Bayram günləri arxada qaldı. İnsanlar bir həftəlik
istirahətdən geri – işə dönür. O da düzdür ki, bu bayram günlərində
işinin-gücünün arxasında olanlar da az olmadı. Dənizçilərimiz,
təyyarəçilərimiz, dəmiryol işçilərimiz özlərinin çətin və şərəfli
işlərini görməkdə davam etdi, vətəndaşlarımızı, eləcə də
daşıdıqları yükləri mənzil başına çatdırdılar.
Bu bayram günlərində şəhərimizin bir çox iaşə obyektlərində
olmaq istədik. Lakin fikrimizi dəyişəsi olduq. Axı bir də nəfəs
dərmədən çalışan işsizlər vardı. İşi-gücü başından aşan o
işsizlərlə görüşdük. Görəsən rəsmi iş yeri olmayanlar bayrama necə
hazırlaşıb, necə qeyd edirlər? Yolumuzun binasını "Xalqlar
dostluğu" metrosunun yaxınlığındakı körpünün altında yerləşən qul
bazarına saldıq. Qul bazarında fəhlələrin sayı əvvəlki günlərə
nisbətən az olsa da, yox da deyildi.
Bura bir tikə çörəyin əsiri olub da toplaşanların bir neçəsi ilə
söhbət etmək istəyirəm. Mənim yaxınlaşdığımı görcək sifətlərinə
qonan ilk anın sevinci, onlara yaxınlaşmağımın səbəbi aydın olan
kimi də itir. Əlbəttə, müştəri gözü ilə baxdıqları adam, əslində
onların qaysaqlanmış yaralarını qoparacaqsa, necə olmalıdı ki?..
Biri gəlib, soyuqda işsizliyin və kasıblığın "əlində"
çabalayanların işi ilə maraqlanır, yazı yazmaq istəyir. Sözsüz, bu
mənim işimdir, bu adamlar isə hələ tapacaqları işin həsrətini
çəkir. Mənim işimin varlığı onların ağıllarının ucundan da keçmir,
güman ki.
"Biz nə hayda, sən nə hayda?" - mənə ilk yaxınlaşan yorğun
görkəmli kobud kişi əlini yelləyib aralanır. Danışmaq istəmir.
Ətrafımıza anındaca toplaşanlar küskün və pərt halda kənara
çəkilir. Ehtimallarında yanıldıqları hiss olunur.

2014 gəlib, 2013-dən yaxşı olacaq?
Axır ki, biri qəzəbini tökür: "Qarabağlıyam, əvvəl iş tapmışdım,
işləyirdim, müəssisəni özəlləşdirdilər. İndi orda nəinki mənim kimi
sənətkarlar, süpürgəçilər də müəssisə sahibinin qohumlarıdır,
qonşuları, yerliləri, yazı-pozu işinə baxan qızlar isə... Özün
bilirsən də... Sən də nə qoyub, nə axtarırsan - bayramdan, Yeni
ildən danışırsan. Zalım oğlu, nə bayram? Guya görmürsən, il ildən
ağır gəlir? Guya 2014 gəlib, 2013-dən yaxşı olacaq? Əvvəllər bizdən
"şirinlik" alırdılar, indi deyəsən rəsmiləşdirəcəklər,
hambalçılığımıza da vergi ödəyəcəyik", - deyir və bir lomba
ayağının altına tüpürür. İşsizliyinə, hansısa məmurun
özbaşınalığına, torpaqlarını hələ də işğalda saxlayan düşmənə,
yaxud elə dolanışığına, gününə-rüzgarına tüpürürdü, demək
çətindir.
Bakı bizim qürurumuzu tapdadı
"Mənim adım Cavaddır, adımı mütləq yaz. Sabirabaddanam.
Zootexnik işləyirdim. Ali təhsilliyəm. Amma nə olsun? Bu
"preparator" olmasa, acından ölərəm. İşləmək ayıb deyil ki,
işləyirəm. İş tapmaq çətindir. Hambal çox, iş gördürən az. Elə
adamlar var ki, qapısında işləyirsən, axırda nəyi isə bəhanə edib
pulundan kəsir. Bu da cəhənnəm, buna dözmək olar yenə. 49 yaşım var
e mənim. İşlədiyin həyətdən çıxanda görürsən, evin xanımı bir kisə
zibili verir əlinə ki, qardaşımsan, gedəndə bunu atarsan. Bax onda
çox utanıram. Balalarım var, kirədə qalıram, çətindir. İşim
olsaydı, nə ölümüm vardı buralarda. Bakıdan zəhləm gedir. Bakı
bizim qürur yerimiz olub, amma qürurumuzu tapdalamaqla
məşğuldur".
