Ucarın "dörd yol"undan Zərdab rayonuna qədər 15-20 km
yolu ən tezi 1 saata getmək olar. Yolun üstündə yerləşən kəndlər
Allahın unutduğu yerlərdir elə bil.
Bu yol və yol kənarı kəndlər rayon rəhbərliyinin yadına düşmür,
deyəsən. Sovetlərdən qalma asfalt döşənmiş yollar tamam dağılıb.
Örüşdən qayıdan mal-qara yolu saymazyana halda o tərəf-bu tərəfə
keçir. Yol boyu şoran torpaqlarda özünü rahat hiss edən yulğun
ağacları sıralanıb. Ara-sıra əbrəşim, küknar və meyvə ağaclarına da
təsadüf olunur. Kənd evlərinin həyətyanı sahələri isə meyvə
ağacları, səliqəli əkilmiş gül kolları ilə bu yeknəsəqlikdə bir
cənnət misalıdır. Mənə bu yeknəsəqliyin özündən maraqlı bir mənzərə
açılırdı.
Xələc kəndinin girəcəyində bir neçə ağsaqqal dayanıb. Yolu
tanımırmış kimi maşını saxlayıram. Qərib adama hörmət və ehtiram
burda da yüksəkdir. "Düz gedirsən, narahat olma, bu yol səni
Zərdaba çıxaracaq,- qonaqpərvərlik göstərirlər,- düş, qonağımız ol,
çayımızdan iç, çörəyimizdən kəs".
Təşəkkür edirəm və maşından düşüb, siqaret yandırıram. Bir neçə
dəqiqəyə ətrafdakı adamlar da yaxın gəlir. Məsləhət görürlər ki,
ehtiyatlı sürüm, mal heyvanın qayıdan vaxtıdır. Yollar da ki,
gördüyüm kimi, çala-çuxur. Yarımsaatlıq söhbətimiz zamanı jurnalist
olduğumu bilirlər. İşsizlikdən, qarşılaşdıqları haqsızlıqdan,
dolanışığn çətin olmasından, cavanların Rusiyaya gedib orda
hamballıq etməsindən bəhs edirlər. -Bunlardan yaz e, gəlib yalandan
başçı ilə görüşüb getməyin,- əlindəki ağaca söykənən ağsaqqal deyir
bunu.
- Yazaram, - deyirəm və əlavə edirəm ki, Zərdaba qonaq gedirəm,
başçı ilə görüşməyə yox.
Xudahafizləşirik. Zərdabın "dörd yol"unda taksi şoferindən
Yarməmmədbağı kəndinə necə gedəcəyimi soruşuram. Mənim maşınla
olduğumu görsə də:
- 5 manat ver, aparım, - deyir.
Aralanıram və illər öncə bir neçə dəfə getdiyim yolu yadıma
salıram.
Qəbiristanlığa araq qoymuşam
Köhnə dostum İsmayıl məni Lələağacı kəndinə burulan yolda
gözləyir. Bu kəndin içindən keçib Yarməmmədbağına gedəcəyik. 20
ildən çoxdur ki, görüşmürük.
- Qəbiristanlığa araq qoymuşam, gedək içək onu, deyir və
ötənləri yada salır. Neçə il qabaq yolun kənarındakı
qəbiristanlığın kənarındakı ağaclıqda yeyib-içməyimizi yada
salır.
Böyük oğlum özümə oxşamadı, namaz qılan
oldu
- Oğlumun biri nənəsinin yanındadı. Kiçiyimdi o. Adı Sənan olsa
da, kənddə hamı ona "quldur" deyir. Quldurluğu-zadı yoxdu, "prosto"
nənəsigilin mal heyvanını qadağan olunan yerlərdə otarır, ələ
keçmir, ona görə bu adı veriblər. Böyüyüm Amir isə heç özümə
oxşamadı, mollalıq edir, namaz qılır. Ortancılım Kənandır. Evimin
dirəyidir. O, başqa oğuldur. 6-cı sinifdən qoşuldu dayılarına getdi
Saratova. İndi vəziyyəti pisdir. Orda da hər şey qəlizləşib,
demişəm, yığışıb gələcək. Gör Bakıda ona bir iş düzüb qoşa
bilərsən?
