Bu gün paytaxtda fəaliyyət göstərən bazarlarda nə desən,
tapmaq mümkündür - göy-göyərtidən tutmuş istənilən ölkədə yetişən
meyvə-tərəvəzə kimi. Əksəriyyətinin də satışında nə gigiyenik
qaydalara əməl edilir, nə də normal həkim nəzarəti
var.
Belə bazarlardan biri də xalq arasında "Vosmoy bazarı" kimi
tanınan "8-ci kilometr bazarı"dır. Bu bazarı urvatdan salan birinci
məsələ bazar ətrafında qalaqlanan zibilliklərdir. Zibillərin
vaxtaşırı yığılmaması, kanalizasiya sularının küçələrə axıdılması,
xarab meyvə-tərəvəzin hara gəldi atılması, bazarətrafı küçə
ticarəti və daha nələr bazarın əsas problemlərindəndir. Müvafiq
qurumlar tərəfindən bununla bağlı bir neçə dəfə cərimə tətbiq
edilsə də, vəziyyət düzəlmir ki, düzəlmir. Bunun acısını isə
ərazidə yaşayan sakinlər və bir də bazara üz tutan alıcılar çəkir.
Bazara yaxın binalarda yaşayan sakinlər məsələ ilə bağlı dəfələrlə
müvafiq orqanlara müraciət etsələr də, mənzərə olduğu kimi qalır.
Nə təmizliyə əməl edən var, nə də ətrafa dağılan zir-zibili, qida
qalıqlarını təmizləyən. Buna görə isə üfunətdən bazar ətrafına
yaxınlaşmaq mümkün deyil. Əgər havaların tədricən qızmasını nəzərə
alsaq, o zaman yaxın günlərdə mənzərənin hansı durumda olacağını
təsəvvür etmək heç də çətin deyil.
Bu barədə bizimlə söhbət edən sakinlər bildirdilər ki, havalar
qızdıqca, yay aylarında bazar ətrafında vəziyyət daha da dözülməz
olur:
"İndi havalar o qədər də isti olmadığı üçün vəziyyət nisbətən
yaxşıdır. Ancaq yay aylarında burada nəfəs almaq mümkün deyil. Hər
tərəf antisanitariya, zir-zibil içərisində olur. Yaşadığımız binaya
yol bazar yaxınlığından keçdiyi üçün biz də hər gün bu yoldan
gedib-gəlməyə məcburuq. Mənzərəni isə özünüz görürsüz, satıcılar
çürümüş meyvə-tərəvəzi hara gəldi tökürlər. Zibillər vaxtaşırı
yığışılmır. Bundan əlavə kanalizasiya sistemi yaxşı işləmədiyindən
çirkab sular yola axıdılır. Məsələ ilə bağlı dəfələrlə Nizami Rayon
İcra Hakimiyyətinə, mənzil istismar sahəsinə və bazar rəhbərliyinə
müraciət edib bildirmişik ki, bu zir-zibili yığışdırsınlar, ancaq
baxan yoxdur".
Sakinləri narahat edən digər bir məsələ isə bazar ətrafından
keçən maşın yollarının satıcılar tərəfindən zəbt olunmasıdır. Bakı
şəhər Ticarət və Xidmət Departamenti tərəfindən küçə ticarətinə
qadağa qoyulmasına baxmayaraq, adıçəkilən bazarın ətrafından keçən
avtomobil yollarında satıcılar öz ticarət köşklərini qurublar.
Sakin Əlövsət Məmmədov isə bu işdə bazara nəzarət edən polis
əməkdaşlarını qınadı:
"İcra hakimiyyətinin nümayəndələri, polis əməkdaşları küçə
ticarətinə qarşı mübarizə apardıqlarını söyləyirlər. Ancaq küçə
ticarətinə rəvac verən özləridir, özləri sahibkarlarla əl olub
qanunsuz yolkənarı alverə göz yumurlar".
Bazar ətrafı yollar küçə ticarətçiləri tərəfindən zəbt edildiyi
üçün axşam saatlarında işdən çıxan insanların evə getməsində
problemlər yaranır. Belə ki, yolda yaranan tıxac insanların
vaxtında mənzil başına çatmasını sözün həqiqi mənasında
əngəlləyir.
Ucuz ətin şorbası olmaz...
Yol kənarına düzülən balıq və balıq məhsulları isə sözün həqiqi
mənasında zir-zibil içərisində satılır. Bazarda satılan ət
məhsulları isə laboratoriyalarda demək olar ki, yoxlanılmır. Bu
sahədə adıçəkilən bazara nəzarət edən həkim sahibkarlardan pul
yığmaqla öz işini bitmiş hesab edir. Ancaq nəzərə almaq lazımdır
ki, yay aylarında qida məhsullarının xüsusi nəzarət altında və
lazım olan temperaturda saxlamaq olduqca vacibdir. Çünki bu aylarda
vaxtı keçmiş istənilən qida növü insan sağlamlığı üçün birbaşa
təhlükədir. Ən çox qida zəhərlənmələri isə balıq və balıq
məhsullarına görə baş verir. Ona görə də belə məhsulların saxlanma
şəraitinə xüsusi fikir vermək və lazım olan temperaturda saxlamaq
lazımdır. Belə ki, balıq məhsulları növündən asılı olaraq onların
saxlanma müddəti, şəraiti və temperaturu da müxtəlifdir.
Mütəxəssislər hesab edirlər ki, ilin isti vaxtlarında müvafiq
şəraitdə təzə balığı 24 saat, soyuq vaxtlarda isə 48 saatdan artıq
saxlamaq olmaz. Adıçəkilən bazarda isə balıq və balıq məhsulları
heç bir qaydalara əməl edilmədən qızmar günəş altında, küçənin
ortasında satılır.
Bəzi alıcılar isə buradakı şəraitdən, çirkabdan şikayətlənsələr
də, qiymətlərin nisbətən ucuz olduğu üçün bu bazara üz tutduqlarını
söylədilər:
"Bu bazarın nə gündə olduğunu özünüz görürsünüz də. Bu haqda nə
isə demək artıq olardı. Hər tərəf zir-zibil içərisindədir. Mən özüm
bu yaxınlıqda yaşadığımdan demək olar ki, hər gün buradan bazarlıq
edirəm. Başqa yerlərdə təmizlik olsa da, qiymətlər bahadır. Ona
görə də bura qaçırıq", - deyə adının Nəzakət olduğunu deyən
həmsöhbətimiz bildirdi. Nəzakət xanım bazara rəhbərlik edənləri də
qınadı: "Bu qədər pul yığırlar, ancaq bazarın təmizliyinə fikir
vermirlər. Hara gedirsən üfunət ətrafı bürüyüb. Belə olmaz
axı".
Pul alırlar, zibili də təmizləsinlər
Məsələ ilə bağlı suallarımızı cavablandıran satıcılar deyilən
iradların heç birini qəbul etmədilər. Hətta özlərinə haqq
qazandırmaqdan belə çəkinmədilər. Satıcılar bütün məsuliyyəti bazar
rəhbərliyinin üstünə atdılar.
"Vaxtaşırı yerpulumuzu verib öz işimizlə məşğul oluruq.
Bazardakı antisanitariyanın isə bizə heç bir dəxli yoxdur. Bu işlə
bazar rəhbərliyi, aidiyyəti qurumlar məşğul olmalıdırlar. Bizdən
yerpulu aldıqları kimi zəhmət çəkib burda yığılıb qalan zir-zibili
də təmizləsinlər", - deyə, satıcılar bildirdilər.
Həqiqətən də satıcılardan vaxtaşırı yerpulu yığan bazar
rəhbərliyi təmizlik işləri gələndə görünməz olur. Son nəticədə isə
bunun əziyyətini sadə insanlar çəkir.