1956-cı il 27 may. Saatın əqrəbləri 19:30-u göstərir və
əbədi olaraq da dondurulmuş əqrəblərin üstünə illərin tozu qonur...
Bu tarixi gün kimlər üçünsə əlamətdar, kimlər üçünsə faciəli bir
gün, əcəl zəngi idi...
Söhbət Azərbaycan şairi, öz yaradıcılığı ilə əsirlərin
yaddaşında qalan və bütün çətinliklərə rəğmən, ürəyi yaradıcılıq
eşqi ilə döyünən Səməd Vurğundan, 50 il ömür sürən ədəbiyyat
cəngavərindən gedir...
İki illik əsaslı təmirdən sonra şairin ev muzeyinə baş çəkib
gördüklərimizi qələmə aldıq. Sahil metrosunun yaxınlığında yerləşən
ev muzeyi XIX əsirdə inşa edilmiş yaşayış binasının üçüncü
mərtəbəsində yerləşir. 1975-ci il oktyabrın 6- da yaradılan ev
muzeyi 2011-ci il dekabrın 13-də ölkə başçısı İlham Əliyevin
sərəncamı ilə əsaslı təmirə bağlanıb. Sərəncama əsasən, şairin ev
muzeyi təmir edilərək 2014-cü il martın 5-də şairi sevənlərin
ixtiyarına verilib.
Səməd Vurğun ömrünün son iki ilini bu mənzildə yaşayıb və bu
mənzildə də əbədiyyətə qovuşub.
Çoxsaylı eksponatlarla zəngin olan ev muzeyində bizi ilk
qarşılayan sazlı-sözlü şairin sazı və bir də ov tüfəngi olur.
Yaxınlaşıb diqqət kəsilirik. Bizə bələdçilik edən Xanım Şadlinskaya
şairin ova olan marağından danışır:
"Böyük şair ov çox sevdiyi üçün tez-tez gördüyünüz bu ov
tüfəngini əlinə götürüb Mil-Muğan düzünə ova gedərmiş. Hətta elə
olurmuş ki, günlərlə o düzlərdə qalırmış. Burda gördüyünüz geyim
forması da şairin ov paltarıdır. O, ov zamanı saz çalmağı da
sevirmiş. Ana torpağa, onun təbiətinə ürəkdən bağlı olan və özünü
təbiətin bir hissəsi hesab edən böyük şairi təbiət və saz havası
ilhama gətirərmiş".
Qulaqlarımızda səslənən saz havasının sədaları altında Xanım
Şadlinskayanın bələdçiliyi ilə qonaqpərvər şairin qonaq otağına
daxil oluruq. Otaqda hər şey sükut içində. Bu sükutu isə
bələdçimizin səsi pozur:
"Bura ailənin qonaq otağı olub. Burada tez-tez şairin dostları,
yazıçılar, bəstəkarlar, rəssamlar və şairin xüsusi sevgisini
qazanan kənd zəhmətkeşləri toplaşıb, şeir deyib ədəbiyyat haqda
qızğın müzakirələr aparardılar. Axı böyük Səməd ədəbiyyata ürəkdən
bağlı idi".
Otağın bir tərəfində ailə üzvlərinin ətrafına toplaşdığı masa,
digər tərəfdə isə qoyulmuş royal diqqəti cəlb edir. Bir zamanlar
şair və onun ailə üzvləri bu masanın arxasında oturarmış. İndi isə
bu masa da, onun ətrafında olan kətillər də boş qalıb. Onlar sanki
öz sahiblərinin yolunu gözləyirlər. Sahibləri isə əbədiyyətdə, indi
bu otaqlarda dolaşan onların ruhudur. Bütün bunların fonunda otağa
rəng qatan bənövşələr diqqətimizi cəlb edir və bu zaman Xanım
Şadlinskayanın sakit səsi eşidilir:
"Böyük şair bənövşələri çox sevirdi. Ona görə də şairdən miras
qalan bu otaqların hamısına xüsusi qablarda bənövşələr
qoyulub".
Daha sonra qonaq otağında xüsusi yeri olan royalın tarixçəsi
haqda danışan Xanım Şadlinskaya bildirir ki, gecələr qurulan ədəbi
diskussiyaların sonunda şairin qələm dostları bu royalın arxasına
keçib müxtəlif mahnılar ifa edərdilər:
"Şairin əvvəlki evində bu royalda Üzeyir Hacıbəyov ifa edirmiş.
Ümumiyyətlə, Vəkilovlar ailəsinin musiqiyə böyük marağı olub. Səməd
Vurğunun sazı, oğlu Yusif Səmədoğlunun skripkada və pianoda gözəl
musiqilər ifa etməsi bunu əyani şəkildə sübut edir".