Bunlar gecədən keçmiş, qonaq–qara dağılışandan sonra İsmayılla
dərdləşdiklərimizdən yadımda qalanıdır.
Yarməmmədbağı kəndində Nəsimi adına tam orta məktəbdə təsərrüfat
işləri üzrə direktor müavini işləyən İsmayılla məktəbə gəlirik.
Bazar günü olduğu üçün məktəbdə heç kəs yoxdur. Kəndin üç şəhidi
var. Məktəbin qarşısında mərmər lövhədə onların xatirələri
əbədiləşdirilib. Elə sinif otaqlarında da şəhidlərin şəkilləri,
onların qısa, lakin mənalı həyat yolları haqda məlumat var.
Bir azdan məktəbin direktoru Kamal müəllim də gəlir. Tanış
oluruq. Məktəbin məzunları haqda ürək dolusu danışır:
"600 baldan çox toplayanlarımız var. Heç bir repetitor yanına
getməyiblər. Öz müəllimlərimizin dərslərində oturmaqla yüksək
nailiyyət əldə ediblər".
Məktəbdə qışa hazırlıq işləri başa çatıb. Sinif otaqlarını
qızdırmaq üçün sobalar qoyulub. Həyətdə isə doğranmış odunlar
var.
Arxalı köpək qurd basar
Kənd sakini Əli Süleymanov başına gələn qəribə olaydan bəhs
edir:
- Eşitdim jurnalist gəlib, ona görə gəldim. Qardaş, zibilə
düşmüşəm. Poçtun müdirinin şoferi oğlumun idarə etdiyi "Opel"
markalı şəxsi maşınımı arxadan vurub. Sığortası var. Amma
sənədlərini vermir ki, sığorta maşını təmir eləsin. Deyir, müdirim
qoymur. Müstəntiqin yanına getdik. Hadisə vaxtı gəlib
ölçüb-biçmişdi. Bizə kömək etmək əvəzinə dağdan-dərədən danışdı.
Görünür, umacağı var, deyə bilmərəm, açıq danışmadı. Nə isə
hadisənin necə baş verməsi haqda fakt tərtib edib, amma vermir.
Deyir, gərək 10 dəqiqə tez keçəydin ordan, o da səni vurmayaydı.
Sözə bax e, bunu müstəntiq deyir. Rəisin yanında olduq, yaxşı
adamdır. Rəis onu çağırıb, danladı ki, insanlarla bu cür rəftar
etməzlər. Verdi "zadnıya". Amma poçtun müdiri şoferinə deyib ki,
sığortanın sənədlərini vermə, ilin axırıdır, birdən yenə qıza
elədin. Heç sözdü bu? Dərəbəylikdir vallah... Arxalı köpək qurd
basar burda deyiblər...
Təhməz dayının Nəbatat bağı
Təhməz dayı Ucarın Pərvanlı kəndindəndir.
- 40 ildən çoxdur ki, Kürdən rayona su vururam. İndi bir az
aralıda təzə motorxana tikilib. Qardaşım oğlu işləyir orda. O da
mənimlə yola getmir. Elə bilir ki, burdan milyonlar qazanıram, ona
vermirəm.
- Gözəl bağ-bağat salmısız...
- Düz 40 ildir buranın nazıynan oynayıram. Bura sərəncam da
almışam. SSRİ-nin hər yerindən əlimə düşən ağacı gətirib əkmişəm
bura. Əvvəllər boş vaxtlarımı öldürmək istəyi idi. Amma indi elə
bilirəm ki, bunlarsız yaşaya bilmərəm.
- Təxminən neçə növ ağacın var?
