Bazar gün Aqşin Yeniseyi yoluxmağa getmişdim. Bakı şəhər 1 saylı
kliniki xəstəxananın infeksiya şöbəsinin 3-cü qatınıdakı 4 saylı
təkadamlıq odada yerləşdirilmişdi. Palatada qardaşı Elnur tək idi.
Şairi soruşdum, ayaqyolunu göstərdi, "əl üzünü yuyur", - dedi.
- Yatmışdı?..
Qardaşın yorğun, yuxusuz gözlərinin dərinliyindən güclə
seziləcək sevinc dediyi sözlərə işıq tutdu:
- Belə də... Əvvəlki iki gündən çox yaxşıdır. Yatır. Yaxşıdır.
Ziyarətçiləri çox olur, dincəlməyə vaxt tapa bilmir.
Bu, şairin qardaşının gileyi deyildi. Burda bir arxayınçılıqda
hiss olunurdu. Bu qədər tanınmış dostu, sirdaşı, oxucusu olan şairə
heç nə olmaz. Onların sevgisi, duaları qoruyar...
Şair ona dəyməyə gələnlərin çox olmasını ötən həftənin 6-cı günü
1937.az-ın uşaqları ilə getdiyimdə özü də demişdi. Elə bu gün –
yəni bazar günü də deyəcəkdi...
Aqşin Yeniseyə diqqət çox yüksək səviyyədədir. Səhhətində
yaranan xoşagəlməz olay, onu tanıyan, oxuyan bütün oxucularını
üzür. Sosial şəbəkələrdə yazılır, onun üçün dualar oxunur, həkimlər
şairin səhhəti haqda sualları cavablandırır.
NARAHAT OXUCULARIN ZƏNGİ
Mənim tanışlarımın, dostlarımın, doğmalarımın mənə etdikləri
telefon zənglərində də şairin xəstəliyi ilə bağlı təəssüf hiss
yetərincədir. Bu, şairin doğurdan da oxucu sevgisi qazanmasından
xəbər verir.
Elə Aqşinin müalicə olunduğu şöbənin giriş qapısına nəzarət edən
texniki işçi də biləndə ki, Aqşin Yeniseyin yanına gedirəm,
canfəşanlıq etdi:
- Gözləyin, sizi ötürüm...
- Narahat olmayın, bir dəfə olmuşam, bilirəm haradadır,
- desəm də, lıftə qədər məni ötürməsi, "onun şeirlərini dünəndən
oxuyuram, bu, elə hamımızın dərdini-sərini yazırmış ki", - deməsi
də buna sübut idi.
SƏN DEMƏ, AQŞİNİ DAHA ÇOX İSTƏYİRƏM
Bir nüansı da qeyd edim, "sən demə, mən Aqşini doğurdanda çox
istəyirmişəm", - liftdən düşənə qədər ağlımdam keçən bu olmuşdu.
Telefon zənglərini nəzərə almasaq, aylarla görüşmədiyimiz vaxtlar
da olub, amma heç fikirləşməmişəm ki, ona bir şey olsa, mən nə
dərəcədə narahat olaram... Aqşin mənim nəzərimdə kiçik qardaşım,
balam kimi idi bu anlarda və onun xəstəliklə mübarizə aparmasında
ona necə yardımçı ola bilərəm fikri, bir araya gələ bilməməyim,
acizliyim məni doğurdan da məyus edirdi...
SARI GÜLLƏRİN MƏYUS DURUŞU
...Palatadakı dolabın üstündə güllər qoyulub. Ətrini ciyərlərimə
çəkməzdən öncə əllərimi çiçəklərin ləçəklərində gəzdirirəm. Tərdir,
təzədir... Bu güllərin niyə rəngi sarıdır? - fikri beynimdə
dolaşır. Nəzər salıram, ağ və qırmızı rəngli güllərin içərisində
sarı güllərin "duruşunda" bir məyusluq var; şair, həm də sarılıq
xəstəliyindən əziyyət çəkir axı...
Şair əl-üzünü yuyub çıxır. Gülümsəyir:
- Day-day, Tural da gəlmişdi... – görüşüb-öpüşəndən sonra dedi.
Təbrik edirəm, kitabı çıxıb.
- Necəsən bacoğlu?
- Yaxşıyam.
Uzanır yatağına. Ehmalca üstünü örtür.
- Üşüyürsən?
İYNƏLƏR PEŞMAN OLMASIN
- Yox, iynə vurublar, sistem köçürüblər, istəmirəm qərətə
getsin, iynələr peşman olsun, – həmişəki zarafat. Və birdən yadına
düşür ki, mən toyda olmalıyam:
- Sən Salamın qardaşı oğlunun toyuna getmədin? Axşam idi
toy?
