Yuxarı

15 manat borc alıb, ANS-ə gəldim – Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
15 manat borc alıb, ANS-ə gəldim – Foto

Küçədə gecələyən, yatmağa quru torpaqdan başqa yeri olmayan, valideyn qayğısından məhrum uşaqlar tez-tez rastımıza çıxır. Onlara əhəmiyyət vermədən yanlarından keçib gedirik. Ancaq nə yaxşı ki, kimsəsiz, yurdsuz-yuvasız küçə uşaqlarının qayğısına qalan sığınacaqlar var.

Belə sığınacaqlardan biri də "Balababa Məcidov-82" ünvanında yerləşən "Azərbaycan Uşaqlar Birliyi"nin nəzdində yaradılıb. "Axar.az" olaraq biz də uşaqların sığınacaqdakı yaşayışı, gün-güzəranı ilə maraqlanmaq istədik. Darvazada bizi sığınacaqda yaşayan uşaqlardan biri qarşıladı. Əvvəlcədən xəbər verdiyimiz üçün bizdən heç bir şey soruşmayıb, salamlaşaraq içəri dəvət etdi.

Pənah yeri

Həyətdə üç ev var, bunlardan ikisi sığınacaq üçün nəzərdə tutulub. Bir qədər hündür ikiotaqlı, səliqəli kiçik ev valideyn himayəsindən məhrum olmuş azyaşlı uşaqlar və yaşından asılı olmayaraq qadınlar üçün nəzərdə tutulub, birmərtəbəli başqa kiçik ev isə oğlanlar üçün.

Anama nifrət edirəm

Əvvəlcə qadınların yaşadığı sığınacağa baş çəkdik. İçəri çox səs-küylüydü. Burada 2-3 yaşlı valideyn qayğısından məhrum 10-12 uşaq var. Üç nəfər gördüyü zorakılıq üzündən evdən qaçan 19-22 yaşlarında qız. Onlarla söhbət edirəm, sığınacağa necə gəlmələri, burdakı həyatları barədə. 22 yaşlı Türkan anasının üzündən evdən qaçdığını deyir.

- Anama nifrət edirəm, onu heç vaxt görmək istəmirəm. Həmişə məni döyürdü evdə. Evin böyük qızıyam. Anam atamdan ayrılmışdı deyə, bütün hirsini mənim üstümə tökürdü.

Türkan küçə uşaqlarının sığındığı yerdə özünü çox rahat hiss edir. Bir həftədir ki, evlərindən qaçıb. Ucar rayonundandır. Dediyinə görə, anası onu oxumağa qoymayıb, 13 yaşında ərə vermək istəyirmiş. Deyir ki, uşaq da olsa, anasına qarşı çıxa bilib.

- Çox zorakılıq görmüşəm, indi artıq rahatam. Anam məni o qədər ac saxlayıb ki, mədəm xəstəliyə düşüb, müalicə alandan sonra, oxumağı, yazmağı öyrənmək istəyirəm.

Türkan Huseynova bir daha evlərinə dönmək istəmir. Onun həyatı sığınacaqdan başlayır, geridə qalan günləri silmək istəyir həyatından.

Hər kəsin öz hekayəsi var bu sığınacaqda. Onların da qayğıya, diqqətə ehtiyacı var. Kimisi ailə zorakılığından, kimisi uşaq vaxtı küçəyə atıldığından ürək yanğısı ilə danışır.

Burada həyat mənə nağıl kimi gəlir

19 yaşlı Əfsanə deyir ki, bütün o dəhşətlərdən sonra sığınacaqdakı həyat ona nağıl kimi gəlir. Üç il qabaq valideynlərinin hər iksini itirən Əfsanə iki il xalasının himayəsində qalıb. Amma xalası onu hər gün döyüb, anasını təhqir etdiyindən, artıq orda qala bilməyib və evdən qaçıb. Elə o gündən sığınacaqda yaşayır. Boş vaxtlarında burda təmizlik işlərinə baxdığını deyir. İngilis dilini öyrənir.

Sığınacaq o qədər də böyük deyil. Buna baxmayaraq, burda bir rahatlıq hiss edir adam. Sanki qışın soyuğuna, yayın istisinə baxmayaraq, küçələrdə yatan uşaqların, diqqətdən–qayğıdan kənar körpələrin arzularının ünvanıdır bura. Burda danışdığımız, söhbətləşdiyimiz hər kəsin arzuları, istəkləri onların keçmişini, dəhşətli həyat hekayətlərini öz kölgəsində qoyur. Təkcə Nadirdən başqa.

Nadir ümidsizdi və nə edəcəyini bilmir. İki həftədir ki, sığınacağa pənah gətirib. Valideynlərini 6 yaşından itirib. Bundan sonra nənəsi onu Gəncə şəhər Uşaq evinin himayəsinə verib. On altı yaşına qədər burda yaşayıb, uşaq evindən çıxanda nənəsinin yanına qayıdıb. Nənəsi rəhmətə gedəndən bəri, özünün dediyi kimi, küçələrdədir.

