"Adıma bir məzar-təpə ucalt, matəm saxla
ona".
Söhbət qədim yunan adətlərindən biri olan Kenatafdan gedir.
Qədim yunanlar itkin düşən və ya hər hansısa səbəbdən cənazəsi ələ
gəlməyən döyüşçülər üçün təpəcik, boş məzar düzəldərək onun
xatirəsini əbədiləşdirərmişlər. Bundan sonra cənazəsi ələ gəlməyən
döyüşçünün yaxınları həmin boş məzarın qarşısında yaxınlarının
qisasını almayana kimi rahatlıq tapmayacaqları ilə bağlı and
içərmişlər...
Antik sivilizasiyanın məhvindən sonra qədim yunanlara məxsus
digər adətlər kimi bu adət də tədricən unuduldu və cənazəsi ələ
gəlməyən insanlar haqda boş məzar qurmaq da tarixin arxivinə
atıldı. Ancaq yunanlara məxsus bu adət-ənənənin hazırkı dövrdə, özü
də müsəlman ölkəsi, müsəlman şəhəri olan Bakıda aktuallaşması adama
bir az qəribə gəlir. Ancaq nəzərə alsaq ki, kapitalizm cəmiyyətində
hər şey pulla alınıb satıldığı kimi, qəbiristanlıqlar da pulludur,
o zaman yəqin ki, insanları azacıq da olsa başa düşmək olar...
Müvəqqəti olan bu dünyada insanlar yaşayışlarını təmin etmək üçün
torpaq alıb ev tikdikləri kimi o dünya üçün də tədarüklərini
görürlər.
Müsəlman qanunlarına, islam dininin şərtlərinə əsasən qəbirlər
dirilər üçün deyil, ölülər üçün qazılır. İslamı qəbul etmiş hər bir
müsəlmanın borcu da islamın irəli sürdüyü bu şərtlərə əməl
etməkdir. Ancaq deyəsən hər şeyin tərsinə olduğu bir cəmiyyətdə
qəbirlər də ölülər üçün deyil, dirilər üçün qazılır. Heç də uzağa
getmədən paytaxtın Yasamal qəbiristanlığına getməklə bunu öz
gözlərinizlə görə bilərsiz. Adıçəkilən qəbiristanlıqda hal-hazırda
demək olar ki, boş yer qalmayıb. Şəhərdə olduğu kimi onun
qəbiristanlığında da boş yer, sahibsiz yer tapmaq müşkül məsələyə
çevrilib. Boş məzar tapmaqda bizə bələdçilik edən qəbiristanlığın
xidməti işçisinin sözlərinə görə, hazırda qəbiristanlıqdan yer
almaq bir adətə çevrilib. Haqq dünyasına qovuşarkən cisimlərini
dəfn etmək üçün yer tapılmayacağından qorxan insanlar diri ikən
özlərinə qəbir qazdırır, yaxud aldıqları ərazini daş və ya dəmir
hasarla bağlayırlar:
"Camaat elə vəziyyətdədir ki, diri ikən özlərinə məzar
qazdırırlar. Bəziləri isə burada yer alaraq kiçik ailə məzarlığı
yaradırlar. İmkanlı insanlar həyatda dəbdəbəli yaşadıqları kimi o
dünyaya da dəbdəbəli hazırlaşırlar. Xaricdən ağac və gül kolları
gətirib əkirlər, bağban tuturlar, ona aylıq maaş verirlər. Hətta
qəbirə işıqlandırma sistemi qoşanlar da var. Bütün bunları görəndə
adam dəhşətə gəlir. Bilmək olmur ki, bu insanlar hansı dinə qulluq
edirlər. İslam dinində, müsəlmanlıqda məgər belə şeylər var? Bu
gündən sabaha da ümid yoxdur. Bu insanlar nə bilirlər ki, nə vaxt
və hansı şəraitdə öləcəklər".
Bələdçimiz deyir ki, hətta Rusiyada yaşayan insanlar da
qəbiristanlıqdan öz dilləri ilə desək, "mülk alaraq" onu hasara
alırlar. Ona görə də hazırda adıçəkilən qəbiristanlıqda boş yer
tapmaq mümkün deyil. On illərdir ölülər tərəfindən dolmayan
qəbiristanlığı indi dirilər doldurub. Belə ki, qəbiristanlıqda olan
boş yerlər ayrı-ayrı insanlar tərəfindən alınaraq hasara
alınıb:
"Rusiyada yaşayan elə insanlar var ki, özləri orda ola-ola
burdan yer alıblar. Ona görə də bu qəbiristanlıqda daha boş yer
tapmaq mümkün deyil. Bütün qəbiristanlıq dirilər tərəfindən zəbt
olunub. Ancaq bir tərəfdən baxanda insanları qınamaq da olmur. İndi
ölüm adiləşib və hamı gec- tez son mənzilinin bura olacağını bilir.
