Əvvəllər Nərimanov parkında dahi inqilabçı, yazıçı və
həkim Nəriman Nərimanovun heykəli vardı.
İndi o heykəl yoxdur. Yerində gül-çiçək əkilib. Parkın dörd bir
yanı kafe və çayxanalardan ət-ətədir.
Bu parkı şəhərimizin başqa parklarından fərqləndirən cəhətlərdən
biri son 3-4 ildə burada bir-neçə dəfə əsaslı təmir-tikinti
işlərinin aparılmasıdır. Bunun kifayət qədər maliyyə mənimsəməsinə
səbəb olmasını deyənlər də az deyil. Lakin bu, başqa yazının
mövzusu olduğuna görə üstündən keçirik. İndi isə fotomüxbirimiz
Emin Nihillə haqqında bəhs etdiyim parkdakı müşahidələrimizi
"Axar.az"ın dəyərli oxucuları ilə bölüşürük.
Mən qorxaq adamam, qardaşoğlu
Parkın girəcəyində yaşlı kişi qara rəngli, içərisində günəbaxan
tumu olan torbasından iki ədəd siqaret qutusunu çıxarıb qapağını
açır, səliqə ilə alçaq daş barının üstünə qoyur. Yaxınlaşıram.
Söhbətə körpü salmaq üçün onda olmayan siqaretdən soruşuram.
"Yoxdur,- deyir.- Mən iki qutunu gilə-gilə ancaq satıram". Eminə
işarə edirəm ki, kişinin şəklini çəksin. "Neynirsən, a bala,- sonra
da üzünü mənə tutur.- Sənə nə lazımdır?"
- Əsgər yoldaşıma oxşatdım, ona görə yaxınlaşdım.
Köhnə eynəyini üstündən təəccüblə sifətimə baxır:
- Dolamısan məni, mənim 76 yaşın var.
- Amma çox cavan qalıbsan.
Zarafatıma zarafatla cavab verir: - Düz deyirsən, hələ arvad
evdə günümü bir az qara edib.
Söhbətimiz alınır. Kişi danışmağa başlayır.
- Adım Həmzədir. Özüm də yerazam. Pensiyadayam. 88-də
gələnlərdənəm. Erməni ilə evimi dəyiş-düyüş etmişəm. Günə 6-7 manat
da burdan qazanıram. Allaha min şükür".
Ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı sualıma isə, "guya
dediklərimi yaza biləcəksən? Mən qorxaq adamam, qardaşoğlu. Qoy
tumumu satım",- deyir.
Gənclər mane olur
Parkda nəzərimizi körpələri uşaq arabalarında gəzdirən iki qadın
cəlb edir. Yaxınlaşırıq. Söhbət edirik. Xanımlardan biri əslən
Qubanın Çiçi kəndindən olan Ela, o biri isə Balaxanıda doğulub,
ailəsi ilə Əhmədlidə yaşayan, Sevdadır. Hər ikisi dayədir. Elanın
"uşağının" adı Gülçöhrədir: "Valideynləri çox alicənab insanlardır.
Mənə 500 manat zəhmət haqqı, gündə də üç dəfə yeməyimi verirlər.
Səhər saat 8-dən axşam 9-a qədər Gülçöhrə mənim balamdır. Sonra
valideynlərinə təhvil verirəm. Bu uşağa o qədər bağlanmışam ki, elə
bilirəm ki, onu özüm dünyaya gətirmişəm".
Sevda xanım da balaca Nurayının valideynlərindən razılıq edir:
"Yaxşı insanlardır. Mənə də ürək qızdırırlar. Balalarına öz balam
kimi baxıram, iş yeri kimi gəlib-getmirəm bura. Görməyəndə
darıxıram. Yoldaşım da işləyir. Mən də dayə kimi bu uşağa baxıram.
Səhərdən axşam saat 7-yə qədər uşaqla bir oluram". Sevda xanımın
maaşı isə 350 manatdır.
Hələ belə öpüş görməmişəm
Yaxınlıqda iki yaşlı qadın oturub. Zinaida Petrovna və Sevil
xanım. Sevil xanım deyir ki, gərək 5 dəqiqə tez gələydin. Burda bir
oğlanla qız elə öpüşürdü ki, marçıltıları aləmi götürmüşdü. 43 il
ərdə olmuşam, hələ belə öpüş görməmişəm. Deyir və gülür.