Əmim oğlu deyir, səni öldürəcəyik

- Mən uşaq evindən çıxanda əmimgil bizim evdə yaşayırdı. Mən isə nənəmlə qalırdım. O da rəhmətə gedəndən sonra mən öz evimi istədim. Əmimgil gədəbəylidir. Çox zalımdırlar. Onlarla bacara bilmirəm. Əmim çox içir, həyat yoldaşı da çox amansızdır. Gücüm çatmır onlara. Atam-anam sağ olanda bizim evimiz var idi, onlar öldü, evimizə əmimgil sahib çıxdı, məni də evə qoymurlar. 8 sot torpaq sahəm var idi. Onu da əmim oğlu əlimdən alıb, özünə ev tikib. Əmim oğlu deyir, torpağını alsan, səni öldürəcəyik.

15 manat borc alıb ANS-ə gəldim

Nadir Məmmədov ANS telekanalına "Adam içində" verilişinə çıxıb, dərdini anlatmaq və bəlkə o verilişdə ona kömək edərlər deyə, Bakıya üz tutub.

- Bura Bakıya gəlmək üçün 10 manat birindən, 5 manat birindən borc pul aldım. Bakıda bir gün küçədə yatdım. ANS də verilişə çıxdım. Ancaq nə xeyri.

Nadir mülklərini əmisigildən almaq üçün vəkilə ehtiyacı olduğunu deyir. ANS telekanalında "Adam içində" verilişindən sonra ona kömək ediləcəyinə ümid edir. Sığınacağa da elə "Adam içində" verilişinin köməkliyi ilə gəldiyini bildirir.

Bakı adamı qorxudur

Uşaq yaşından uşaq evində böyüdüyü üçün dünya görüşünün dar olduğunu deyir. Nadir üçün Bakı çox böyük şəhərdir. Burda yaşamaq ona çox çətin gəlir.

Gəncə ilə Bakı çox fərqli olduğunun soruşuram.

- Gəncə çox balacadır, Bakı çox böyük. Burda yaşamaq çətindir. Heç yeri tanımıram. Arada çıxıb sığınacaqdakı uşaqlarla gəzirik bir az. Bakı adamı qorxudur.

Nadir bizimə söhbəti boyu başını qaldırmır, hərdən başını qaldırıb mənə baxanda üzü qızarır, gözlərinin dolduğunu hiss edirəm. O isə: "Vallah, bilmirəm axırı necə olacaq" kəlməsindən tez-tez istifadə etdiyindən ümidsizliyini anlamaq çətin olmur.

Ondan necə bir həyatda yaşamaq istədiyini soruşuram, yenə də üzündəki ifadə dəyişir, kədərli səslə: "Arzular o qədərdir ki, evim olsun, ailəm olsun. Evim-eşiyim olmayandan sonra necə ailə qurum?" – deyir.

Əsas işimiz baxımsız uşaqlarla işləməkdir

Azərbaycan Uşaq Birliyi təşkilatının rəhbəri Kəmalə Ağazadə sığınacağı təşkilatın nəzdində yaratdıqlarını deyir:

- Sığınacağın 17 nəfər daimi sakini var, bunların 10-12-si balaca uşaqlardır. Burda müvəqqəti yaşayanlar da olur, 3-4 həftəyə, 2-3 aya yenidən normal həyatlarına qayıdırlar. Əsas işimiz baxımsız uşaqlarla işləməkdir. Reabilitasiya keçib ailələrinə qaytara biliriksə, qaytarırıq, qaytara bilmədiklərimiz də olur, küçədən gətirdiklərimiz də.

Kəmalə xanımla söhbəti bitirəndə deyir: "Arzu edirəm ki, elə bir gün gəlsin ki, sığınacağa heç bir uşağın ehtiyacı olmasın".

Elə biz də bir gün Nadirin və onun kimi sığınacaqda yaşayan bütün uşaqların evlərinə dönməsi ümidi ilə Kəmalə xanımın arzusuna qoşuluruq. Heç bir uşaq valideyn qayğısından, diqqətindən kənarda qalmasın.

Tarix
2013.12.10 / 17:18
Müəllif
Vəfa Nağı
Digər xəbərlər

Nazirdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

“Liv Bona Dea” məhkəməyə saxta sənəd verib – Köçərli

Niderland parlamentinin Bakıya qarşı qərəzli sənədi… - Səfir

Şahin Mustafayev Ermənistanda səfərdədir - Foto

Ukraynanın Putini dəli edən zərbəsi: Rusiya çökə bilər

Ermənistan Azərbaycanla sərhəddə silah anbarlarını boşaldır

Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev

İranın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş

Meloninin səfərinə hazırlıq: Əmirbəyov Çirielli ilə görüşdü

Erməni general yenə Hindistandadır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla