Fotoqraf dostum Abbas Atilayın Şamaxının Dəmirçi kəndinə
fotolar çəkməyə gedəcəyini eşidəndə onunla əlaqə saxlayıb, yol
yoldaşı olmaq istədiyimi bildirdim. Təklifimi qəbul edən Abbasla
səhər saat 9-da Bakıdan çıxaraq, Şamaxı yolunu tutduq.
Əslində, Şamaxıya səfər iki-üç gün öncəyə planlaşdırılmışdı,
sadəcə olaraq, Bakıya və regionlara yağan güclü yağış və dolu
səfəri bir neçə gün gecikdirmişdi.
Bakıdan ayrılanda havanın çox isti olduğunu görürük. Düşünürəm
ki, yəqin Şamaxıda hava nisbətən soyuq olar.
Şamaxını başdan-ayağa yeniləyiblər
Bir saat sonra Azərbaycanın ən qədim tarixə malik olan şəhərinə
çatırıq. Şamaxının elə girəcəyində gedən təmir-tikinti işini
görürük. Maşınımızı yolun kənarında saxlayaraq, işlərə nəzarət edən
bəydən Dəmirçi kəndinin yolunu soruşuruq. Yenilənməyə məsul olan
şəxs bizə əsas yoldan çıxmayaraq, Pirqulu istiqamətində getməyimizi
məsləhət görür. Yenicə təmirdən çıxmış Cümə məscidinin yanından
keçəndə Abbas deyir ki, bir-neçə il bundan əvvəl buralar pis gündə
idi, ancaq indi asfalt örtüyünü yeniləyiblər, yollar təmizdir və
Bakıdan fərqli olaraq, Şamaxıya yaz gəlib...
Dəmirçiyə yol yoxdur
Pirqulunu və digər kəndləri çox rahatlıqla keçirik. Yollar
gözəl, hava isti və təmizdir. Hətta yolların kənarında bənövşələr,
qışdanqalma qar da görürük.
Bir qədər getdikdən sonra birdən-birə asfalt yol bitir və
yolsuzluq başlayır.
Asfalt örtüyünün olmaması məni çox təəcübləndirir, amma Abbas
bildirir ki, təəccüblənəsi hadisələr hələ qabaqdadır.
Orda bir kənd var uzaqda...
Qarşımıza paslanmış dəmir lövhənin üzərində "Dəmirçi" elanı
çıxır. Təpənin arxasında – Baş Qafqaz Silsiləsinin ətəyində
salınmış kənd bizi sakitcə salamlayır.
Kənd Pirsaat çayının sahilində yerləşir. Yerli camaat bu çaya
"Dəmirçi çayı" deyir. Çayın sahilinə gələndə körpünün olmadığını
görürəm, öz-özlüyümdə düşünürəm ki, görəsən, buranı necə keçəcəyik.
Dostum üzümdəki sualı oxuyur və əhvalını pozmadan: "Maşını çaya
salıb, keçəcəyik" – cavabını verir. Elə də edirik. Çayı keçirik və
nəqliyyat vasitəmizi kəndin girəcəyində saxlayıb, yolumuza piyada
davam edirik.
Evinə odun yığan məktəb direktoru.
Bizi elə kəndin girəcəyində Mikayıl kişi qarşılayır. Mikayıl
kişi evinə odun tədarükü edir, biz də gəlib başının üstünü
kəsdiririk. Bizi qonaqpərvərliklə qarşılayan kənd sakini ilk öncə
yandırdığı zibilli ot tayasına görə bizdən üzr istəyir. Sonra isə:
"Gəlin evə gedək, çay içə-içə söhbət edərik" – deyir. Yolumuz
uzundur deyə, getmək təklifini qəbul etmirik, ayaqüstü
söhbətləşirik.
Mikayıl kişi qonşu kənddə məktəb direktoru vəzifəsində çalışır.
Məktəbin cəmi 30-35 şagirdi və 4 müəllimi olduğunu deyir. Mən
ibtidai sinifdə oxuyanda təkcə öz sinifimizdə 37 uşaq vardı, 35
uşaqlı məktəbi təsəvvür edə bilmirəm. Direktor uşaqların oxumağa
həvəsinin olmamasından gileylənir.
"Dəmirçi"lilərin əsas problemi yol, qaz və odun
məsələsidir.
"Biz əvvəllər meşədən odun kəsib evimizə gətirirdik. İndi isə
meşələri çəpərləyiblər. Buna görə İsmayıllıdan odun almaq
məcburiyyətində qalırıq. Odun da od qiymətinə. Bir "kamaz" odunu
500-600 manata satırlar. Bu kənddə qış çox sərt keçir. İndi günəşin
çıxmasına fikir verməyin, axşam hava yenə soyuyacaq. Hələ də
evlərdə odun sobaları yanır, yoxsa donarıq soyuqdan".
Mikayıl müəllimin sözünü kəsərək çayı və olmayan körpünü
göstərirəm; bununla da müəllimin dərdini təzələyirəm:
"Oğul, bu kənddə yol yoxdur. Körpü yoxdur. Bu Pirsaatçay çox
dəli çaydır. Yağış yağan kimi buraları sel aparır. Əgər sel gələndə
kəndin bu başındasansa, kəndə qayıtmaq imkanın, demək olar ki,
olmur. Heyvanat sel vaxtı günlərlə o tayda qalıb".
"Hamı bizə söz verir, ancaq bu zamanda ən ucuz şey
sözdür".
"İllərdir deyirlər ki, sizə yol çəkəcəyik, qazlaşdıracağıq
kəndinizi, amma hələ də gözləyirik. Bu yaxınlarda dedilər ki,
2018-ci ildə qaz verəcəyik sizin kəndə, 2018-də çəkiləcək qaza
qədər biz ölüb-gedəcəyik".
Dəmirçilik bu gedişlə tarixin səhifələrinə
basdırılacaq.
Başımız Mikayıl kişiylə söhbətə qarışdığından yanımıza daha bir
kənd sakininin yaxınlaşdığını hiss etməmişik. Mikayıl kişi onu
həmin dəqiqə tanıyır və bizi də tanış edir.
Sən demə, Fəxrəddin kişi gözünü açandan atasının, babasının
dəmirçiliklə məşğul olduğunun şahidi olub. Elə özü də dəmirçiliklə
məşğuldur. Biz də ustadan bu sənətin vəziyyətini soruşuruq.
"Dəmirçilik sənəti mənim genlərimdədir. Çox heyif ki, bu gün bu
sənət artıq can verməkdədir. Tələbatın olmaması ustaları bu işdən
soyudur və hərə bir yana dağılır. Sovetdən əvvəl burda 22-25
emalatxana var idisə, sovet dövründə bu say 10-12-yə qədər azaldı.
Sovet dağılandan sonrasa burada dəmirçiliklə məşğul olan üç-dörd
usta qalıb. Qış aylarında mənim qapımı, and olsun ki, bir nəfər də
açmayıb. Ümidimiz ancaq köç edən çobanlara qalıb. Onlar köç zamanı
bizim kənddən keçirlər və bizim əl işlərimizdən istifadə
edirlər".
Fəxrəddin ustadan satdığı ən baha əşyanı soruşuram.
Usta bir az düşünür, sonra isə deyir: "Bir dəfə bura qadınlar
gəlmişdi, məndən "qiymədaş" aldılar və dedilər ki, bunu Ermitaja
qoyacağıq. Onu, deyəsən, 25-30 manata satmışdım. Ancaq ən bahalı
əşya ovçular üçün xüsusi hazırladığım ov bıçaqlarıdır. Onları 50
manatdan ucuz satmıram. Dövlət bizi vergidən azad edib, ancaq bizi
müştərilərin ümidinə qoymaq olmaz. Heç kim ucuz, amma keyfiyyətsiz
Çin malı olan yerdə mənim keyfiyyətli bıçağıma, baltama pul
verməyəcək. Dövlət bizə yardım etməlidir ki, biz bu sənəti qoruyub
saxlayaq. Stimul olmadığından oğullarım bu sənətin arxasınca
getmirlər".
"Yardım etmirlərsə, heç olmasa, bu yolu düzəltsinlər.
Axı mədəniyyət yoldan başlayır..."
Fikrini bitirib əlini işığa uzadır ki, alaqaranlıq otağı
işıqlandırsın, lakin işıq da yanmır. Usta təəssüflə bizə baxır,
susur və heç nə demir. Nə demək istədiyini üz ifadəsindən
anlayırıq. Sənətini yaşatmaq üçün həftə sonları əşyalarını Şamaxı
mərkəzində olan "Heyvan bazarı"na aparıb satmağa çalışdığını da
qeyd edir müsahibimiz. Fəxrəddin usta bizə hazırladığı manqalı,
şişləri göstərir və yadıma Milli Məclisdəki "Milli şiş" söhbəti
düşür.
"Dövlətin qoruduğu" məscid dağılmaq
üzrədir.
Kənddə gəzərkən qarşımıza dağılmaq ərəfəsində olan məscid çıxır.
Məscidin qapısına yaxınlaşıram və orda yazılan "Dövlət tərəfindən
qorunur" ifadəsi diqqətimi çəkir. Dövlət tərəfindən qorunan
məscidin "qoruma" elanı da yağış-qar və baxımsızlıq ucbatından yox
olmamağa çalışır. 100-150 yaşı olan məscid sovet illərində buğda
anbarı kimi istifadə edilib, sonralar diqqətdən kənar qalıb. Ona
görə indi tarixdən silinmək üzrədir. Bizim məscidə baxdığımızı
görən kənd sakini: "Çəkin, çəkin bu məscidi. Bu məscid bizim
tariximizdir və təmir edilməyə ehtiyacı var. Bəlkə, sizin
yazınızdan, şəkillərinizdən sonra yadlarına düşər ki, buraları
unutmaq olmaz". Məscidin daşlarının üzərinə baxırıq. Abbas ərəbcə
yazıları oxuyur və məscidin hicri təqvimi ilə 1311-ci ildə
tikildiyini bildirir.
Dəmirçi kəndində toy var.
Artıq bir-neçə saatdır ki, kəndi piyada gəzirik və getdikcə
havanın soyuduğunu hiss edirik. Kəndin yüksək məhəllələrinin
birinin qapısında qırmızı parça görürük. Qapının yanında dayanan
Səid bəy bizi zorla həyətə aparır və çaya qonaq edir. Ev sahibləri
bizə bildirir ki, bu gün Səid bəyin qardaşının toy mərasimi
keçirilir. Təbrik edib ayrılmaq istəyirik, lakin evin ağsaqqalı
qapıdan bayıra çıxacağımız təqdirdə verdikləri çayı bizə halal
etməyəcəyini deyir. Ailənin xoş günlərində yanlarında olmağı
qərarlaşdırırıq (ya da məcbur oluruq). Bir müddət sonra təzə bəy və
gəlin Şamaxının mərkəzində nikahlarını rəsmiləşdirib, ata ocağına
gəlirlər. Bəy-gəlinin ayağı altında quzu kəsib, qanını hər kəsin
alnına yaxırlar. Ardınca bəy ikinci mərtəbəyə qalxaraq, gəlinin
başına, ən azı, dörd-beş kilo şokolad səpir. Daha sonra gəlin
evinin qarşısında hər kəsin təbrikini və hədiyyələrini qəbul edib,
otağına daxil olur. Bəy isə bütün qohumlarla digər otaqda bəyin
şərəfinə açılmış stolda əyləşir. Qohumlarla birgə biraz yemək nuş
edirik və hər kəslə sağollaşırıq.
Katyuşa sədaları altında Bakıya qayıdırıq.
Kənddən çıxmağa hazırlaşanda dəmirçi Fəxrəddin kişi, onun bir
həmkarı və Dəmirçi kəndinin gənc tarix müəllimi Emil bəy bizimlə
yola çıxmaq istəyir. Maşınımız boşdur. Ona görə onları da götürüb
yola çıxırıq. Fəxrəddin usta və həmkarı aralarındakı söhbətə –
Ukraynada baş verən siyasi durumla bağlı müzakirələrə bizi də daxil
edirlər.
Müzakirənin ən qızğın zamanında isə Fəxrəddin kişi rus xalq
mahnısı olan "Katyuşa"nı zümzümə etməyə başlayır. Hamılıqla mahnını
müşayiət edirik və Şamaxıya doğru yol alırıq...
1937.az