Bura Göyçayın mərkəzidir. Burdan hər gün yüzlərlə şəhər
sakini keçir. Burada bir bazar düzəldiblər. Özü də əməlli-başlı
bazar. Кənd təsərrüfatı məhsulları, ət və ət məhsulları
sanitar-gigiyenik qaydalara əməl edilmədən torpağın üstündə
satılır.
Əslində bura bazar yox, "Göyçay-Avtonəqliyyat" ASC-nin ərazisi
sayılan istifadəsiz qalmış boş torpaq sahəsidir. Satıcılar yay və
qış aylarında açıq havada, toz-torpağın içində alver edərkən çox
əziyyət çəkdiklərini deyirlər. Onlar bazarda məhsul satışı üçün heç
bir şərait olmadığı halda yer haqqı da ödəyirlər.
Söhbətləşdiyimiz satıcılardan biri deyir ki, burada ticarətlə
məşğul olmaq üçün konkret heç bir şərait yoxdur:
"Camaat hamısı çöldədir. Bura bazar sayılmır. Bura avtobaza
sayılır. Bazarın işçiləri gəlib buradan avtobazanın qabağından pulu
yığıb gedirlər. Çöldə bir nəfər əlində bir toyuq satır. Deyirlər
ki, toyuğu satdın, mənim pulumu ver".
Dəhşətlisi budur ki, satıcılar kəndlərdən gətirdikləri süd
məhsullarını, göyərtini və meyvə-tərəvəzi piştaxtalarda yox,
antisanitariya şəraitində olan bir yerdə, torpağın üstündə
satırlar. Bazardakı şəraitdən satıcılarla yanaşı alıcılar da
narazıdır. Onlar aldıqları qida məhsullarının həyatları üçün
təhlükə yarada biləcəyindən narahatdırlar.
Alıcı Ağamusa dayı deyir ki, burda çox vaxtı zibili yerə
atırlar. Göy-göyərtini təmizləyib tökürlər yerə, hər yan kələm
qabığı, çürük meyvə-tərəvəz iyi verir: "İstərdim bazarlar
üstüörtülü olsun, qəşəng qapısı olsun. İçəri girəndə səliqə-sahman
olsun".
Amma səliqə-sahman bir yana, bazara girdin, nəyin harda
satıldığını müəyyənləşdirmək üçün hələ bir müddət müşahidə aparmaq
lazımdır. Çünki təmizliyə nəzarətin zəif olduğu bazarlarda məhsulu
kim harada istədi, orada satır.
Hələ nəzərə alsaq ki, əksər bazarların üstü açıqdır, onda burda
satılan məhsulları payız-qış mövsümündə, yağış-qar altında təsəvvür
etmək elə də çətin deyil.
Qarşılaşdığımız maraqlı məqamlardan biri də bəzi satıcıların
bazara buraxılmaması xəbəri oldu:
Bu "bazar-vağzal"da ət və ət məhsulları, süd və süd məhsulları
ayaqqabı, paltar və eləcə də digər məişət əşyaları olan yerdə
satılır ki, bu da bir sıra infeksiyaların yaranmasına zəmin
yaradır.
Meyvə-tərəvəz satıcıları isə özlərini təmizə çıxartmaq məqsədi
ilə hər gün bazar sahibinə pul verdiklərini, bunun müqabilində isə
bazar işçilərinin heç bir iş görmədiklərindən şikayətlənirlər.
Professor Adil Qeybullanın dediyinə görə, tozla bərabər günəş
şüaları altında ərzaq məhsulları öz keyfiyyətini tamamilə itirir:
"Xüsusilə də ağartı və ət məhsullarının üstüaçıq şəkildə satılması
düzgün deyil. Bu məhsullar günün altında və tozla təmasda olarsa,
dioksin adlanan toksik maddə ifraz olunur. Bu da orqanizmin
zəhərlənməsinə gətirib çıxarır. Bundan başqa, küçədə satılan
ərzaqların keyfiyyət parametrləri məlum deyil. Onların saxlanma
qaydaları da ciddi şəkildə pozulmuş olur. Ona görə də həmin ərzaq
məhsullarının istifadəsi və satışı yolverilməzdir. Çünki qəbul
olunan qida mütləq xüsusi yerlərdə - iaşə obyektlərində
satılmalıdır".
Bazar rayonun icra başçısı Mənsur Məmmədovun kabinetindən də
görünür. Başqa sözlə, hər şey – o kəsilmiş heyvan başları da
başçının gözü qabağındadır...