İstirahət günümü dostların dəvəti ilə Zərdabda keçirmək
qərarını verdim. Şəhərin haylı-küylü yaşamından iki günlük də olsa
canımı qurtarmaq, təbiəti o qədərdə göz oxşamayan bu aran rayonunda
köhnə dostlarla birlikdə olmağın həzzini yaşamaq, Kür çayının
sahilində ova çıxmaq istəyi ilə nağıllarda deyildiyi kimi, altdan
geyinib üstdən, üstdən geyinib altdan qıfıllandım.
Uzaq yolu yaxın etmək, yola körpü salmaq üçün Lökbatan
dairəsindən özümə yol-yoldaşı götürmək üçün maşını saxladım,
"Zərdaba gedirəm, bir nəfər. Gedən var?"- səsləndim. İki gənc
yaxınlaşdı. Ucara gedəcəklərini dedilər. "Nə alacaqsan?" - deyə
soruşdular. "Nə qədər çox olsa, başınızın ucalığıdır".
Razılaşdıq.
Nizami adlı çoxdanışan oğlan qabaqda, Mustafa adlı yolboyu
telefonla kiminləsə mesajlaşan ikinci gənc isə arxada oturdu. Hər
ikisinin sifətindən yorğunluq yağırdı. Nizami siqaret yandırmaq
üçün icazə istədi.
- Olar,- dedim,- çək.
Gözlərim əlinə sataşdı. Barmaqları döyənək olmuş kimi idi. Hiss
olunurdu ki, ağır işlə məşğuldur. Yola körpü salmaq qərarı verdim.
Söhbətimiz alındı.
Camaat adam balası kimi işləyirmiş
Nizami:
- Zirədə işləyirik. Daş karxanasında. Maşınlara daş yükləyirik,
biri 3 qəpikdən. Günə 5-6, bəzən isə daha çox maşın yola salırıq. 6
nəfər fəhləyik. on gün işləyirik, on gün evdə oluruq,- deyir.
21 yaşlı bu oğlan 16 yaşından daş karxanasında
işləyir:
- Məndən iki yaş böyük qardaşım var. Ailəni dolandırmaqda
atamıza yardımçı olduq. Ailəmiz böyük də olmasa, dolanışığımız
yaxşı deyildi. Hər ikimiz daş atmağa gəldik. Əvvəllər Güzdəkdə
işləyirdik. İki ilə yaxındır ki, Zirədəyik. Zirənin yaxşı tərəfi
odur ki, daşları ağır deyil. Balıqqulağılıdır. Daş atmaq, maşınlara
yükləmək çətin olmur. Karxananın sahibi isə yaxşı adamdır. Özü də
hacıdır. Qalmağa şərait yaradıb orda, yemək-içməyimiz isə
özümüzdəndir. Hələ olmayıb ki, nəyisə mahna edib fəhlənin pulunu
kəssin. Güzdəkdə olanda bədbəxt hadisələrlə çox qarşılaşmışam.
Burda hələlik ölüm-itim yoxdur. Amma neynəyək ki, daima
əzab-əziyyətin içindəyik. Qışda soyuq, palçıq, yayda isti,
toz-torpaq bezdirsə də, işləməliyik. İsti yeməyin olmaması, daima
quru yeməklər də bir yandan, bizi pəndəm eləyir. Başqa nə edək,
harda işləyək? Mən görməmişəm, amma deyirlər, Sovet vaxtı
kolxoz-sovxoz olub, camaat adam balası kimi işləyirmiş, indi kim
ki, kasıbdır, canı çıxıb ölməlidir".
Gərək oxuyaydım...
- Oxumadıq. Oxuya bilmədik. Doğrusu, həvəs də olmadı oxumağa.
Uşaq vaxtından daşda işləyib evə pul gətirib, valideynlərimizi guya
bəxtəvər etdik. Hamı bizi misal gətirirdi, bir qarışdılar, ailəni
dolandırırlar, deyirdilər, kənddə bizdən söz düşəndə. Həm də
oxumuşları görürdüm də... Alver edir, onun–bunun qapısında
işləyirdilər. İş yeri yox idi. "İnjiner", aqronom, zootexnik...
hamısı çöldə it günündə. Yenə də müəllimliyi oxuyanlar yaxşıdı.
Pis-yaxşı dərsini verirsən, gəlirsən evinə. Amma onların da
aldıqları maaş nəyə çatır ki... Neçəsi gözləyirdi biz qardaşları,
karxanadan gələn kimi, gəlib borc alırdılar. Hə, oxumadım, müəllim.
Həvəs də olmadı, "oxu" deyən də... Gərək bir peşə öyrənəydim, heç
olmasa. Nə yaşım var e, 21-dir də... Attestatı yaxşı ki, ala
bildim".
Kəndimizin adı Küçəkənddir
"Bizim Ucarın Qazqumlaq kəndi var, Ziyanın kəndi (Nəqliyyat
Naziri Ziya Məmmədov nəzərdə tutulur. - F.B.). Bax, oranın adamları
həm dəmir yolunda, həm də gəmilərdə işləyirlər. Ziya dəmir yolunda
olanda hamı baxıb uşağını düzdü-qoşdu ora. Çünki qabağa düşənləri
oldu. Bizim kəndin adı Küçəkənddir, elə küçədə də qaldıq.
Siqaret yandırır. Futboldan danışır. Harda işlədiyimi soruşur.
"Axar.az",- deyirəm. Bir dəqiqə keçməmiş arxadan Mustafa
soruşur:
- Müəllim, niyə girmək olmur, saytınıza?
