BDU-nun 1 nömrəli
yataqxanasında ancaq xarici vətəndaşlar qalır. Bura Azərbaycan
tələbələrinin yaşadığı yataqxanadan xeyli fərqlənir. Daha
səliqə-sahmanlı olmaqla yanaşı, hər bir otağın özünün mətbəxi belə
var. Özü də xarici vətəndaş dediyimiz ancaq çinlilərdir. Burdakı
yaşayış, çinlilərin Azərbaycan haqqındakı təəssüratları və başqa
təfərrüatların oxucular üçün də maraqlı olacağını düşünüb yolumuzu
yataqxanadan saldıq.
Çin qonaqpərvərliyi
Hər qapıya yaxınlaşanda heç vaxt duymadığın qəribə, tanış
olmadığımız yemək qoxuları gəlir burnuma.
Otaqların qapısını açan kimi öncə mətbəx görünür. Amma çinlilər
də qonaqpərvərdirlər. Kim olduğumu soruşmadan içəri dəvət edirlər.
Mən də məqsədimi əvvəldən deyirəm ki, xırmanda davamız düşməsin.
Çinlilər üçün isə bunun fərqi yoxdur - gülə-gülə qapını üzümə
açırlar, salamlaşandan sonra evə dəvət edirlər, ayaqqabılarımı
çıxartmaq istəyirəm, amma məni otağına dəvət edən xanım buna
qətiyyən imkan vermir. Təşəkkür edib, içəri girirəm.
2 saatlıq söhbət
İlk sualım adını soruşmaq olur. Aylan. Səmimi söhbət başlayır.
Elə qapıdan içəri girən kimi Aylan əlindəki çubuqla (kuaytszı)
yeməyin bişib-bişmədiyini yoxlayır. Sonra mənə oturmağa yer
göstərir. Özü də elə bil, illərdir məni tanıyır - o qədər rahat, o
qədər səmimi danışırıq ki, söhbətimiz düz 2 saat çəkir. Yeri
gəlmişkən, onunla ingiliscə danışmışıq.
Əvvəla, onu deyim ki, Aylan Azərbaycana bir illik gəlib.
Elmi-araşdırma yazısından ötrü bir il Azərbaycanda qalmalıdır və
"Dil siyasəti" haqqında araşdırmasını Azərbaycan dili haqqında
etməlidir. Bizim dili öyrənməyə başlayıb. 17 ildir ki Çin
universitetində ingilis dili müəlliməsi işləyir.
Gülərüz çinlinin üzü dəyişir
Qiymətlərin bahalaşdığı bir vaxtda Aylanın da ilk şikayət etdiyi
bahalıq olur. "Necə yaşayırsız?" - sözarası verdiyim bu sual məni
gülə-gülə evinə dəvət edən xanımın üz ifadəsini o dəqiqə
dəyişir:
- Bakı çox bahalıqdır. Burda maaşla qiymətlər arasında
uyğunsuzluq var.
20 qəpiyə Çində qucaq dolusu qəzet ala
bilərəm...
Ondan ən bahalı görünən məhsulumuzu soruşuram. Burda Aylan əlini
başına tutub kitabların od-tutub yanmasından çox təəccübləndiyini
deyir. Xarici vətəndaşlar üçün nəzərdə tutulmuş ingilis dilində
"Azərbaycan Dilinin Qrammatikası" kitabını göstərir və bu kitabın
dükanda 70 manat olduğunu deyir. Bir də qəzetlərin Çinlə müqayisədə
çox baha satıldığını bildirir.
Sözün düzü, bahalıqdan şikayət edən Aylandan ilk cavabının qəzet
və kitab olması məni təəccübləndirdi. Daha nəyin baha olmasını
soruşanda Aylan ümumiyyətlə Bakının çox bahalı bir şəhər olduğunu
deyir.
Qızlarınız bu qədər vaxtı haradan tapır
- Məni təəccübləndirən odur ki, sizin xalq özünə bu
qədər baxmaq üçün vaxtı haradan tapır?
Deyəsən Aylan bizi çox yaxşı müşahidə edib:
- Burda hər kəs daha çox öz xarici görünüşünə fikir verir.
Həmişə gözəl görünmək istəyirlər. Xanımlar küçəyə eleqant geyinir,
ətirdən çox istifadə edirlər. Mənə elə gəlir ki, gözəl görünmək
sizin həyatınızda əhəmiyyət kəsb edir. BDU-da dərslərdə otururam,
tənəffüs olan kimi qızlarda böyük bir axının tualetə getdiyini
görürəm. Güzgünün qarşısında özlərini səliqəyə salır, parfüm
vururlar. Çində qadınlar ətirdən istifadə etmirlər, bəziləri edir,
o da nadir hallarda. Kişilər isə, bizdə ümumiyyətlə ətirdən
istifadə etmir. Çin qadını da gözəl görünmək istəyir, amma onların
vaxtı yoxdur. Məni təəccübləndirən odur ki, sizin xalqınız bu qədər
vaxtı haradan tapır özlərinə fikir verməyə?
"Məsələn mənim artıq vaxtım olsa, kitab oxuyaram, pul qazanmaq
üçün bacarıqlarımı artıraram, ya da yataram",- deyirəm.
