Axar.az Mustafa Kamalın
Ankaradakı möhtəşəm muzeyindən və Azərbaycandan gedən məktubdan
yazır.
Mayın sonu Ankarada olarkən Mustafa Kamalın məzarını ziyarət
etməyi də unutmadıq. "Anıtkabir" adlandırılan bu möhtəşəm
kompleksdə elə bir gün yoxdur ki, insan izdihamı yaşanmasın. Hər
gün axın-axın adamlar Atatürkü ziyarətə gəlirlər. Bu
məzar-kompleksdə məktəblərdən, liseylərdən, bağçalardan tutmuş ta
əcnəbi turistlərə qədər kimi desən, görmək olar. Hicablı, modern,
yaşlı, cavan... kimi desən... Türkiyə bu ocaqda birləşir.
Əvvəlcə yüksək səviyyədə təşkil olunmuş mühafizə xidmətinin qısa
şəkildə yoxlamasından keçirsən. Sonra uzun, hər tərəfi yaşıllıq
olan bir yol səni Atatürkə aparır. Əgər piyada getməyə tənbəllik
edirsənsə, hər beş dəqiqədən bir gələn avtobus dayanacaqdan səni
götürəcək.
Az sonra qarşından fəxri qarovul dəstəsi keçir, əsgərlərin növbə
yerişi başlayır, uzaqda Türkiyənin himni eşidilir, anidən hər kəs
olduğu yerdə durur, Atatürk bir dəqiqəlik sükutla yad edilir,
hörmət duruşu nümayiş etdirilir.
Bu sayğının bir başqa nişanəsi isə kompleksin həyətinə döşənən
plitələrin arasında məsafələr qoyulmasıdır. Ki, bu aralıqlar adamın
hamar yoldakı kimi rahat gəzməsinə mane olur.
Demə, bunun bir mənası varıymış. Daşların arasındakı məsafə
bilərəkdən qoyulub ki, ziyarətə gələn hər kəs başını aşağı salıb
yerişinə diqqət yetirsin, bununla Atatürkə hörmətini izhar etsin.
Onlar bunu sayğı yerişi də adlandırırlar. Ataya gedən yolda
dikbaşlıq olmaz!
"Hakimiyyət qeyd-şərtsiz millətindir"
Kompleksin girişində meydançaya geniş bir panorama açılır.
Məzunlar, baxça uşaqları xatirə şəkilləri çəkdirir, Atatürkün
"Hakimiyyət qeyd-şərtsiz millətindir" şüarı yazılmış yerdə foto
görüntülər alırlar. Kimisi əsgərlə şəkil çəkdirir, kimisi Paşanın
məzarını ziyarət edir.
Nəhayət, muzeyə daxil oluruq. Çox möhtəşəmdir. Fərqli memarlıq
üslubu ilə inşa olunub. Muzeyin bir başından sonuna kimi gəz-gəz,
bitməz. Saatlar lazımdır ki, Atatürkün Anıtqəbrini tamamilə gəzib
yekunlaşdırasan.
Muzeydə nələr yoxdur? Mustafa Kamala aid hər şey. Ayrı-ayrı
otaqlarda Atatürkün kitabxanası, iş otağı, görüşlərini əks etdirən
foto qalereyalar, şəxsi otağı, kostyumu, qalstuku, ayaqqabısı,
paltosu, telefonu, çap maşinkası, tərəzisi və saymaqla bitməyən
bütün əşyaları saxlanılıb. Hətta ona Azərbaycan bolşevik
hökumətindən göndərilən məktub belə muzeydə qorunur.
Türkiyənin qurucusunun ömür yolunu əks etdirən, onun geydiyi
paltarlardan tutmuş, çay içdiyi fincana qədər bütün tarixi faktları
özündə cəmləşdirən bu muzeyi ilk dəfə görürdüm.
Burada Atatürkün təhsil aldığı orta məktəbin foto şəkilləri və
maketi, dostları, savaş dönəmi, Türkiyəyə rəhbərlik etdiyi
vaxtlarda verdiyi qərarlar, hətta geyindiyi paltarlar növbənöv, bir
sözlə, hər şey və hər şey var.
Muzeyin içərisində xatirə dəftərləri qoyulub. Ziyarətə gələn hər
bir kəs Atatürkə olan düşüncələrini, duğyularını dəftərdə qeyd edə
bilər.
Gözləri yaşardan hissə
Buranın ən maraqlı hissəsi isə Sakarya, Çanaqqala, Ərzurum
döyüşlərini əks etirən savaş mənzərəsidir. İçəridə döyüş səhnələri
təsvir olunub, musiqi ilə müharibə səsləri verilir, barrikadlar
yaradılıb, Atatürkün barrikadada qəhrəman duruşu, savaşın ən gərgin
anları, mübarizənin ən cazibədar məqamları təsvir olunub. Atılan
top səsləri adama savaşı canlı yaşadır və gözünü yaşardır – həm
qürur duyursan, həm də bir gün bizim də bu cür möhtəşəm
qələbələrimizi əks etdirən eyni tipli stendlərimiz olacaqmı,
düşünürsən…
Bəli, bu eksponatlara baxanda özünü sanki müharibənin tən
ortasında hiss edirsən. Yeri gəlmişəkən, onu da vurğulayaq ki,
muzeydə, ən əsası müharibəni təsvir edən otaqda çəkiliş aparmaq
qəti qadağandır. Əgər nəzarətçi çəkiliş etdiyini görərsə, 500 lirə
(təqribən 250 manat) cərimələyir. Amma yarıaşkar, yarıgizli fürsəti
əldən verməyib, bizim kimi xəlvətcə şəkil çəkənlər də var. Axı bu
tarixi imkan hər gün ələ düşmür…
Böyük türkü uyudan Azərbaycan torpağı
Və nəhayət Paşanın qəbri. Böyük türk oğlunun məzarının özülü,
özü Anıtqəbirin, belə demək mümkünsə, zirzəmisində yerləşir ki,
oraya da kimsə buraxılmır. Məzarlığın üst və ya stend hissəsi isə
gözlər önündədir və orada bir qeyd var. Qeyddə deyilir ki,
Atatürkün uyuduğu məzarın torpağının bir hissəsi də Azərbaycandan
gətirilib. Demək ki, Paşa həm həm Türkiyə, həm də Azərbaycandadır.
Onu uyudan torpağınsa bir qarışı da heç bir halda düşmən tapdağında
qala bilməz. Geci-tezi var…