Dərbənd, Dərbənd ətrafında olan söhbətlər bu "Vətənin qıraqda
qalan" yerinə birdən-birə dəli bir istək oyatdı bizdə: elə bu
istəklə də şənbə günü Bakını yuxuya verib, ayaqlarımızın ucunda
paytaxtın qapısına yaxınlaşdıq - Beynəlxalq Avtovağzala. Elə o
ehmalla, Bakı yuxudan durmasın deyə, qapını azca aralayıb, yavaşca
aradan çıxdıq...
Yanıldım deyəsən. Bakı yatır ki! Dünyanın bütün meqapolisləri
kimi Bakı da yatmır. Yatan Dərbənddir – gecə ikən qapısını döymək
istədiyimiz "Temir Kapığka"- Dəmir Qapı və əslində, Qərib
Dərbənd...
Dərbənd yolu
Yoxdur belə ifadə... Şirvan yolu var, Təbriz yolu var, Göyçə
yolu var... Amma Dərbənd yolu yoxdur.
Sanki Səfəvilər Azərbaycandan ayrı düşən Şirvanın "yolunu"
görürdülər – tapdılar da.
Sanki Təbriz, Göyçə yollarını görürük – tapacağıq inşallah! Bəs,
niyə Dərbənd yolunu görmürük, bu hissi təhtəlşüuru də olsa,
təfəkkürümüzdə yaşatmırıq?
Ümidimiz bu qədərmi kəsilib?
Allah eləməsin!..
Jurnalist olduğumuzu bilən taksi sürücüsü yuxumuzun kal vaxtında
durmadan suallar veriridi:
- Sən Allah, siz bilməmiş olmazsınız, deyirlər, benzinin qiyməti
1 manata qədər qalxacaq? Düz söhbətdir?
Heç benzinin yeridir?
"Qabağa düşən" taksi sürücüsü
Sürücümüz hər dəfə benzinin qiymətinin qalxma ərəfəsində necə
"ağıllı tərpənməyini" nəql eləməyə keçdi. Sanki Bakı-Ceyhanın
nəqlini bir başa taksisindən keçirmişdi:
"Son 2 dəfə benzin qalxmamışdan qabaq xəbər tutmuşdum deyə,
"bak"ı doldurub bir az qabağa düşdüm, qardaşoğlu".
- Babat qabağa düşübsən a, əmi...
- Hə, vallah...
Milli sürücümüz ilə sağollaşıb gömrüyü keçmək üçün Dövlət Sərhəd
Xidmətinin (DSX) "pasport nəzarəti" yerinə yaxınlaşdıq. Dərbəndə
səfərimizin səbəbi ilə maraqlandıqdan sonra sənədləri özümüzə geri
qaytardılar. Rusiya gömrüyündən də problemsiz keçdikdən sonra
yolumuza davam etdik.
Səhər saatlarında Dərbəndə çatıb özümüzü bir kafeyə atdıq.
Çaydan sonra 25 rubl (0,5 azn) çay pulunu ödəyib yolumuza davam
etdik.
Elə bil Qubadayıq
Getmək istədiyimiz ünvanları soruşmaq üçün ətrafdan münasib adam
axtarırdıq ki, polis özü bizə yaxınlaşdı. Sənədlərimizə baxıb
Bakıdan gəldiyimizi biləndə canla-başla ünvanları bizə başa salmağa
başladılar – başqa necə olmalıydı ki! Biz Vətəndəydik!
Bazarda hələ uzaqdan öz aralarında azərbaycanca danışanları
görəndə daha da ürəklənib həmvətənlərimizə yaxınlaşdıq:
- Hə, Bakıdansınız, bizim tərəfə xoş gəlmisiniz. Nə kömək
lazımdır, nə əcəb gəlmisiniz?
Sanki Qubada, Qusardayıq.
Dərbəndi yaxşı tanımamışıq
Dərbəndə gəlməzədən qabaq beynimizdə canlandırdığımız fikirlərin
hamısının stereotip olduğuna yavaş-yavaş əmin olmağa başladıq.
Vuran-tutan, qıran-dağıdan, dalaşqan dərbəndli obrazı sadəcə
stereotipmiş. Düzdür, Dərbəndin küçələrində xanımlara elə də çox
rast gələ bilməzsiniz. Ancaq rastlaşdığınız xanımlar sizdə onlar
haqqında rahat və sərbəst insan təəssüratı yaradacaq.
Ziyarətimizə Azərbaycanın tarixi qalalarından olan, bütün
dastanlarda və tarix kitablarında adı keçən, yüzlərlə savaşlara ev
sahibliyi etmiş əfsanəvi Dərbənd qalasından başlayırıq.
Öncə vətən...
Dərbənd qalasına qalxan yolun üstündə bir mağazaya girdik.
Qalaya tələsdiyimiz üçün yaşlı satıcı nənə ilə söhbət etməyi
düşünmürdük. Ancaq bu vaxt satıcı nənəyə zəng gəldi. Telefonda
səslənən bir mahnının tanış səsi bizi ayaq saxlamağa, nənəylə
üç-beş kəlmə danışmağa məcbur elədi: Tacir Şahmalıoğlunun səsinin
məsum vaxtında oxuduğu Abbas Səhhətin "Vətən"i.
Məlahət ana 60 ildir ki, Dərbənddə yaşayır. Deyir, Azərbaycanı,
vətən eşqindən bəhs edən mahnıları çox sevir. "Vətən haradır"
sualına isə belə cavab verir:
- Eeey, ay oğul... Bura vətəndir də elə...
Anons: Növbəti yazılarda II Dünya müharibəsinin davam etdiyi bir
zamanda Stalinin qəfildən məscidləri açdırması və bunun səbəbi ilə
bağlı olduqca maraqlı bir video təqdim edəcəyik.
Davamı olacaq...