Ancaq Azərbaycan çayı
Söhbət edə-edə mənə çay gətirir. Əgər çin çayıdırsa, dadına
baxacağımı deyirəm. Amma Aylan deyir ki, burda insanlar çox
dostcanlı və istiqanlı olduqları üçün gətirdiyi bütün çayları
burdakılara hədiyyə verib, özü isə Azərbaycan çayı içir. Burda
aldığı ərzaqların heç birindən istifadə edə bilmir - bircə, bu
çaydan başqa.
Onun kiçik sirri
Gözüm stolun üstündəki şəklə sataşır. Onun kim olduğunu
soruşuram.
- Bu mənim müəllimimdir, ona sitayiş edirəm.
Sonra necə dua etdiyini mənə göstərmək üçün kiçik xalçanı yerə
sərir. Buddist olduğu üçün onlara məxsus şəkildə ritual hərəkətləri
edir. Şəklini çəkməyi xahiş edəndə, cavab verir ki, bu onun kiçik
sirridir. Tələbələri isə heç vaxt onun hansı dinə sitayiş etdiyini
bilməməlidir. Nədənini soruşanda Aylan belə cavab verir:
- Çünki auditoriyada marksizmi, leninizmi öyrənən və ya inanan
tələbələrə buddizmdən danışmaq olmaz.
Cavanam, qocalmaq istəmirəm
Aylan məndən soruşur ki, nədən BDU-da tələbələrin yataqxanası
yoxdur? Və sonra əlavə edir ki, onların həyatı çox
cansıxıcıdır:
- Sizin tələbələrin ancaq bir işi var - evdən dərsə, dərsdən
evə. Bunlar harada idman edirlər, nə zaman dərs oxuyurlar?
Kitabxanaya getmirlərmi?
"Biz idmana meylli xalq deyilik",- deyəndə, Aylan həyəcanlı
tərzdə: "Mən hələ cavanam, qocalmaq istəmirəm, bunun üçün idman
etmək, hərəkət etmək lazımdır",- deyir.
Evdə otursaq, dalaşarıq
Yenə eyni sualı verir:
- Bunlar nə ilə məşğuldurlar (tələbələri nəzərdə tutur), dərsə
gedib-gəlməkdən başqa? Məsələn, tətillərdə?
Cavab verirəm ki, çoxumuz evdə oturub TV-yə baxmağa üstünlük
veririk. Bir də internet-filan.
Ürəkdən gülür, sonra da deyir ki, əgər Çində bütün günü evdə
otursaq, biz səhərdən–axşama dalaşarıq, mübahisəmiz düşər. Yenə
gülür.
Çində müəllimlər 600 dollar alır
Çin tələbələrinin həyat tərzindən ağızdolusu danışır.
- Tələbələr çox məşğuldurlar. Birinci növbədə universitetin
yataqxanalarında qalırlar. Bu bir növ onların çox çalışmaqlarını
sığortalayır. İdman, dərs, dərnəklər, kitabxanalar - bütün bunlar
tələbə həyatı üçün vacib şərtlərdir. Çin tələbələrinin həyat tərzi
də belədir.
Aylan müəllimlərin maaşından da danışır. Deyir ki, müəllim buna
görə bütün günü universitetdə kilidlənib qalmamalı, əlavə başqa
yerlərdə də işləməlidir.
- Çində müəllimlər 600 dollar maaş alır və bu maaşla normal
dolanırlar. Çin müəllimi mühazirə deyəndə tələbələr onun sözünü
kəsmir, axıra qədər dinləyib, sonra sual verirlər. Tələbələr
müəllimlərə hörmət edir. Burda isə tələbələr müəllim mühazirə
deyə-deyə onun sözünü kəsib suallarını verirlər. Davranış
qaydaları, müəllimlərin geyimləri qəribədir. Çox nadir hallarda
sizdə müəllim auditoriyaya cins geyinib gəlir. Ancaq kostyum və
qalstuk.
Bizdə isə Amerkan stilində, yəni cins şalvarla gəlir müəllim
dərsə. Ümumiyyətlə, burda kişilər də dəblə geyinir. Bizdə belə
deyil. Kişi rahat paltarda gəzməlidir. Bir də ki, dəb onun nəyinə
lazımdır, kişi ancaq pul qazanmalıdır.
Qaraya bürünmüş Azərbaycan kişiləri
- Çində küçə çox rənglidir, ona görə ki, biz rəngli geyinirik.
Bakıda küçələrin bir rəngi var - qara. Buna baxmayaraq, küçələri
bahalı maşınlar bəzəyir. Burda çoxlu brend maşınlar var. Müasir
üslubda tikilmiş göydələnlər-filan... bütün bunları görəndə
deyirəm, bura zənginlərin şəhəridir, amma az maaş alan müəllim bu
şəhərdə yaşaya bilməz.
Bakı haqqında təəssüratları ümumilikdə çox pozitivdir. Özünün
dediyinə görə, Bakının havası Çininkindən çox təmizdir:
- Bakını çox sevirəm, bəlkə nə vaxtsa yenə qayıtdım.