Zarafat edirəm:
- Paxıllığın tutdu?
- Yox, əşşi, Allah vurmuşdu onları. Qovduq burdan. Öpüşməyin də
təhri var da. O gedələr o qızları almayacaq. Adam da arvadı edəcəyi
qızı günün günorta çağı xalqxın içində basmarlayar? Gənclər
istirahət etməyə mane olur.
Adım Marksdır - Markıs Ağayev
Bir qədər aralıda isə yaşlı kişilərin şıdırğı nərd oyunu gedir.
Salam verirəm, "oyunçu aparsın",– deyirəm. Hazırcavab, qalstuklu
kişi: "Narahat olma, onsuz da oyunu aparıram, bunun bütün
"polyasını" tutmuşam, daşları da "plendir",- deyir.
Jurnalist olduğumuzu Eminin əlindəki foto-kameradan bilir. Tanış
oluruq.
- Adım Marksdır. Markıs Ağayev. Karl Marksın şərəfinə məni belə
adlandırıblar. Mənim bütün nəslim bolşevik olub. "Slujbada"
olmuşam, indi "Otstavkadayam".
- Deyəsən hərbçi olmusuz.
- Hə, mayor kimi ordudan uzaqlaşmışam. Sovet vaxtı çox yerlərdə
xidmətdə olmuşam. Yüksək təqaüd alıram. Özümə də, nəvələrimə də
çatır. Qara gün üçün də tədarükümü görmüşəm.
Keçmiş hərbiçidən Milli Ordumuz haqda soruşuram.
- İndi, Zakir Həsənov gələndən sonra hər şey yaxşı olmalıdır. O,
milli adamdır. Səfər Əbiyev şişmişdi, kitelinə sığmırdı. Dilimizi
bilmirdi. Bu yox, "molades" buna, gələn kimi islahatlara
başladı.
Mənə 7 not bəs eləmir
Kənardakı stolda isə bir nəfər dil boğaza qoymur. Nərd
oynayanların başına xeyli adam toplaşıb. Danışqan oyunçu Eminin
şəkil çəkdiyini görüb: - İcazəsiz olmaz. Məhkəməlikdir bu,- deyir.
Bir soruşun da... Bəlkə "ÇRU"-nun agentisiz?
Ətrafdaklar gülüşür. "Məclis" onun məclisidir, hiss olunur ki,
seyrçilər də bunun danışığına və oyununa diqqət kəsilib.
Sonra harda işlədiyimizlə maraqlanır. Mətbuatdan olduğumuzu
bilən kimi, oyuna ara vermədən danışır:
- Mən məşhur kompozitor və gitaraçıyam. Etibar Qasımov, bəlkə də
eşitməmisiz, başınız qarışıq olub, bilirəm.
Sonra da mobil telefonunu açıb bir çəkiliş göstərir:
- Bunu Zəncanda çəkiblər, İranın ən gözəl məkanında. Orda məni
yaxşı başa düşürlər. Bax, burda gitaranı "ağladan" mənəm. Qalan
çalğıçılar "mesnidir". Mən dahi sənətkaram, yiyəm yoxdur. Rəmiş,
Mahmud, İdrak ortabab gitara çalandır. Mən musiqi bəstələyirəm.
Məni heç kəs duymur. Mehriban xanıma müraciət etmişəm. O,
yetim–yesirin anasıdır. Mənim və Azərbaycan musiqisinin nicatı
yalnız onun verdiyi qərardan aşlı ola bilər.
- Musiqilərini nota köçürmüsən?
- Yox, mənə yeddi not çatmaz. Mən qəlblərə köçürürəm
əsərlərimi...
Və... qədim peşə sahibləri
Sir-sifətindən hansı yuvanın quşu olduqları ilk baxışdan
bəllidir. Gözləri ilə yaxınlıqdan keçən bütün kişiləri "qarşılayıb,
yola salırlar". Diqqətlə üzünə baxıram. Göz vurur. Yaxınlaşıram.
Salam vermədən, vaxtının az olduğunu, qərarımı tez verməyimi tələb
edir. Mən isə onu sorğu-suala tuturam:
- Adın nədir?
- Adımı neynirsən, adımı heç kimə verə bilmərəm. Bəyənmirsənsə
məni, gözlə, indi qızlar gələcək, birini seçərsən.