Dondurulmuş saat və əcəl zəngi...
Xanım Şadlinskayanın bələdçiliyi ilə şairin qonaq otağından
ayrılıb onun ömür-gün yoldaşı Xavər xanımla bir yastığa baş qoyduğu
otağa doğru addımlayırıq. Elə bu zaman 1956-cı il 27 may gecəsində
əqrəbləri dondurulmuş saat diqqətimizi cəlb edir. 27 may. Otaqdakı
saatın ahəngdar səsi şairin titrək səsinə qarışaraq qəribə bir avaz
yaradır. Və nəhayət ki, əqrəblərindən sanki daş asılan saat 19:30-u
göstərir. Bu, əcəl zəngi idi, bu, şairi alıb aparan və Xavər
xanımın yaddaşında əbədilik çıqqıldayan bir zəng idi:
"Böyük şair 1956-cı il may ayının 27-də axşam saat 19:30- da
dünyasını dəyişib. Elə o vaxtdan da bu saatın əqrəbləri şairin
ömür-gün yoldaşı Xavər xanım tərəfindən dondurulub. İndi muzeyə
gələn hər kəs dərin təəssüf hissi ilə bu saata yaxınlaşır..."
Dərin təəssüratlar içində çoxdan dondurulmuş saatın qarşısından
uzaqlaşırıq. Ayaqlarımız bizi mexaniki olaraq şairin uzun müddət
xəstə yatdığı yataq otağına doğru sürüyüb aparır. Sükut və
səssizlik.
"Bura ailənin yataq otağı olub. Böyük şair ömrünün son iki ilini
ömür gün-gün yoldaşı Xavər xanımla burada bir yastığa baş qoyarmış.
İndi bu otaqda onlardan qalan və onlara məxsus olan əşyalardan
başqa heç nə yoxdur..."
Muzeydə növbəti otaq isə S. Vurğunun həyat və yaradıcılığını əks
etdirir. Burada şairə məxsus əşyalar, onun Yuxarı Salahlı kəndində
tikdirdiyi evin maketi, Qori Seminariyasında müəllimləri Əli
Hüseynov, Firudin bəy Köçərli, Yusif Qasımov və digərləri ilə
çəkdirdiyi şəkillər və bu şəkillərin fonunda "Vaqif" dramının
premyerası zamanı çəkilmiş fotolar diqqətimizi cəlb edir. Yenə də
hər şey sükut və yenə də hər şey səssizlik içində. Danışan isə yenə
də təkcə Xanım Şadlinskayadır:
"Bu, şairin Yuxari Salahlı kəndində öz vəsaiti hesabına
tikdirdiyi evin maketidir. Bu maketi rəssam Ə. Mirzəyev işləyib.
Muzeyə gələn insanların hər biri bu maketə xüsusi maraq
göstərirlər. Orda hər şey təbii görünür. Kənardan baxanda adama elə
gəlir ki, bu bir maket yox, həqiqi kənd evdir, əyri-üyrü daşları
ilə, həyətdəki ağacları ilə birgə".
Və növbəti - sonuncu otaqda şairin yazı masası yerləşir.
"Səməd Vurğun yazı masasının arxasında heç vaxt ev geyimində
oturmazmış. O, yazı prosesi zamanı, yaradıcılıqla məşğul olanda
həmişə rəsmi geyimdə olub".
Yazı masası, şairin heç vaxt yerə qoymadığı qələm, əlyazmalar və
bütün bunların fonunda zəngin kitabxana. Yenə də Xanım Şadlinskaya
danışır: "Səməd Vurğun bir yazıçı, bir şair olmaqla yanaşı o, həm
də gözəl alim, ədəbiyyatşünas idi. Şairə məxsus zəngin kitabxana da
bunu sübut edir. 50 illik ömür yolunda yorulmadan yazıb- yaradan
şair mütaliədən də əl çəkmirdi. O, sanki kitablardan mənəvi qida
alırmış".
"Xavər xanımın son arzusu olub ki"...
Xanım Şadlinskaya burada bizi Səməd Vurğunun xanımı Xavər
xanımın guşəsi ilə tanış edir. Bu guşədə Xavər xanıma aid şəxsi
əşyalar və nişan üzüyü diqqətimizi cəlb edir. Bunu görən bələdçi
üzük haqda maraqlı bir tarixçə danışır:
"Bu üzüyün içində Xavər xanım və Səməd Vurğun yazılıb. Xavər
xanımın son arzusu olub ki, onu həmin bu üzüklər və Səməd Vurğunun
şəkli ilə dəfn etsinlər. Ancaq islam dini və qayda-qanunlarına zidd
olduğu üçün onun bu arzusu gerçəkləşməyib".