşaldır

Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev

İranın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş

Meloninin səfərinə hazırlıq: Əmirbəyov Çirielli ilə görüşdü

Erməni general yenə Hindistandadır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla