Əvvəli birinci yazıda
Vətən həsrəti çəkən 60 yaşlı Məlahət ana ilə söhbətimizi
bitirib Dəmirqapıya, yəni Dərbənd qalasına tərəf yol
alırıq.
Dərbəndin bizi çox təəcübləndirməsi və əvvəlcədən beynimizdə
yaratdığımız Dərbəndin stereotiplərdən başqa bir şey olmadığını
səfər xatirələrimizin yer aldığı giriş yazımızda qeyd etmişdik.
Qalaya qalxan pilləkənli yollarda əl-ələ tutan, qucaqlaşan,
nəfəs-nəfəsə dayanan cütlükləri görəndə Dərbənd haqqında nə qədər
yanıldığımıza bir daha əmin olduq. Əvvəlcə fikirləşdik, bu sevgili
cütlüklər turistlərdir. Gözləyirdik ki, indi yerli əhalidən olan
igidlərlə dava düşəcək. Ancaq az sonra həmin cütlüklərin Dərbənd
gəncləri olduğuna əmin oluruq..
Dərbəndliləri izləyə-izləyə Dərbənd qalasına çatırıq. Qalaya
giriş 100 rubldur. (Təxminən 2 manat). Qalanın nəzarətçiləri
Bakıdan gəldiyimizi bilən kimi bizdən pul almaq istəmədi və onun
sözü ilə desək, "qonaq olmağı" xahiş etdi.
Xatirə fotosu çəkdikdən sonra təşəkkür edib, qalaya daxil
oluruq...
Əsrlərlə geri boylanarkən...
Azərbaycanın əsrlərlə əvvəlinə aid tarixi yerləri görmək insana
ayrı bir hiss verir.
Qalanın bürclərindən boylanmaq, yüz illər öncə burda baş verən
tarixi döyüşləri gözünün qabağında canlandırmaq insanda büsbütün
fərqli duyğular yaradır.
Qədim silahlar, dəbilqələr və noqay qızları
Qalanın içərisində yüz illər öncəyə aid olan silahları, döyüş
geyimlərini, qılınc və qalxanları gördükcə həmin dövrlərin döyüş
səhnələri haqqında təsəvvürümüzdəki qəliblər sanki tamamlanırdı.
Qubalı Fətəli Xana aid olan döyüş ləvazimatlarından tutmuş
xanlıqlardan əvvəlki dövrlərə aid olan Şirvanşahların müxtəlif
əşyaları yenicə alınmış əşyalar kimi təzə qalıb.
Qalada yerləşən muzeydən çıxırıq. Bir qədər sonra noqay olduğunu
deyən xanımlar yaxınlaşıb şəkil çəkdirmək istədiyini deyir.
Təkliflərini qəbul edib şəkil çəkdirir və qaladan çıxırıq.
Stalinlə məscid xatirəsi
Qaladan qayıdıb Azərbaycanın Dərbənd tarixinin ayrılmaz hissəsi
olan Cümə Məcidinə gəlirik. Məscidin bu günə qədər gəlib çatmasına
yardım etmiş seyidin sovet illərində məscidi necə qorumasını onun
qızından öyrənirik:
"Müharibə illərində Stalini inandırırlar ki, məscidləri ibadət
üçün açmaq lazımdır ki, orda döyüşən ordu üçün dua edilsin.
Doğurdan da Stalin məscidlərin açılması üçün göstəriş verir. Atam,
əmim və digər insanların köməyi ilə məscidi təmizləyirlər. Yarım
metr qum qazılıb çıxarılır. Çünki uzun zaman orda heç kim ibadət
etməyib və torpaq çirklənibmiş".
Onu da öyrəndik ki, həmin məscid IV əsrdə inşa edilən və
sonradan məscid halına salınan atəşpərəstlik məbədi olub.
Cümə Məscidindən çıxıb yolumuza davam edirik. Qaladan qayıdan
yolda qarşımıza çıxan insan Dərbənd səfərimizin sonuna qədər
bizimlə olacaq.
"Çeçen" saç düzümlü, idmançı görünüşlü
qəhrəman
Maşını saxlayıb bizdən hardan gəldiyimizi soruşdu. "Çeçen"
üslubunda saçı, idmançı görünüşü ilə insanda "dava adamı" obrazı
yaradan bu insan Bakıdan gəldiyimizi bilən kimi maşından düşüb bizi
yaxınlıqdakı kafeyə gətirdi. Kafedəkilərə "bunlar mənim qonağımdır,
özüm də bir azdan gələcəyəm", - deyib, kafedən çıxdı.
Bir qədər sonra bayaq maşını sürən dostu ilə qayıtdı.
Ordan-burdan söhbət edəndən sonra öyrəndik ki, qəhrəmanımızın adı
Kamrandır və kiq-boksinq ustasıdır. Dərbənddə azərbaycanlı uşaqlar
üçün bir yer açıb və onlara bu döyüşün incəliklərini öyrədir.
Bakıda 1 həftəyə 3 min
Bir qədər sonra həmsöhbətimizin bizi niyə qonaq etməsinin səbəbi
aydın olur:
"Yaxın günlərdə dostlarımızla Bakıda qonaq idik. Qonaq deyəndə,
oteldə qalırdıq. 1 həftə yaxşıca gəzib əyləndik".
Həmin bir həftəyə nə qədər pul xərclədiklərini deyir və gözümüz
bərələ qalır.
Dediyinə görə, 2-3 dostu ilə 7 gün ərzində 3 min manatdan çox
pul xərcləyiblər. Həmin pula nəyə görə başqa yerlərdə dincəlməyə
getmədiklərini soruşanda cavabları gözlənilməz oldu:
"Bakıya nə gəlib ki? Əla şəhərdir, küçələri çox gözəldir. Həm də
Bakı yaxındır, başqa yerlərə gedib dincəlməyə zaman olmur. İşlərim
çoxdur".
Dərbəndliləri hərbi xidmətə aparmırlar
Bizi şəhərdə gəzdirmək istədiyini deyən Kamran maşını
oturduğumuz kafenin qabağına sürür. 10 min manatlıq "Priora"
markalı maşına əyləşib şəhər gəzintisinə çıxırıq. Azərbaycanlıların
dolanışığı, şəhərdəki vəziyyət haqqında Kamrandan xəbər alırıq.
Dediyinə görə, azərbaycanlılar Dərbənddə ən yaxşı biznesi olan
millətdir. Elə Kamranın özünün də biznesi pis deyil. Bir neçə
maşınyuma salonunu işlətməklə özünə qiyməti 100 min manatdan baha
olan "Leksus 570" ala bilib.
Kamranla ordan-burdan söhbətləşdikdən sonra xəbər tuturuq ki,
dərbəndliləri hərbi xidmətə aparmırlar. Bunun səbəbini soruşanda
isə verilən cavab gözləniləməz oldu:
"Dərbəndlilər orduda "dedovşina" yaradır. Onlar "çujoy"
əsgərləri döyür. Bunun qarşısını ala bilmirlər. Məcbur qalıb, belə
bir qərar çıxarıblar ki, dağıstanlılar hərbi xidmətə
aparılmasın".
Nədənsə bu söhbəti eşidəndə indi olduğu kimi, Çar dövründə də
müsəlmanların ön cəbhəyə döyüşməyə göndərilməməsi bə niyəsi yadıma
düşür...
(Ardı olacaq)