-Yox, mən elə bildim, sən burda iş üçün oturmusan, ona görə
yaxınlaşdım.
- Elə işimdir də bu. Əvvəllər Keşlədə kafedə işləyirdim. Həm
qab-qacaq yuyurdum, həmdə indi gördüyüm işi məcbur, özü də pulsuz
gördürürdülər mənə. İndi Allaha şükür, qab-qacaq zad yumuram, bu
işi də pulnan görürəm. Millətə xidmət etmək şərəfdir.
Həyasızcasına dişini ağardır və əlavə edir: - Get işinin-gücünün
dalıyca, o şəkil çəkəninə də de, alıb təpəsinə çırparam
"çırt-çırtını". Səni tanıdım, sənə qız-zad lazım deyil. Ac adama
oxşamırsan.
- Nədən tanıdın?
- Gəlib-gedənə fikir verirəm. Kişiləri uzaqdan "rastomoşka"
eləyirəm ki, kim kimdir. Bura təsadüfdən yad adam gəlir. Sənin o
şəkilçəkənə göz vurmağından, işarə verməyindən gördüm ki, ev
yıxansan, çörək verən deyilsən. "Duxlu" cayılsan, o gedəni
görürsən, narkomandır, onun şəklini çək e, bizi hər gün döyüb
pulumuzu əlimizdən alır.
Emin narkomanın şəklini çəkir.
Yerə əlavə 10 manat verəcəksən...
İki skamya kənarda otururam. Az keçmir sarışın saçlı bir xanım
yaxınlaşır və etinasızcasına bir qədər aralı oturur. Çantasından
dönər çıxarıb, mənə tərəf dönür, qonaq etmək istəyir. Təşəkkür
edirəm.
"Tək çörək yeyəndə boğazımdan keçmir. Elə bilirəm, kimsə hardasa
acdır",- deyir və səliqə ilə dönərdən qoparıb yeməyə başlayır.
Kənara baxıram, o isə altdan-altdan məni müştəri gözü ilə
süzür.
- Burda kimisə gözləyirsən? - soruşur.
Söhbətimizə beləcə körpü salınır. Sual verib, məni danışığa
çəkən o olur.
Adının Çiçək, xalası oğlu olmuş ərinin rəfiqəsinə vurularaq onu
iki uşaqla tək qoymasından danışır və axırda da deyir ki, bəs nə
edim, durum onun yetimini nəynən saxlayım? Mənim müştəri olmadığımı
bilənə qədər isə saatı 15 manata getdiyini, mənim isə sakit adama
oxşadığıma görə 5 manat "skidka" edəcəyini deyir. Onu da əlavə edir
ki, əgər yerim yoxdursa, yer üçün də əlavə olaraq 10 manat
ödəməliyəm... Mənim isə heç də bu istəkdə olmadığımı bilən kimi,
qəzəblə:
- Bəs burda niyə oturmusan, yer qəhətdi başına?- deyib hirslə
ayağa durur.
Parkın girəcəyindəki ilk skamyada isə iki gənc qız və bir yaşlı
rus qadını oturub. Qadın özünü Tatyana İvanovna kimi təqdim edir.
Əlində qəzet var. "Havalar əl verəndə gəlib gəzirəm, mütaliə
edirəm,- deyir.- Burda axşamlar pozğun qadınlar, narkoman kişilər
olur. İndi hələ yaxşıdır".
Qızlar isə yaxınlıqdakı kollecin tələbələridir. Kollecdə
kompüter öyrənirlər. Bura isə dərsin başlanmasına hələ xeyli
qaldığına görə gəliblər: "Rahat oturmağa qoymurlar, gələn göz
vurur, işarə edir, hırıldayırlar".
Qızlara məsləhət görürəm ki, burda yox, o tərəfdəki skamyalardan
birində otursunlar: "Onda istirahətinizə heç kəs mane olmaz".
Qızlar məsələnin nə yerdə olduğunu anlayıb, "aaaa", deyərək cəld
ayağa dururlar.
"Bəli, burdakı ilk üç skamyada əsasən qədim peşə sahibləri
oturur. Həmişə yox, günün müəyyən vaxtlarında, kişilərin yaddaşında
isə bu yer bütün vaxtlarda belə qalıb",- Tatyana İvanovna belə
deyir...