Mən işdən qorxan deyiləm
Yardımlıdan olan Əvəzxan:
- Buna da şükür. Camaatımızın işi-gücü yaxşı olsun, ev-eşik
tikdirsin, fəhlə, usta lazım olsun, biz də gedək işləyək. Ailəyə
çörək, əyin-baş ala bilək. Mən subayam. Rayona, qocalara kömək
lazımdır. Qışda bizim dağlarda yaşamaq zülümdü. Niyə naşükürlük
edim. Gözümü açandan fəhlə işləmişəm. Sağ olsun burdakı ustaları,
iş tutan kimi birinci məni aparırlar. Mən işdən qorxan deyiləm.
"Başuva dönüm, adımı yazma, qələt elədim
danışdım?"
"Bakı" kino-teatrının qarşısındakı dayanacaqdakı maşınlara
nəzarət edən sarı gödəkçəli, qoluna qırmızı bağlamış yaşlı kişi
deyir bunları.
"Sən məni aldatdın, mən sənə heç nə danışmazdım yoxsa. Dedin
uşağı işə düzəltmək istəyirəm".
Adını yazmayacam. Yaşı 60-ı keçib. Nəqliyyat Departamentinin
işçisi sayılır.
- Necə oldu bura nəzarətçi kimi işə düzəldin?
- Çox asan. Şəxsiyyət vəsiqəmin sürətini verdim, 2 dənə də
şəkil. Aldılar, işə "oformit" elədilər.
- Maaşınız nə qədərdi?
- Heç nə qədər. Nə maaş, maaş nədi?
- Day bu olmadı ki, maaşsız da iş olar?
- Əslində, maaş almalıyıq, amma maaş-zad yoxdur. Allah bərəkət
versin, günə 15-20 manat qalır. Az da olur, çox da. Bayramlarda,
bir də şənbə-bazar daha çox olur. Yarmarkaya alverə gələnlər olur,
axı. Ancaq bizim də verəcəyimiz var. Haqsız iş olar? Nəqliyyat
Departamentində Cabbar (ad şərtidir – red.) var. Buralara o baxır.
Hər gün gəlir, adama 5 manat veririk. Tək biz deyilik ki! Xətaidə
çox yerlərdən pulu o yığır. İki nəfərdilər. İnsan adamdır. Təkcə
"Maqnit" dükanının qarşısındakı lallar ona pul vermir. Onların
qazandıqları özlərinindir. Ukrayna dairəsində, "Heydər" parkında
işləyənlərdən günə 15 manat alırlar. Orda daima maşın olur.
Qazanclar çoxdur onların. Uşağı düzəltsən, ora düzəlt. Cavan
oğlandır, yayda adam əlindən tərpənmək olmur orda. Qızlara baxar,
bu da bir kefdir də, həm də pul qazanar. Adamım olsaydı, mən də elə
bərgedən yerdə olardım. Bura da min şükür".
Şəklini çəkmək istədiyimi deyirəm.
- Nə üçün?
- Jurnalistəm, yazı yazacam.

Yalvarır:
- Başuva dönüm, eləmə. Departamentdə Cabbar var ha, bayaq dedim
e, qovar bizi burdan...
Söz verirəm ki, nə adını, nə də şəklini verəcəm.
- Bu gün bayram günüdür, bəlkə istirahət edəsiz?
- Yox, a qardaş, bayramda elə xalqın qaydına qalmalıyıq da,–
kişi artıq ciddiləşib. Səsində mənə qarşı etibarsızlıq hiss olunur.
- Beş-on manat artıq olsa, nə olasıdır ki?.. - deyib tərpənməkdə
olan maşına tərəf tələsir.
Camaat gedib, prezidentdən, nazirdən intervü
götürür
Xətaidəki kənd təsərrüfatı yarmarkasının ətrafını təmizləyən
süpürgəçi xanımla söhbətim isə ümumiyyətlə baş tutmur:
- Başına iş qəhətdi? Camaat gedib prezidentdən, nazirdən intervü
götürür, yazı yazır, bu da gəlib məndən yazmaq istəyir, - deyib
başını bulayır, yaşmağını yuxarı qaldırır və hirslə süpürgəsini
asfalt döşəməyə çırpır.
İradı qəbul edirəm. Gülümsəyib süpürgəçi qadından
aralanıram.
Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində yolu təmizləyən
rayon MKTB-nin işçisi ilə söhbətim də gileylə başlayır:
- Bizə bayram, istirahət günləri yoxdur. Hər gün işləyirik.
38-ci MİS-də Seyfəddinin işçisiyəm. Özləri yeyir, doymaq bilmir,
heç bayramqabağı mükafat da vermədilər bizə. Başqa yerlərdə isə
bayram hədiyyəsi verilib bütün işçilərə... At kimi işləyirik, heç
olmasa eşşək kimi yedizdirələr...