Yuxarı

Sandıq arxasında gizlənən Hüseyn Cavid - Fotolar

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sandıq arxasında gizlənən Hüseyn Cavid - Fotolar

Mən fəqət hüsnü-xuda şairiyəm,

Yerə enməm də səma şairiyəm...

Əsərlərindən və bir də fəlsəfi dünyasını əks etdirən şəkillərindən, heykəllərindən tanıdığımız Hüseyn Cavidin 17 il yaşadığı və bu illər ərzində dar mənzildə bütöv bir bəşəriyyətə sığmayan dərin mənalı əsərlər yazıb-yaratdığı evini tanımaq üçün üz tutduğumuz məkan "hüsnü-xuda şairi, səma şairi" olan Cavid əfəndinin ev-muzeyi oldu.

Muzey 4 otaqdan ibarət olsa da, bizə bələdçilik edən elmi katib Firuzə Mustafayeva bildirdi ki, Cavid əfəndi öz ailəsi ilə yalnız iki kiçik otaqda yaşayıb. Bizim muzeylə tanışlığımız "Cavidin əbədiyyəti" adı verilən otaqdan başlayır. Otaq başdan-başa Cavid yaradıcılığını əks etdirir. Daxil olan kimi Hüseyn Cavidin əsərlərinin adının xronoloji ardıcıllıqla yazıldığı və teatr səhnəsini xatırladan lövhə ilə qarşılaşırsan. Lövhədə tamaşaya qoyulan əsərlərin afişalarına baxdıqca insan bir anlığa 100 il öncəyə - XX əsrin əvvəllərinə qayıdır. Bu otaqda həm də Cavidin sağ ikən və ölümündən sonra nəşr olunan kitabları, eyni zamanda Cavid əfəndi haqda yazılan kitablar toplanıb.

Bu otaqdan ayrılıb "Cavidin şöhrəti" adı verilən otağa daxil oluruq. Otaqda müxtəlif şəkillər, saysız-hesabsız eksponatlar olsa da, diqqətimizi daha çox dahi sənətkarın böyük portreti cəlb edir. Cavid əfəndinin müəllifi olduğu əsərlərindəki obrazlar bu böyük söz ustadını mələklər cildində dövrəyə alaraq birlikdə Cavid dünyasını yaradıblar. Təsadüfi deyil ki, bu portretin adı da elə "Cavid dünyası"dır.

Otaqdakı sekretarda isə 24 yaşında dünyasını dəyişmiş Ərtoğrul Cavidin əlyazmaları, qeydləri və şahmatla bağlı fikirlərini qeyd etdiyi kağızlar və bir də şahmat taxtası, üstündə də düzülmüş fiqurlar durur. Onlar sanki öz oyunçularının yolunu gözləyirlər.

Firuzə xanım bildirir ki, muzeyin təşəbbüsü ilə Cavid əfəndinin bütün əsərləri toplanaraq beş cildlik kitabda nəşr olunub:

"Digər ev-muzeylərdən fərqli olaraq Cavid əfəndinin ev-muzeyində həm də elmi-tədqiqat işləri aparılır. Sovet hakimiyyəti illərində Cavidin nəşr olunan əsərlərində müəyyən ixtisarlar olub. Sonradan qızı Turan xanım Cavidin bu əsərlərinin orijinal variantını tapıb. Muzeyin nəşr etdiyi bu beşcilddə həmin əsərlərin orijinal variantı toplanıb. Bundan əlavə, Hüseyn Cavidin "Şeyda" əsəri on dilə tərcümə edərək çap olunub".

Bu otaqdan ayrılıb "Cavid ömrü" adı verilən otağa daxil oluruq. Bu otaq Cavid əfəndinin 17 il yaşadığı, yazıb-yaratdığı bir otaqdır. Otaqda qoyulmuş masa və ətrafındakı dörd kətil sanki öz sahiblərinin yolunu gözləyir. Burada hər şey sükut içindədir. Bu sükutu isə yalnız Firuzə xanımın həzin səsi pozur:

"1937-ci ilin 4 iyungecəsi NKVD-nin əməkdaşları Cavidi həbs edib apararkən onun əlyazmalarını da müsadirə edib aparıblar. Ancaq nəyaxşı ki, onlar bu masanın altında çəkməcənin olduğunu unudublar və beləcə, bu masa Cavid əfəndinin bəzi əsərlərini qoruyub saxlayıb. Böyük Cavid gecələr yazdığı əsərlərini masanın altındakı bu çəkməcəyə atarmış..."

37-ci ilin iyun gecəsindən sonra bir-birindən ayrı düşən ailə sanki yenidən bu otağa toplaşıb. Ancaq indi bu otaqda dolaşan onların yalnız ruhudur, cisimləri isə əbədiyyətdə...

Firuzə xanım danışdıqca otaqdakı sandıq diqqətimizi cəlb edir. Bunu görən Firuzə xanım sandıq haqqında maraqlı bir tarixçə danışır:

"Cavid əfəndi Müşkünaz xanımı ilk dəfə bu sandığın arxasında gizlənərək görüb bəyənmişdi. Belə ki, bacısının təhriki ilə evlənməyə razılıq verən Cavid əfəndi Müşkünaz xanımı görmək üçün bu sandığın arxasında gizlənir".

Düzdür, gizlənmək Cavid əfəndinin xarakterinə yad idi. Hətta Stalinin cəza maşını qarşısında gizlənməyən Cavid ömründə tək bir dəfə gizlənib – Müşkünaz xanımı görmək, bəyənmək və sevmək üçün...

Növbədəki sonuncu otaq isə "Cavidin faciəsi" adlanır. Bu otaq ailənin yataq otağı olsa da hazırda ziyarətçilərə repressiya qurbanı Hüseyn Cavidin faciəsini xatırladır. Digər otaqlardan fərqli olaraq bu otaq bir qədər qaranlıqdır.

Divardan asılmış böyük tabloda Cavid və digər repressiya qurbanları tikanlı məftillər arxasından sanki ziyarətçilərə baxırlar. Onların gözündəki dəhşət otağa qəribə bir abı-hava gətirir. Firuzə xanım bildirir ki, bu otağa "Cavidin faciəsi" adı verilib: "Əslində bu otaq ailənin yataq otağı olub. Ancaq Turan xanım istəməyib ki, muzeydə yataq otağı olsun. Ona görə də biz bu otaqda repressiya qurbanı olan Cavidin faciəsini əks etdirməyə çalışmışıq".

Boş qalmış yazı masası. Üstündə yarımçıq qalmış yazı, qələm, mürəkkəbqabı. Masanın üstündə yarımçıq qalmış "Azər" poemasından parçalar. Cavid əfəndinin əlyazmaları... Sibirdən göndərdiyi məktublar və daha nələr... Hər şey öz yerində. Bircə Cavid və Cavidlər ailəsindən başqa...

Masanın üstündəki yarımçıq qalmış əlyazmalardan gözümüzü ayırıb yuxarı baxanda yenə tikanlı məftillər arxasından Cavidin siması görünür və qulaqlarımızda bu böyük insanı bizdən birdəfəlik alıb aparan 30-cu illər repressiya qatarının fit səsləri, dəmir relslərdən qopan dəhşət dolu gurultulu səsləri eşidilir. Arxa fonda isə Sibir buzlaqları, həbs düşərgələri və repressiya qurbanlarının faciəsi göz önünə gəlir...

Firuzə xanım deyir ki, Cavid əfəndi Sibirdən göndərdiyi məktublarda xüsusi vurğu ilə "Turan əmanəti, Turandan muğayət olun", - deyə yazırdı. Sanki böyük Cavid yaradıcılığını qoruyub-saxlamaq yükünün bu balaca qızcığazın, Turan xanımın zərif çiyinləri üzərinə düşəcəyini əvvəlcədən duyur, əvvəlcədən hiss edirmiş... Elə 1982-ci ilin oktyabrında Heydər Əliyevin təşəbbüsü ilə böyük Cavidin nəşi Bakıya gətiriləndə də onu qarşılayan Turan Cavid olur. Nəşə yaxınlaşan bu böyük ailənin yeganə üzvü gözləri dolmuş halda əlini xəfifcə nəşin üstünə qoyur və: "Baba, biz ayrılanda 4 nəfər idik, indi isə səni qarşılamağa tək gəlmişəm..."

Dərin təəssüratlar içində gəldiyimiz kimi geri, əvvəlki otağa qayıdırıq. Firuzə xanım muzeyin yaranma tarixindən, muzeydəki eksponatlardan danışsa da, daha dinləmək gücündə deyildik. Qulaqlarımızda elə hey uzun-uzadı fit səsləri, gözlərimiz önündə isə faciəvi ailə tablosu. Kadr arxasında isə əzəmətli bir səs eşidilir, bu, Cavid əfəndinin səsi idi:

Bəni öldürsələr də bən yaşaram,

Tərk edib xəlqi xaliqə qoşaram...

Tarix
2014.05.09 / 18:44
Müəllif
Hikmət Kərimoğlu
Digər xəbərlər

Nazirdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

“Liv Bona Dea” məhkəməyə saxta sənəd verib – Köçərli

Niderland parlamentinin Bakıya qarşı qərəzli sənədi… - Səfir

Şahin Mustafayev Ermənistanda səfərdədir - Foto

Ukraynanın Putini dəli edən zərbəsi: Rusiya çökə bilər

Ermənistan Azərbaycanla sərhəddə silah anbarlarını boşaldır

Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev

İranın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş

Meloninin səfərinə hazırlıq: Əmirbəyov Çirielli ilə görüşdü

Erməni general yenə Hindistandadır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla