"Xeyri yoxdur çaxırın, içmə, açar paxırın".
Vaxtilə dədə-babalarımız çaxırın mənfi cəhətlərini
görərək onun şəninə belə məsəllər çəksələr də, indi belə deyimlərə
nə qulaq asan, nə də əməl edən var.
İndi "Wine house", yəni "Şərab evi" kimi tanınan brend
dükanlarda iki saat oturmaq yetər ki, atalarımızın bu məsəlini yada
salıb qəşş eləyəsən.
Elə bu maraqla da yolumuzu şərab evlərinin birindən saldıq.
Piştaxtalara düzülmüş bahalı, yerli və müxtəlif xarici ölkələrin
şərabçılıq məhsulları göz qamaşdırır. Diqqətimi çəkən qiymətlər
başımı döndürür və satıcıya yaxınlaşıb söhbətə tutmağa başlayıram.
İyirmi yeddi yaşlı arıq, uzunboy, şirinləhcəli Xeyrəddin adlı cavan
oğlandan içkilərin haradan gəlməsi və qiymətləri ilə maraqlanıram.
Sözü dilindən kəlbətinlə qoparmasan, ala bilməzsən.
- Bu içkilərin hamısı xarici ölkədən gətirilir,
yoxsa yerlidir?
Əvvəl bir az düşünür, sonra isə niyə marağlandığımızı
soruşur.
Guya içki alacağımızı bildiririk. Sualımıza qorxa-qorxa
cavab verir:
- İçkilər xaricdən gəlir, firmalara paylanılır. Bizə isə
"Qafqaz" MMC-dən və "Avrora"dan gəlir. Yerli içkilər də qəbul
edirik. Amma ən çox xarici şərab məhsullarını götürürük. İçkilərin
hər birinin sertifikatı var.
- Bəs, sizin bu "Şərab evi"nin içkiləri hansı
ölkələrdən gəlir?
Sualımın arasında içəri müştəri girir və qiyməti 490 manatlıq
"Martel" alır. Sonra isə gözü mənə sataşır, söhbəti dəyişir. İçkini
guya hədiyyə aldığını bildirir və mağazadan çıxır.
Xeyrəddin isə suallarımdan yayınmağa
çalışır:
- Nə danışım axı. Danışmaq istəmirəm. İçkilərimiz İtaliyadan,
Yunanıstandan, Fransadan gəlir. Məsələn, mağazamızda Meksikanın öz
"Tekilla"sı var, Şotlandiyanın viskiləri, Fransanın konyakı və
çaxırı, İtaliyanın şərabı var.
- Bəs bu qiymətə spirtli içki alanlar
olur?
- Əlbəttə. O qədər alanlar var ki! Alan olmasa, biz də
götürmərik. Qiymətli içkilərin, qiymətli də müştəriləri olur. Ən
çox da imkanlı və vəzifəli adamların övladları və özləri alır.
Bizim "Şərab evi" elə-belə mağaza deyil e, adı kimi, dadı var.
"Şərab evi"nin şərab kimi axan müştəriləri də çoxdur. Demək olar
ki, elə hər gecə cavan uşaqlar burdan içki alıb yandakı restoranda
yeyib-içirlər, sonra da qızları maşınlarına oturdub avtoşluq
edirlər.
- Yəni bura içki almaq üçün vəzifəli və
tanınmış şəxslər çox gəlir?
Susur... Handan-hana davam edir:
- Hə-ə... Gələnlər çox olur. Şou-biznes əhli də çox gəlir.
Məsələn, bizdən içki almaq üçün Nadir Qafarzadə, Ədalət Şükürov,
Səməd Səmədov və digərləri də daimi müştərilərimizə çevrilib. Xanım
müğənnilərimizdən də içki alanlar çoxdu. Bəzən də elə içkili
girirlər içəri.
- Heç olub ki, dediyin vəzifəli şəxslər və ya
övladları sizdən içki alarkən pulunuzu kəsib və ya
verməyib?
Düşünür...
Cavab verməkdən yayınmaq istəyir, ancaq bir neçə
dəqiqədən sonra cavab verir:
- Nə deyim, vallah... Olub, amma
məcbur qalıb susmuşam. Nə edim, nəsə deyəcəyəm, ya işdən mitilimi
atacaqlar bayıra, ya da ki, 15 sutkalığa atdıracaqlar. Bəzən
onların yekəxanalığının üzündən məcbur qalıb kəsiri maaşımla
ödəyirəm. Mağazaya girəndə elə hərəkət edirlər ki, elə bil
dədələrinə borcum var. Mən bunların əvəzinə pul ödəməliyəm. Ancaq
belə insafsızlar az olur, çoxu artıq da pul verir, heç qalığını da
istəmir.
O söhbət etdikcə mən də mağazadakı bahalı içkilərə göz
gəzdirirəm. Qəfildən piştaxtadakı 1300 manatlıq konyakın haradan
gəldiyini soruşuram.
- Fransadan gətirilib. Qiyməti də gördüyünüz kimi 1300 manatdır.
O konyakın fərqli qiyməti olduğu kimi sayılıb-seçilən fərqli
müştərisi də olur. Adətən onu vəzifəli şəxslər alır.
Söhbət zamanı müştərilər gəlib-gedir. İçki almamış çıxan olmur.
Hiss olunur ki, hamısı paytaxtımızın imkanlı və yüksək təbəqəli
şəxsləridir. Üst-başları göz qamaşdırır. Ciblərindən qalaq-qalaq
pul çıxarıb bahalı və brend markalı içkilər alır, bizi də gözucu
süzüb çıxırlar. Hətta məndən çəkindiklərini də hiss edirəm.
Gündəlik alış-verişlə maraqlanıram. Çəkinə-çəkinə cavab
verir:
- Vallah, nə deyim?! Elə gün olur azı 500
manatlıq, ən çox isə 2000 manatlıq alış-veriş olur. Yay vaxtlarında
xüsusilə gecələr alış-veriş edən müştərilərimiz çox olur. Axı
paytaxtımız gecələr qaynamağa başlayır. Kassa, bütün sənədlər,
lisenziya, bir sözlə hər şeyimiz var. Ancaq imkan vermirlər
ki...
- Bəs, bu qədər alış-verişin qarşısında nə qədər
maaş alırsan?
- Nə qazanıramsa, min bərəkət. Faizə
işləyirəm. Maaşım elə ay çox olur, elə ay az. Bir söz deyim ki, çox
dərinə gedirsiniz, cavab vermək istəmirəm. Yeri gəlmişkən, heç
nazirlər min manat maaş almır, qalmışdı mən alam.
Bəzən danışdığı sözlərdə yalan tuturam, özünə deyirəm. Fikrə
gedir və gülümsünür. Hətta çəkindiyini deyir, dəfələrlə danışmaq
istəmədiyini bildirir.
- Bu qədər brend içkilərin içindəsən. Nəfsin çəkmir
heç?
Şaqqanaq çəkib gülür:
- Yox, çəkmir. Çünki bura o qədər tanınmış, hörmətli adamların
içkili halda girməyini görürəm. Bəzən gülürəm, bəzən də
heyfslənirəm ki, belə tanınmış biri olasan, içki səni aciz edə.
Hətta bir dəfə tanınmış vəzifəli şəxslərdən biri içkili halda bir
xanımla dükanımıza girmişdi, dükanda musiqini bəyənib oynamağa
başlamışdı. Yanındakı xanım isə onu sakitləşdirə bilmirdi. Ara-bir
oynaya-oynaya məni də onunla oynamağa dəvət edirdi. "Ə, bacı oğlu,
gəl oynayaq", - deyirdi. Mən də utandığımdan yaxınlaşmadım. Sonra
xanım içkiləri seçdi, 2700 manatlıq içki alıb çıxdılar (həmin
vəzifəli şəxsin adını çəkir və Nazirlərdən birinin olduğunu deyir,
amma yazmamağımızı da xahiş edir). Elə bunları görəndə öz-özümə
deyirəm, hə, içmişəm çaxır, gözlərim axır" budur (gülür). Çox
tanınmışlar gəlib-gedir, amma mən özümü elə göstərirəm, guya heç
onları tanımıram. Əgər kimlərin buradan içki aldıqlarını görmək
istəyirsinizsə, gecə 1-2 saat vaxtınızı ayırın, qıraqdan durun
baxın, görün kimlər gəlib-gedir mağazaya. Burada çox şeylər baş
verir e, yalnız gəlib görmək lazımdır.
İki saatlıq söhbətdən sonra dükandan çıxanda elə bilirəm ki,
sərxoşam...