Xəqani Rüstəmov küçəsində yaşayan Füzuli rayon
köçkünləri redaksiyamıza göndərdikləri məktubda güzəranlarından
narazı olduqlarını, dözülməz şəraitdə yaşadıqlarını bildiriblər. Bu
məktubun sorağı ilə onların yaşadığı ünvana yollandıq, görüşdük,
həyat şəraitləri ilə maraqlandıq.
Unudulmuş insan məskəni
Evsizlikdən şikayət edən Füzuli qaçqınları taxta-dəmir divarları
olan balaca komalarda yaşayırlar. İşğal altında olan bu rayonun
məcburi köçkünləri 20 ildir ki, başqaları kimi isti ev ümidi ilə
gözləyirlər.
Bu küçə ilk baxışdan tənha bir evi xatırladır. Həyətdən
çalın-çarpaz zivələr çəkilib, zivələrdən paltarlar asılıb. Bu
zivələr, bu paltarlar da olmasa, burada insan oğlunun yaşadığına
inanmaq çətin olar. Sanki illərdir burada həyat donub.
Göydələnlərin fonunda yerə yapışmış yekə, yöndəmsiz, yastı-yapalaq
evi xatırladan, pas atmış dəmir-dümürdən köynək geyinmiş bu xırda
məhəllə adamda yalnız bu təəssüratı yarada bilər – haçansa insan
məskəni olmuş və unudulmuş məkan.
Meşəyə gələn insan
Qəfildən torpağın içində oynayan balacaların qışqırtısını
eşidəndə yadıma düşür ki, bura reportaj hazırlamağa gəlmişik – axı
burada dərdi-səri olan adamlar yaşayır və onlar imdad üçün bizə üz
tutublar. Fotoqrafımız meşəyə gələn insandan qorxan nağıl
qəhrəmanları kimi bizdən ürküb-qaçan uşaqları çağırır, dilə tutur,
şəkillərini çəkib isinişməyə çalışır. Deyəsən, ünsiyyətimiz alınır.
Böyük həvəslə, sanki illərdir qayğıdan, mehrdən kənar olduqlarını
cürbəcür hərəkətləri ilə bildirməyə can atırlar. Küçənin bütün
uşaqları "fotoqraf əmi"yə şəkil çəkdirmək üçün toplanır.
Həyatın daha bir nişanəsi – söyüd ağacı
Yox, bura nə müharibə bölgəsidir, nə də ki, təhlükəli zona.
Sanki hündür, yaraşıqlı binaların tikildiyi, göz oxşayan parkların
salındığı Bakı da deyil bura. Bakı coğrafi də olmasa, ruhən bu
məkandan çox-çox iraqda yerləşir.
Şəhərin bütün səs-küyündən uzaq Xəqani Rüstəmov küçəsinin mistik
aurası var. Heç vaxt inana bilməzsən ki, bu qədər gur insanları
olan şəhərdə 11 ailənin yaşadığı sakit, baxımsız, gözdən–könüldən
kənar belə bir künc də var. Elə müasir Bakının toz-dumanında itmiş,
bir də söyüd ağaclarının varlığından başqa həyatın var olduğunu da
burada heç nə xatırlada bilməz sənə. Bir də ki, məhəllənin
kənarında tikinti işləri aparılan ərazidə oynayan uşaqların
səs-küyü.
Dəmir-beton oyuncaqlar
Üst-başları torpaq, çirk-pasaq içində olan bu balacaların
oynamağa, əylənməyə başqa yerləri yoxdur. Onların oyuncaqları da
əlbəttə ki, gəlinciklər, oyuncaq maşınlar deyil. Müharibənin
qoxusunu belə duymayan bu balacaların oyuncaqları da qeyri-adidir.
Yaxınlıqda tikilən yeni tikililərin beton daşları, armaturları –
böyüklərin dilində "inşaat materialları" adlanan bütün tör-töküntü
bu balacaların sevimli oyuncaqlardır. Betonqarışdıran maşınlar
yükünü boşaldanda isə onlar üçün əsil toy-bayram olur. Məhəllədə
yaşayan balacalar qaça-qaça özlərini maşınlara çatdırıb onu seyr
etməkdən doymurlar.
Müharibədən daha qorxulu
Gözünü müharibədən çox uzaqda açıb Nihad. Nə müharibə görüb, nə
də ki, ana-atasının ona anlatdığı Füzulini. Nihad üçün müharibə
anlayışı hər gün ayağını basdığı beton döşəmə, yağış yağanda su
daman tavan və taxta divarları olan evdən qorxulu deyil. 6 yaşlı bu
balaca deyir ki, yüksəkliyi ilə adamda qorxu yaradan o binaları
görəndə hər dəfə yenidən bir də öz komaları yadına düşür. Onun
gözündə evləri qorxulu nağıllardakı dəhşətə bənzəyir:
"Gecələr soyuqdan donuram, axşamlar qorxulu yuxular görüb
ayılanda üşüdüyümü hiss edirəm. Bir evimizin, evimizdə isti
otağımın, otağımda yumşaq oyuncaqlarımın olmasını arzu edirəm
həmişə. Amma neçə ildir bu olmur. Anama deyirəm ki, axı niyə olmur,
niyə arzularım həyata keçmir? Deyir, müharibə haçan bitsə, o zaman
istədiyin hər şeyin olacaq. İndi bütün uşaqlar sənin kimi yaşayır.
Amma mən bilmək istəyirəm, bəs o hündür binalarda yaşayan uşaqların
ölkəsində müharibə getmir?"
20 illik ev həsrəti
"Yoldaşım bir əlini müharibədə itirib. Onunla belə, fəhləlik
edir. Qazandığı ancaq iynə-dərmana gedir".
Nihadın anası Samirə Əliyeva deyir ki, evlə bağlı müraciət
etmədikləri yer qalmayıb. Amma heç bir faydası yoxdur. Nə dolanışıq
yaxşıdı, nə də gün-güzəran:
"Burda hamı eyni vəziyyətdə yaşayır. Güc-bəla ilə bu daxmaları
tikdik. Hətta daxma demək də mümkündürsə. Küçədə qalmamaqdan ötrü.
Dövlətimiz bizə ev versin, biz heç, bu uşaqlara yazığı gəlsin.
Hamısı xəstəlik tapıb. Bunların gələcəyi nə olacaq?.."
Nə vaxtsa köçəcəkləri günü gözləyə-gözləyə 20 illik
həsrətlərinin bitməsini istəyirlər.
Şər qarışanda ayrılıq
Soyuq və yaşamaq üçün heç bir şəraiti olmayan kiçik komaların
sakinləri ilə sağollaşanda artıq hava qaralmağa başlayırdı. Bu
evlər o qədər soyuq idi ki, küçəyə çıxanda bayırdakı temperaturla
heç bir fərq hiss etmədik.
Balaca Nihaddan və yaşıdlarından bir gün arzuladıqları kimi isti
evlərinin, qayğıdan, problemdən uzaq, əsil uşaqlıq həyatlarının
olması ümidi ilə ayrıldıq.