İlk işə düzəltmə agentliyi 1893-cü ildə ABŞ-da Fred
Uilson adlı şəxs tərəfindən açılıb. Tarixdə "ikinci yaranan" kimi
göstərilən agentliyin isə 1906-cı ildə Ketron Feltonun
San-Fransiskoda baş verən zəlzələnin fəsadlarına qarşı yardım
məqsədi ilə yaratdığı bildirilir. Get-gedə Avropa ölkələrində sayı
artmağa başlayan agentlik və bürolar artıq xeyli vaxtdır
Azərbaycanda da geniş şəkildə yayılıb.
Milli bürolar
Son zamanlar ölkəmizdə fəaliyyət göstərən və iş axtaran
insanların ən çox müraciət etdikləri özəl müəssisələrdən biri də
"İşə düzəltmə büroları"dır. Əvvəla, bu müəssisələrin girişində işə
düzəltmə bürosunun adı ilə bağlı reklam lövhəsi olmasına
baxmayaraq, bu tip obyektlərin nisbətən gözdən kənar yerlərdə
olması diqqətimizi çəkdi. Bürolar əsasən şəhərin qədim yaşayış
binalarının həyətində və yaxud yaşayış evlərində yerləşir. Paytaxt
sakinlərindən bu büroya müraciət edən biriylə həmsöhbət olduqda
deyir ki, əşşi, pulu alırlar, göndərirlər bir işə, o yerin də
sahibi deyir ki, nömrəni qoy, əlaqə saxlıyarıq səninlə.
İlkin müşahidələrdə fəaliyyəti qanunsuz görünən işə düzəltmə
mərkəzləri haqqında araşdırma etmək qərarına gəldik.
"İş axtarırıq"
Paytaxtın müxtəlif ərazilərində yerləşən bürolara iş axtaran
vətəndaş kimi müraciət etdik. Əvvəlcə 28 may metrosu yaxınlığında
olan "Şamil Əzizbəyov" küçəsindəki "Uğur" İşədüzəltmə mərkəzinə
yollandıq. Yaşayış binasında yerləşən büro dar və təmiri bərbad
vəziyyətdə olan bir otaqda fəaliyyət göstərir. "Büro" adlandırılan
bu otaqda iki xanım işçi və bir neçə işaxtaran vardı. İnsanlar
suallarını verib, cavablarını aldıqdan sonra bir-bir otağı tərk
edirdi və nəhayət, növbə bizə çatdı.
Üç ay girovluq
İş üçün müraciət etdiyimizi bildirdikdən sonra xanım işçi
yaşımızı, hərbi biletimizin olub-olmadığını və hansı vakansiya üçün
müraciət etdiyimizi soruşdu. Kompüter sahəsi ilə əlaqəli işlərdə
səriştəli olduğumuzu dedik. Xanımın bir neçə iş təklifindən sonra
işə düzəlmək üçün qeydiyyata düşməyin lazım olduğunu anladıq və
bizə qeydiyyat ödənişinin beş manat olduğu bildirildi.
- Beş manatı ödədik, amma göndərdiyiniz yerdə bizi işə
götürməsələr, necə olacaq?" – soruşdum.
- Əməkdaşlağımız üç ay davam edəcək.
- Hansı əməkdaşlığın? Üç aydan sonra işə götürülməsəm necə
olacaq?
Bu suallar açıq qalırdı.
İlk maaşdan 30 faiz
Qeydiyyat üçün şəxsiyyəti təsdiq edən sənədlə beş manat pulun
verilməsi vacibdir. Daha sonra xanım işə düzələndən sonrakı
mərhələdə ilk maaşın 30 faizini "Uğur servis işə düzəltmə
mərkəzi"nə ödəyəcəyimizi, yalnız bundan sonra girov kimi
saxladıqları şəxsiyyəti təsdiq edən sənədin bizə qaytarılacağını
dedi. Məlumat üçün onu da qeyd edək ki, Daxili İşlər Nazirliyinin
məlumat bürosundan aldığımız məlumata görə, şəxsiyyəti təsdiq edən
sənədin girov kimi saxlanılması ölkə qanunlarına ziddir. Ödədiyimiz
ilkin beş manatın qəbzinin verilib-verilməyəciyini soruşduqda xanım
"əlbəttə" cavabını verdi.
Otaqda isə heç bir kassa aparatı-filan gözümüzə dəymədi.
Adicə kağız parçası
Növbəti axtarışımızda qarşımıza çıxan büro Səməd Vurğun bağı
yaxınlığında yerləşən "Mansur" müəssisəsi oldu. Əvvəlki qayda ilə
suallarımızı verib, işə düzəlmək üçün bağlanılan müqavilənin hansı
qanuna əsasən tərtib olunduğunu soruşduq. Cavab aldıq:
- Bu müqavilə kağızının bir nüsxəsi sizdə qalacaq. Kökü də
Vergilər Nazirliyinə çatır.
Bu büroda da qeydiyyat üçün beş manat və şəxsiyyəti təsdiq edən
sənəd istənildi. Fərqlilik yalnız ilkin maaşın otuz yox, qırx
faizinin "Mansur" işə düzəltmə bürosuna veriləcəyində idi. Son
olaraq beş manat üçün qəbz tələb etdikdə, qəbz deyil, üst-üstə
yığılan adi kağız parçasına məbləğin qeyd olunacağı məlum oldu.
Bu da oldu qəbz...
"İlkin" də beş manatdan yığır
"Nizami" metrosu yaxınlağında yerləşən "İlkin" İşədüzəltmə
bürosuna yollandıq. Burada da müqavilənin tamamilə qeyri-rəsmi
şəkildə aparıldığını gördük. Müqavilə üçün tələb olunan beş manata
görə də qəbz-filan verilməyəcəyi deyildi.
İcazə var ki, işləyirik də
Ertəsi gün qeyd etdiyimiz ünvanlara redaksiyamızdan telefon
zəngi açdıq – bu dəfə artıq "işədüzələn" yox, jurnalist kimi.
Əvvəlcə "Uğur" İşədüzəltmə Mərkəzi ilə əlaqə saxladıq.
- Fəaliyyətiniz qanunla tənzimlənirmi?
- Bəli.
- Bəs niyə kassa aparatınız yoxdur?
- Orası artıq bizlik deyil.
Daha sonra "hər hansı dövlət qurumunda qeydiyyatınız varmı"
sualını verdik. Xanım "əlbəttə",- dedi.
- Hansı dövlət qurumunda qeydiyyatdan keçmisiniz?
– Bilirsiniz necədi? İcazə var ki, işləyirik də... Dərəbəylik
deyil ki...
- Vergi ödəyirsinizmi?
- Bəli, ödəyirik.
- Kassa apartınız yoxdursa, hansı şəkildə ödəyirsiniz?
- Mən bunları bilmirəm. Onlar müdiriyyətin işidir.
- Müdiriyyətin nömrəsini verə bilərsinizmi?
- Yox, siz öz nömrənizi verin, özümüz əlaqə saxlayarıq...
"İlkin"in on beş yaşı var
Növbəti zəngimiz "İlkin" işə düzəltmə bürosuna oldu.
"Axar.az"dan olduğumuzu bildirdikdən sonra telefon xəttində olan
şəxs: "Fəaliyyətimiz qanunidir, 15 ildir ki, fəaliyyət göstəririk.
Telefon vasitəsilə başqa heç bir sualınızı cavablandıra bilmərəm",
– dedi.
"VÖEN" var, cavab yox!
"Mansur" İşədüzəltmə xidmətinə zəng etdiyimizdə isə bu
müəssisənin də özəl və qanun çərçivəsində fəaliyyət göstərdiyi
cavabını aldıq. Əlavə olaraq müəssisənin əməkdaşı vurğuladı ki,
bizdə "VÖEN" də var. Qəbzlərin niyə kassa aparatından verilmədiyi
barədə sual isə təbii ki, cavablandırılmadı.
İldə 72 min manat oğurluq
Müşahidələrdən sonra təxmini hesablama apardıq. Yəni: bu tip
bürolara gün ərzində orta hesabla qırx nəfər müraciət edir. Qırx
nəfər insanın beş manatdan ödəməsi bir büro üçün gündəlik iki yüz
manat edir, bu isə ilə 72 min manat deməkdir! Bəs bu obyektlərin
sahibləri vergi ödəyicələridirmi? Əgər vergi ödəyirlərsə, hansı
şəkildə? Hər halda cavab axtarmağa çalışacağıq.