Bu haqda yazmaq ürəyimcə olmasa da, yazmamaq da mümkün
deyil. Qədim peşə sahiblərinin günün istənilən vaxtı bu bağa
toplaşması və müştəri ovuna çıxması diqqətdən kənar qala bilməzdi.
Köhnə tanışımın gileyi də bu mövzuya müraciət etməyimə təkan
verdi:
- İnan, oturub nəfəs dərmək olmur. Adama elə baxır, elə
təkliflər edirlər ki... bu yaşımda özümü çox pis hiss edirəm.
Köhnə tanışıma, yaşı 70–i haqlamış Əhmədağa kişiyə:
- Qocalıq öz işini görür, – deyib zarafat etsəm də,
dediklərini qəribçiliyə salmadım.
Ta sovetlər zamanından bu bağın – Xalq şairi Səməd Vurğunun
adını daşıyan parkın həndəvərində dolanan yüngül həyat tərzi
keçirən qadınların olması heç kəsə sirr deyil. Müstəqillik
dönəmində də bu məkan özünün ampluasındadır. Parkda bir-neçə dəfə
əsaslı təmir işləri görülüb, köklü dəyişiliklər baş versə də,
haqqında bəhs etdiyimiz adamların ayaqlarını buradan kəsmək mümkün
olmayıb. Yolumu şairin adını daşıyan parkdan saldım.
Qadınlar parka gəzməyə çıxan kişiləri...
Axşam üstüdür. Parkda əyləşib ətrafı seyr edirəm. Köhnə
tanışımın dediyi mənzərə gözümün önündədir. O qədər də gözəl
olmayan, çirkli sifətlərinə ənlik-kirşanı aşırı yaxmaqla daha da
bayağılaşan bu qadınlar parka gəzməyə çıxan kişiləri baxışları ilə
qarşılayıb, elə baxışları ilə də yola salırlar. Uşaqlarını,
nəvələrini parka gəzdirməyə gətirən şəhər sakinlərinin də bu
mənzərəyə ikrah hissi ilə yanaşmaları göz önündədir.
Dodaqları ürək bulandıracaq qədər
Ayağımı ayağımın üstünə aşırıb özümü fikirli, qayğılı
göstərirəm. Üst-başıma əl qatmışam, köynəyimin ətəyini şalvardan
çıxarıb, gödəkcəmin boyunluğunu qaldırmışam. Kimsəsiz, köməyə
ehtiyacı olan nabələd adam görkəmim ətrafdakı insanların mənə
yazığı gələcək qədərdir. Çox keçmir, tum çırtlayan, yöndəmsiz,
qarnı sallaq, boyalı sifəti və dodaqları ürək bulandıracaq qədər
olan bir qadın mənə yaxınlaşır. Nəzakətlə: "burada otursam, mane
olmaram ki?" - deyə icazə alır. Bir qədər də kənara çəkilirəm:
- Otur, dədəmdən qalmayıb ha, – deyib özümü
yontalanmamış biri kimi göstərirəm.
Oturur, məni yanpörtü süzür, gödəkcəsinin cibindən tum çıxarıb
mənə də təklif edir:
Qıjılıq eləmə...
- Xanımla o cürnə danışmazlar. Deyəsən heç qadın, məclis,
kulturnu yer görməmisən, - deyir.
Tumdan götürürəm.
- Niyə görməmişəm? Hər tərəf qadın deyil? Biri elə
sən...
Sarı saçlarını qulaqlarının ardına daraqlayır, qəribə bir
təbəssüm var çöhrəsində. Tumun qabıqları ağzının künclərinə yapışıb
qalıb. Əlinin içi ilə ovurdunu silir:
- O mənada demədim. Qadınla danışmağı öyrən. Qıjılıq
eləmə...
Mən isə "qıjılığımdayam":
- Qadınla hansı dildə danışmalıyam ki? Guya məni başa
düşmürsən?
- Adam tanımadığı xanıma "siz" deyə müraciət edər. Mən səni başa
düşürəm e, sən məni başa düşmürsən, – deyir və məni öyrənirmiş kimi
yenidən təpədən dırnağa qədər süzür.
Dinmirəm. Dərindən ah çəkirəm. Bu ahdan sonra diqqəti bir qədər
də üstümdə cəmləyir. Əlimi cibimə salıram. Pulumu çıxarıb sayıram
və təzədən cibimə qoyuram. Sezdirmədən müşahidə edirəm. Hiss edirəm
ki, o da pulumu sayır. Kimliyimi, haradan gəldiyimi soruşur.
Rayonlu olduğumu, oğlumun əsgərlik məsələsini danışmağa gəldiyimi,
bir nəfərin elə buradaca pulumu alıb getdiyini və iki gündür onun
yolunu gözlədiyimi deyirəm. Təhər-töhrünü soruşur. Deyirəm.
Cibindən mobil telefonunu çıxardır. Kiməsə zəng vurur. Xəttin o
başındakı adamın sözləri aydın olmasa da, səsi eşidilir. Qadın ona
uzaq qohumunun pulunun aldadılaraq əlindən alındığını deyir və
xahiş edir ki, kömək etsin.
- Qalmağa yerin varmı? Bəs harada qalırsan? Sir-sifətindən yalan
danışana oxşamasan da, aldanana da oxşamırsan...
- Yox, qalmağa yerim yoxdur. İki gündür vağzalda
yatıram.
Mənə bu istiqamətdə də yardımçı ola biləcəyini deyir. Söhbətə
girişirəm.
Ay bədbəxt, iki gündür səni...
Qadınlarla maraqlanıram.
- Ürəyindən keçir? Təşkil edə bilərəm...
Çiyinlərimi çəkməklə razılığımı bildirirəm. Bir az da utancaq
görkəm alıram:
- Kənddə bilərlər, evim yıxılar e...
- Ay bədbəxt, iki gündür səni... heç qorxmursan, indi kimdir
kəndə xəbər aparan?
Söhbətimiz bundan sonra məcrasına düşür. Əsgərlikdə rus qızları
ilə oturub-durduğumdan danışıram. Arada adını soruşuram.
- Gülya deyirlər, sən də belə de, – deyir.
- Mənə yaxşısını tap, evi olsun. Gələndə onlara
düşüm.
Gözünü arada pul qoyduğum cibimə zilləyir. Konturunun az
olmasından gileylənir. Deyir ki, 2 manatlıq "cin"i olsaydı, bu
dəqiqə mənim üçün yaxşı bir "xala" tapardı, deməsindən başa düşdüm
ki, artıq qarmağını atıb.
- Alaram, – deməyimi görürəm, yerini bir qədər
də rahlayır. Gözümün içinə zəndlə baxır. Sifətindən ifadə edə
bilmədiyim həyasızlıq tökülür. İndi fərqinə varıram, üst-başından
xoşagəlməz qoxu gəlir.
- Mənə də 20 manat verərsən. 20 manat da o qadına. Evdə
qalacaqsan da gecəni, buna görə də 10 manat.
Məni təəccüb bürüyür. Bu necə də mənim saydığım pulu dəqiq
hesablayıb! Qəpiyi-qəpiyinə. Onun dediyi rəqəmlə razılaşmıram. Bir
qədər aşağı-yuxarı, 15 manat endirim edir. Bu dəfə qiymət məni
"qane eləyir".
- Amma hələ tələsmə, həyacanlıyam, qoy bir qədər vaxt
keçsin, - deyirəm.
Razılaşır. Bağın bizdən əks tərəfində oturan qadınlardan birinə
əl edir. Arıq bir qadın yellənə-yellənə bizə yaxınlaşır. Gülya
üzünü mənə çevirir:
- Buna 2 manat ver, qoy, kontur alsın.
Verirəm.
Qadın gözlərini süzdürüb uzaqlaşır. Kənardakı adamların mənə
nifrətlə baxmasının fərqindəyəm. Fotoreportyorumuz İsmiyə acığım
tutur. Burda olsaydı, şəkilləri çəkər, məni də vəziyyətdən çıxara
bilərdi...
İşimiz olsaydı, bu yola düşərdikmi?!
Təxminən 10 dəqiqədən sonra arıq qadın konturu gətirir. Fikir
verirəm. 1 manatlıqdır. Demək, bunlar şərik işləyir. Aralanmaq
istəyəndə Gülyaya:
- Bu da pis deyil ha, – deyirəm.
- Meylin çəkirsə, deyim? Yeri də var, amma mənim haqqımı bəri
başdan ver...
Gülya ilə bir az da "doğmalaşırıq". Soruşuram ki, kənddən 5-10
nəfər adam arada fəhləliyə gəlirik, istəsələr yanına gətirim?
Qadının çiçəyi çırtlayır. Elə hal olsa, məndən haqq
almayacaqlarını deyir.
- Bəs sizə mane olmurlar?
- Niyə olmurlar. Olurlar. Onlar göz açmağa imkan verir ki... çox
vaxt öyrədilmiş kişiləri göndərirlər, qızları iş başında tuturlar,
qazandıqlarını əllərindən alırlar. Çox vaxt da cərimə edirlər.
Bizim dolanışığımızı allah kəssin. Adam da şeynən çörək qazanar?
Zəmanə belədi də... işimiz olsaydı, bu yola düşərdikmi?! Səni
aldadıb pulunu alan adamın işi olsaydı, heç belə fırıldaq da
eləməzdi axı...
Danışır və danışdıqca da özümü pis hiss edirəm... Əslində düz
deyirdi. Amma...
Sağollaşmadan ayağa dururam. Arxamca baxır...