Metronun 20 yanvar stansiyasından çölə çıxmağa macal tapmamış
taksi sürücüləri qışqıra-qışqıra üstümə tökülüşdü. "Saray...
Sumqayıt... Masallı... İmişli..."
"Bir nəfər, bir nəfər... Gedirsənsə, çıxıram..."
Yola çıxmayan günahkar
Metronun pilləkənlərini bitirməmiş bəziləri az qala qolumdan
tutub maşına oturtmaq istəyirdilər. Toplu halında üstümə elə
gəldilər ki, dedim, daha canımı qurtara bilməyəcəyəm. Hətta özünü
bir az da günahkar hiss etdim ki, niyə harasa getmirəm ki, barı
onlardan birinə xeyrim toxunsun...
Ancaq niyə axı burda hamını yola çıxan zənn edirlər və adamı
özünü günahkar kimi hiss etməyə məcbur edirlər?
Bu səs-küyün, qarışıqlığın içində yüksək səslə eşidilən meyxana
sədaları diqqətimi çəkdi, mənə canımı qurtarmaq üçün üz tutacağım
yolu göstərdi. Əslində, bu gün iş olaraq məqsədim də elə buydu –
disklər satılan dükanların birindən yazı hazırlamaq.
Hövsanda oğlanlar var, zalatoy, zalatoy...
Son zamanlar taksilərin, disk satılan yerlərin qarşısından
keçəndə ən çox eşitdiyim sözlər idi bunlar. Meyxana sözləri.
Arif adam
Bu musiqilərə kimlər qulaq asır? Dinləyiciləri ən çox
kimlərdir?
Sürücülərdən canımı qurtarıb, özümü disk satılan dükana saldım.
Satıcı ilə söhbət etmək üçün əvvəlcə meyxana diski soruşdum:
"Oxutduğunuz meyxana diskindən varmı?"
Satıcı arif adammış, gülümsəyib üzümə baxdı: "Deyəsən siz disk
alana oxşamırsınız axı? Oxutdururamsa, demək var da. Yüz faiz, ən
çox oxunulan musiqilərdən də xəbəriniz yoxdur.
- Ən çox oxunulan musiqi hansıdır ki?
- Sizin istədiyiniz meyxana "Hövsanda oğlanlar var, zalatoy,
zalatoy"du.
Bu an satıcının ürəyi açıldı. Az qaldı ki, meyxananın bütün
tarixini, məşhur meyxanaçıların hamısının tərcümeyi-halını bir-bir
mənə danışsın.
- Bəs ən çox hansı musiqi alınır sizdən?
- Musiqi deyəndə, sırf musiqi alan yoxdu. Hamı meyxana alır.
Musiqili meyxana. O da Pərviz Bülbülənin meyxanaları. Bu dəqiqə
hamı ona qulaq asır.
- Hamı kimdi ki?
- Cavanlar, orta nəsil. Şəhər əhalisinin hamısı.
Satıcıdan adını soruşmağımdan dalağı sancdı. Tərs-tərs üzümə
baxdı: "Birdən jurnalist-zad olarsız a, biabır olarıq".
Hiss elədim ki, satıcı qorxur. Ancaq nədən?..
Dükanımın yerini yazma
Pirat disklərlə dolu olan bu dükanın satıcısının adı Rüstəmmiş.
Üç ildi ki, bu yolla çörək qazanır. Jurnalist olduğumu bilir,
danışmağa etiraz etmir, amma deyir ki, onun dükanının harda
yerləşdiyini və soyadını yazmayım. Şəklini çəkməyə də icazə vermir.
Səhər saat 9-dan 10-a kimi satıcılıqla məşğul olan Rüstəm ancaq
meyxananın çörəyini yeyir desək, yanılmarıq. 24 yaşı var.
Meyxana – kasıbların umudu
- Satıcılıq işi elə bir şeydi ki, burda hər cür adam görürsən.
Amma hələ indiyə kimi dükana varlı adam girməyib. Gələnlərin hamısı
kasıb-kusub balalarıdır.
Rüstəmdən özünün də meyxanaya marağı olub-olmadığını
soruşuram.
Dediyinə görə, adamlar indi ciddi şeylərlə məşğul olub başını
yormaq istəmir. Əslində baş qalıb ki... Hamı başını qarışdırmaq
üçün bir az yüngül, ürəyi toxdadan şeylər axtarır.
Bəli, o özü də meyxana "xəstəsidi", hətta tay-tuşları ilə
ara-sıra yığışıb həvəslərini öldürmək üçün meyxana da deyirlər:
"Bilirsiniz, bu meyxananın fanatları necə adamlardır? Bəziləri
gündə bir-iki dəfə gəlib yeni meyxana diski varmı, deyə soruşurlar.
Yəni meyxana onların üçün hava-su kimidi".
Bəs Rüstəm boş vaxtlarını necə keçirir? Kinoya baxmağa,
musiqi dinləməyə gedirmi hansısa kinoteatra, yaxud
konsertə?
Deyəsən, sual onun üçün qeyri-adi səslənir. O dəqiqə üzündə
təəccüb ifadəsi yaranır, sanki – "bu, nə sualdır mənə verirsiz?"
kimi bir ifadə. Çox cəld və istehza ilə "nə danışırsız, orta əmək
haqqı alan azərbaycanlı belə, əyləncəsini kinoya, konsertə getməklə
keçirtmir",- deyir.
- Kinoya getməyə vaxt tapmıram, həm də mən elə hər gün bir kino
biletinin qiyməti qədər pul qazanıram, onu da kinoya xərcləsəm,
necə yaşayaram? Gündə ancaq 10-15 manat. Bəzən bir az aşağı, bəzən
bir az yuxarı. O da baxır bazardakı məhsula. Əgər yaxşı meyxana
satışa çıxsa, yaxşı da bazar olur.
Rüstəmin ümidləri ilə meyxana haqqında öz fikirlərimi müqayisə
edirəm. Müsahibim meyxananın el arasında yayılıb geniş şəkil
almasına sevinir, bu işə qazanc kimi baxır. Meyxana onuncun sənət
deyil, səs şəklində, disk formasında çörəkdi. Biz isə hər gün
taksidə, metro keçidlərində bu səsdən zinhara gəlib donquldanırıq.
Daha nə demək olar? Bazar olsun, qardaş. Qoy mənə də meyxana
çörəkdən bir pay düşsün...