- Azərbaycanda olan ağacların bəlkə də 90 faizi burda var. Bizdə
olmayan ağacları da Rusiyadan, Ukraynadan alıb, gətirib əkmişəm.
Palmadı, yapon əzgilidi, banandı, yapon iydəsidi... nə bilim çox
ağac var. Cavanlıqdan kurorta gedərdim. Həmişə gələndə ancaq ağac
tingi gətirərdim. İki hektar ərazidi.
- Eşitmişəm ki, sizə dəfələrlə müraciət eləyiblər buranı
satasan.
- Satmaq deyəndə, ay oğul, satmaram, amma mənə yaşayış üçün bir
otaqlı ev versələr, verərdim.
Verim buldozerin ağzına, yerlə yeksan edim
buraları...
- Demək siz bu boyda cah-calalı, 40 ilin əzab-əziyyətini, bu
qədər ağacı, var dövləti bir otaqlı mənzilə dəyişməyə hazırsız?
- Hə, vallah, bu saat çıxıb gedərəm. Bala, almaq istəyənlər var,
amma mən də heç satmıram axı, bayaq bir söz idi dedim. Mənə imkan
vermirlər də burda rahatçılıq tapam. Hazır eləmişəm tək başına.
Milyonlar xərcləyirlər, park salırlar, gör bu gözəlliyi ala
bilirlər? Yığıblar boğaza, hərdən fikirləşirəm, verim buldozerin
ağzına, yerlə yeksan edim buraları...
- Bəs sonra ürəyiniz ağrımaz?
- Yox ağrıyıb eləməz. Çünki bizim millətə lazım deyil belə şey,
oğul. Bura, bax, bilmirəm nətəhər deyim, baş ağrısı olmasın.
Agcəbədidən, Ucardan, Göyçaydan o qədər vəzifə, pul sahibi olanlar
gəlir ki... İnan, hər yay qonağı olan götürüb gəlir bura.
Təmənnasız xidmətlərində dururam. Çıxarıb 3-dən 5 dən verənlər də
olur, verməyənlər də. Özləri ilə gətirirlər azuqələrini, yeyib
içirlər. Çaylarını qoyuram, manqalların yandırıram.
Bura elə sanatoriyadır, qal burda
- Özüm də ki, xəstə adamam. Həmişə sanatoriyaya gedərdim.
Ucardan həkimim vardı, Şahin həkim. Nevropotoloq idi. Bura
gəlmişdi. Dedi, kişi, sənin sanatoriyaya ehtiyacın yoxdur. Bura elə
sanatoriyadır, qal burda. Bir otaqlı kümə də tikmişəm.
Gecəm–gündüzüm burda keçir. Amma həmin həkim, Allah rəhmət eləsin,
özü öldü. 15-16 ay onun xəstəsi oldum. Bu qiblə haqqı, oğul, bizim
aramızda pul söhbəti olmadı. Rəhmətlik pul tamahkarı da deyildi.
Ölümünə üç gün qalmışdı gəldi. Dedi, sənlə vidalaşmağa gəlmişəm. Üç
gündən sonra mən gedirəm, dedi, elə getdi də. Rəhmətlik qonağı
olanda bura gətirirdi.
Bir avara oğlum var
- Bax, bu ağacları, palmaları, bananları gətirib əkibsən,
qulluğunda durubsan, bunları pulla alıbsan, ya hədiyyə ediblər?
- Pulla almışam. Kim mənim kimi səfehdir ki, pulsuz paylasın?
Srağa gün bir qadın gəlmişdi bura, jurnalist idi. Bir az söhbət
elədik. On dənə palma ağacını çıxardıb verdim ki, apar həyətində
ək. Dedim, məndən sənə hədiyyə. İşçilər gətirirəm, ağacları
budayır, əhəngləyir. Quran haqqı, pensiyamı onlara verirəm elə.
Mənə nə lazımdı axı, bu gün varam, sabah yoxam. Bezmişəm. Başçı da
bu yandan rahatlıq vermir. Bax, Allaha and olsun ordan, o əkin
yerindən darvazaya qədər ağacları verdim ona. Bəlkə 100 kub
material olardı, iri-iri ağacları kəsdirdi apardı. Bir avara oğlum
var. Gəlib baxmaz, sahib çıxmaz bunlara. Hərə bir cür bədbəxtdi,
mən də belə bədbəxtəm.
Yazma, nəslimi götüzdürər yer üzündən...
- Bu ağacı görürsən, hələ indiyə qədər görməmişəm ki, gül-zad
açsın. Xırda meyvələri olur, özü də təzyiqin dərmanıdı. Bax, bu isə
bambuk ağacıdı. Ən qiymətli ağacdı da bu, yəqin bilirsən. Yüz
əllidən çox qoz ağacım var.
Bu yaxınlarda od vurub yandırdılar narlığı. Yalan olmasın,
iyirmi ton nar yandı.
Fikrə gedir. Ağır-ağır dillənir:
- Eh nə bilim e qoymurlar da, imkan vermirlər. Həyatdı da.
Goruma aparmayacam ha. Bizimdi də. Başçı qonağı olan kimi bura
göndərir. Özü də dəfələrlə gəlib. İstirahət edib gedib. Bir də
gördün mindi paroxoduna, bir dənə də aşıq var, oxutdura-oxutdura
gəldi... Eh, ay oğul, elə şeylər var, danışacam, amma onları yazma,
nəslimi götüzdürər yer üzündən...
Mən qulaq asdım, amma yazmadım. Düşündüm ki, bu əməllərin sahibi
yazıq kişini yerindən-yurdundan edə bilər...
Qarabağı necə alıblar
"Pasportstol vardı, mayor idi, gəldi, qardaşın otuzdurdu burda,
məni də burunlayıb qovmaq istədi. 40 il əziyyət çəkmişəm, tutub
əlimdən alırdılar. Getdim prokurorun yanına. Dedi, kişi, nədi
dərdin, dedim yoldaş prokuror, sən çörək verən kişisən, dostun,
qonağın olub gəlibsən, erkək kəsibsən, bir budunu yeyibsiz, qalanı
qalıb mənə, balalarımı yedizdirmişəm, yetimə, əlsiz-ayaqsıza
vermişəm artığını. Hamı dua edib sənə. Həyatımı vermişəm bu bağa,
10 mindən çox ağac bir o qədər gül-çiçək əkmişəm. Banan Afrikada
elə bitmir, mən bu cür ovcumun içində böyütmüşəm o ağacları. İndi
bəs pasportstol əlimdən alır oranı. Prokuror dedi iki, yəni sən o
qədərdi ordasan, onu sənin əlindən ala bilərlər? Dedim, ay
prokuror, bəs Qarabağı necə aldılar, bizimkilər o torpaq yaranandan
orda yaşamayıb?
Papiros çıxartdı. Çəkdi. İnan papirosu elə sümürdü ki, ovurdu
yapışdı bir-birinə. Dedi, get, kişi, səni bir qurumsaq, nə qədər ki
mən burdayam, tərpədə bilməz. O, prokuror qarabağlı imiş, sonradan
bildim. Balaca göl də düzəltmişəm. 60 sot ərazidir. Balıqlarını
kənd adamlarına paylayıram. Neynirəm e, dolanışığım var, dostlar
qazanmışam. Sənə nə qədər ağac lazım olsa, qələm eləyim, verim,
apar. Utanma.
Qələm alveri
Mən isə bir yandan yazacağımı yazını, o biri yandan isə Zərdab
Miçurininin mənə bağışlayacağı qələmləri Bakıda neçəyə satıb, nə
qədər qazana biləcəyimi düşünürəm. Ancaq bir qələm adamının işi
deyil bu, yaxşısı gedib yazımı yazım...