- Hücum var, vurub dağıdırlar,- deməyimi görürlər, "nə hücum?"
deyə hər ikisi soruşur. Hiss edirəm ki, sayta hücumun nə demək
olması onlara qaranlıq qalır. Mən də aydınlıq gətirmirəm.
Ərim elə köpəyoğludur ki...
Atbulaq kəndini keçirik. Yolun kənarında plastik kiçik
vedrələrdə göbələk satılır. Birinin yanında dayanırıq. Orta yaşlı
qadındır. Göbələyin qiymətini soruşub, "bazar olsun" deyirik.
"Olmur bazar, qardaş, səhərdən dayanmışam, iki vedrə ancaq
satmışam".
Söhbətə tuturam. Adını demir. Şəklini çəkmək istəyirəm, razı
olmur. Həyəcanla: "Neynirsən, ərim elə köpəyoğludur ki!
Görüb-eləyər, bu yaşımda başımı kəsər",-deyir.
- Bəs ərin hardadı, işləyir, yoxsa yox? - deyə soruşuram.
- İş var, işləyə? Yəqin çayxanada olar, ya da günortasını yeyib,
yatıb.
Ayrılanda ürəyimdə deyirəm: "Hə, sənin ərin doğurdan da
köpəyoğludur. Yoxsa arvada göbələk satdırıb, çayxanada
avaralanmazdı..."
Qazıməmmədski kukruz...
Yolumuza davam edirik. Hacıqabulda yolun hər iki tərəfində sanki
ocaqxanalar açılıb. Köhnə su bidonlarından hazırlanan sobaların
üstündəki qazanlarda qaynadılan qarğıdalıların iyi ətrafa yayılır.
Maşını saxlayıb, qiymətini soruşuruq. Qiyməti deməmişdən öncə,
satıcı oğlan qarğıdalısına bəy tərifi verir: "Ves Azərbaycanı gəz,
belə dadlı kukruz görməzsən, kitayski deyil e, bu, Qazıməmmədski
kukruzdu".
Söhbətə tutmaq istəyirəm. Şəklini çəkməyə qoymur. Jurnalist
olduğumu bilib, "Xatozu məndən uzaq eləyin. Bizi onsuz da qoymurlar
adam kimi yaşayaq. Arada gəlib dağıdırlar da. A kişi, Allahın
bələdiyyəsi də haqq istəyir e. Day "uçaskovı" zalımın balasında nə
günah? Onlar dədə-babadan ələ baxan olublar",- deyir.
Adı Ramizdi. Ailəsini güc-bəlayla dolandırır, buna da şükr
edir.
Qarğıdalı alan Sabirabad prokuroru
İkinci qarğıdalı satan azyaşlı oğlanın adı Əlimuxtardı. Dərsə
niyə getmədiyini soruşuram. Sualıma başını qazandan çıxarmadan
cavab verir:
- Məktəb var, məktəbə gedəm? Tətildir də... Atama kömək edirəm,
o bişirir, mən satıram. Hamı bizdən alır, hamı deyəndə, ağzının
dadını bilənlər.
Bir az da söhbət edib, qarğıdalı alıram:
- Dadlıdır, qayıdanda birini də alacam.
- İşıq haqqı, Sabirabadın prokuroru burdan həmişə kukruz alıb,
böyüklərə göndərir, elə-belə adam deyil e...
- Əlimuxtar deyir.
Balaca satıcının böyük yalanına gülümsəyirəm və şəklini çəkmək
istədiyimi deyirəm.
- Çək, nə olacaq ki... Sonra mənə də verərsən. Burdan keçəcəksən
də nə vaxtsa...
Dilənmənin yeni üsulu
Nizami və Mustafa ilə yol yoldaşlığımız bitdikdən bir qədər
sonra yolun kənarında dayanmış qırmızı rəngli "Vaz-2106"nın
sürücüsü əl edir. İşarə edir ki, maşınında nasazlıq var, saxlayım.
Bura elə bir yerdir ki, yaxınlıqda heç nə yoxdur. Sürətlə gedən
maşını bir qədər kənarda saxlayıb, geri verirəm. 30-35 yaşlarında
bir kişidir. Maşındakı iki az yaşlı uşaq və cavan gəlin diqqətimi
çəkir. Jiqulinin sürücüsü:
- Tovuza gedirik. Əsgər yanına. Hadisə baş verib. Maşını nə
təhər sürmüşəmsə motoru tökülüb. Üstümdə nə qədər pulum varsa
verdim, düzəltdirdim. İnan, buracan gəldim, benzinim qurtardı. Mənə
kömək elə, benzin alım.
- Motoru bir-iki saata yığdırmaq olar? – soruşuram, dinmir. İki
manat verirəm. Aldıqdan sonra:
- "Koşilok"unda pulun var da, heç olmasa, 7 manat ver,-
deyir.
Birdən yadıma düşür ki, ay dad, mən bu atamı tanıyıram ki!..
- Mən səni tanıdım. Bir dəfə də Bakıda Raboçidə saxlamışdın. Əl
elədin, saxladım. Onda da türmədə yatan adamın yanından gəldiyini
dedin. 4 manat verdim. Sən onda da dedin ki, heç olmasa 7 manat
ver. Niyə 7, məsələn, 10 yox?
- O, mən olmamışam. - Deyir və uzaqlaşır.
Hə, dəqiq o idi. Tanımışdım. Qarşıda mer-meyvə satılan xəfəngin
yanında saxlayıram. Satıcı cavan oğlandır. Bazarlıq edirəm.
Ayrılanda deyir:
- O "nolaltı" səhər tezdən orda dayanıb, yalannan camaatdan pul
yığır. Bu da onun işidir də, arvad-uşağı da girinc eləyib ki,
adamların ona yazıqlığı gəlsin... Bu da dilənmənin yeni
üsuludu...