- Yox,- deyirəm, - toy bu gündür, kiçik toydur. Salam
zəng vurmuşdu səni soruşdu.
Sonra könlünü açmaq istəyirəm:
- Salama dedim ki, bax gör cibində neçə alışqan var,
dedi, 4 dənə. Dedim, tutaq ki, onun biri elə sənin olub. Birini də
dünən məndən götürüb cibinə qoybsan, bəs ikisi kimindir? Şair də
qayıtdı ki, sən öl cibimdə dördü var. Biri də stolun üstündə
siqaret qutusunun yanındadır...
Aqşin gülümsəyir:
- Şair belədi də...
Dəfələrlə olub ki, şəkil çəkdirmişik. Birini də tapa bilmədim
kompüterin yaddaşından. Ona görə də fotoaparatı Aqşinin qardaşına
verirəm:
- Şəklimizi çək.
Aqşin dirsəklənir, çiynimizi bir-birinə dayaq edirik. Bir neçə
kadr çəkilir.
Ordan-burdan söhbət edirik. Hiss edirəm ki, həvəssiz danışır.
Sözlər ağzından yorğun halda çıxır.
- Aqşin, yanına gələnlərin sayının çox olması səni
qorxuzmasın ha... xəstəliyin boş şeydir. Sadəcə, istəyənin
çoxdur.
- Bilirəm... sağalacam. Amma hələ bir 15-20 gün bu rejimdə
qalmalıyam.
- Yuxu-zad görmürsən ki... – dəxli olmayan söhbət
edirəm, guya xəstəliyini unutdururam.
İSTƏMİRƏM GƏLSİNLƏR
Uzandığı yerdən üzünü mənə tərəf çevirir. Çarpayıda başının
yanında əyləşmişəm. Üzümə baxır:
- Yox, yuxu-zad görmürəm... az yatıram e... Amma yatmaq
lazımdır. Boş olmur ki, bura...
- Kənddən gələn var?
- İstəmirəm gəlsinlər. Gəlib nə edəcəklər? Qan qaraldacaqlar.
Məsləhət verəcəklər. İstəmirəm, belə yaxşıdır... Zəng edirlər,
amma.
Ötənləri yada
salıram:
- Şair, yadına gəlir, bir dəfə dedin, day-day bu nədir
e, bununla oturub-durusan. Dedim, sizin zibillərinizi abıra salmaq
üçün özümü fəda edirəm də...
- Hə, hə... - Ürəkdən gülür.
- Cəlilabada zəng vurmuşam, paxla göndərəcəklər, sənə
Cəlilabad paxlası ilə dovğa bişirtdirəcəm...
- Yeyirəm, həkim nəyi məsləhət görürsə yeyirəm.
QƏNİRƏ XANIM GƏLMİŞDİ
Yerini rahatlayır, tavana baxır, sonra qollarını başının altında
"gizlədir":
- Day-day, uzanmışdım, birdən qapı açıldı, Qənirə Paşayeva girdi
içəri. Sağ olsun, vaxt tapıb gəlib. Birinci gün analizlərimin
cavabı bəlli olacaq. Dedi ki, həkimlər məsləhət bilsə, Neftçilər
xədtəxanasına köçürdərik... Özü də getdi Səhiyyə Nazirliyinə.
- Sağ olsun. Aynur xanım da mediaya müraciət edib,
narahatdır səndən sarı, deyir ki, Prezidentə müraciət etmək
gərəkdir, səni xaricə aparsınlar.
- Bilirəm, çox sağ olsun. Amma məndə elə ciddi şey yoxdur.
Ciyərimə su yığışır.
- Onu da "otkaçat" edirik gedir, hə..
Gülür.
MURAD ZƏNG EDİR
Telrfonuna zəng gəlir. Baxır: - Muraddı, - deyir. Xeyli danışır.
Təşəkkür edir ki, narahat olublar. Dostlar sağ olsunlar gəlirlər,
gedirlər, Faiq Balabəyli ilə söhbət edirdim, zəng etdin... Onun da
salamı var sənə...
Sonra yenə də zənglər gəlir, cavab verir. Ayağa dururam, şairin
alnından öpürəm, xudafizləşirəm.
- Əziyyət çəkmə, daha görürsən ki, yaxşıyam...
- Narahat olma, əziyyət, deyil...
P.S. Şad xəbər alırıq. Qanında hepotit aşkarlanmayıb...