Bir tərəfdən də hamımız yaxşı bilirik ki, indi qəbiristanlıqlar
pulludur. Pulu olan özü üçün bəri başdan yer alır ki, öləndə onun
meyiti ortalıqda qalmasın".
Dəbdəbəli qəbirlər və ya o dünyadan gələn
səs...
Burada bələdçimizdən ayrılıb qəbiristanlığı təkbaşına dolaşmağa
başlayırıq. Qara mərmərdən hazırlanan dəbdəbəli qəbirləri gördükcə
"İnsanları o dünyada da rahat buraxmırlar. Hətta qəbiristanlıqda da
dünyanın ədalətsizliyi özünü göstərir", - deyə düşünürdüm. Doğrudan
da mənzərə belədir, bir tərəfdə qara mərmərdən hazırlanan dəbdəbəli
qəbirlər, digər tərəfdə isə adi daşlardan yonulmuş kasıb və
kimsəsiz məzarlar. Başa düşürük, onsuz da ədalətsiz dünyada
yaşayırıq.
Müsəlmanın qəbri sadə olmalıdır...
Qəbiristanlıqda beynimdə dolaşan bu suallara cavab tapmaq üçün
adıçəkilən ünvanda olan qəbiristanlıq mollalarına üz tuturam.
Kimliyimi və gəlişimin səbəbini mollaya bildirdikdən sonra bizə
"müştəri" gözü ilə baxan molla verdiyim suallara öz üslubunda və öz
bildiyi tərzdə cavab verir. Onun sözlərinə görə, qəbiristanlıqda
dəbdəbəli qəbirlərin olması haramdır:
"Qəbirin üzərində hər hansısa bir işarə olmalıdır ki, qəbir
itməsin. Ancaq belə dəbdəbəli qəbirlərə ehtiyac yoxdur. Bundan
əlavə, islam canlıların təsvirini qadağan etdiyi halda biz qəbir
daşları üzərində qadın-kişi şəkilləri çəkirik, dəbdəbəli heykəllər
düzəldirik. Bu islama, müsəlmançiliğa ziddir və haramdır".
İnsanların sağ ikən özlərinə qəbir yerləri götürməsinə gəlincə
isə, molla bunun normal bir hal olduğunu bildirdi. Onun sözlərinə
görə, hətta islam tarixində özlərinə qəbir yeri götürən şeyxlər
olub, ancaq: "Ölümü xatırlamaq üçün özlərinə qəbir qazdıranlar
kifayət qədərdir. Ancaq bunun bir növ dəbə çevrilməsi və böyük
məbləğdə xərc çəkilməsi günahdır. Hansı ki, islam dini israfçılığın
əleyhinə olan bir dindir. Bu islam dinində ən böyük günahlardan
biri sayılır. Müsəlmanın qəbri sadə olmalıdır, digərlərindən
fərqlənməməli və zamanla itməlidir. Ancaq islam tarixində şeyxlər
olub ki, onlar sağlığında özlərinə qəbir yeri götürüblər və hərdən
gedib o yeri ziyarət ediblər. Qəbiristanlığa bir növ ibadət yeri
kimi baxıblar. Ancaq o dövrdə belə dəbdəbə və pullu
qəbiristanlıqlar olmayıb. Müsəlmanın son ünvanı qəbiristanlıqdır.
Yaxşı olar ki, qəbiristanlıqlar pullu olmasın. Bundan əlavə diri
ikən özünə başdaşı qoydurmaq da düzgün deyil..."
Sonda mollaya Yasin surəsinin ölü üçün hansı faydası olması ilə
bağlı sual verirəm. O isə sualımı belə cavablandırır: "Bir ölüyə
Yasin oxumaq onu xatırlamaq, yad etmək deməkdir. Yasin oxunarkən
ruhlar bizi eşidir. Onlara Yasin oxudanda ruhlar şad olur. Amma
əslində Quran dirilər üçündür".
Qiymətlərə gəlincə isə, molla bu haqda heç kimə qiymət
demədiyini söylədi:
"Mən heç kimə qiymət demirəm. Kim nə verir, onu da alıram".
"Yasin" surəsinin pulla oxumağın haram olub, olmadığına gəlincə
isə molla bu haqda heç nə danışmaq istəmədiyini bildirdi. Mən də
inad etməyin mənasız olduğunu başa düşdüyüm üçün ölülərə rəhmət
diləyərək hər birimizin son mənzili olan qəbiristanlıqdan
uzaqlaşıram...