Düz dörd il qabaq, yazın ilk
günündə mətbuat aləminə yeni adlar əlavə olundu. Tanınmış jurnalist
Aynur Camalqızının rəhbərliyi ilə "Gündəlik Teleqraf" qəzeti və
"Publika.az" saytı martın 1-də oxucuları ilə görüşdü. Sözsüz ki,
"Teleqraf.com" saytı da bu gün 4 yaşı tamam olan qəzetin yol
yoldaşı oldu. Aynur xanım ezamiyyətdə olduğundan onun fikirlərini
öyrənə bilməsək də, balalarını danışdırdıq.
Axar.az olaraq, yuxarıdan – "Teleqraf Holdinq"in yerləşdiyi
binanın ikinci mərtəbəsindən aşağı endik. Niyyətimiz
həmkarlarımızın ad günündə özlərini necə hiss etməsini müşahidə
etmək, ad günü sevincini onlarla paylaşmaq idi. Fotomüxbir Elçin
Murad və gənc əməkdaşımız Fatimə İbrahimovanın şahidliyi ilə ilk
olaraq "Publika.az"ın qapısını ehmalca açdım:
- Bu gün Od çərşənbəsidir. Papaq atmağa gəlmişik
(Baxmayaraq ki, papaq Axırçərşənbədə atılar).
Saytın baş redaktoru Səlim bəy:
- Hanı papaq, papaq görünmür axı!.. Demək, bizə papaq atırsan? -
dedi, xoşgəldin etdi.
Otaqda hər kəs işi ilə məşğuldur. Səlim bəyi 4 yaşlarının tamam
olması münasibətilə təbrik edirəm, "torta ehtiyac yoxdur,
kollektivin şirinliyi bəs edir", deyirəm. Zarafata zarafatla cavab
verir:
- O da olacaq…
Səlim bəy bir ildən bir qədər çox olar ki, redaktor sükanı
arxasındadır. "Hər kəs işinin öhdəsindən gəlir, bura təzə gələndə
heç bir qəriblik hiss etmədim, sanki kollektivlə uzun illərdir bir
yerdə işləyirdik", - dedi.
- "Publika"da özünü necə hiss edirsən?
Məlum olur ki, redaktor özünü bu kollektivdən kənar görmür. Elə
kollektiv üzvləri ilə də söhbətimizdən bu doğmalıq anlaşılırdı.
Amma "heç ola bilməz axı, işlə bağlı hər hansı söz-söhbət olmasın"
düşüncəsi məni tərk etmir:
- Səni kollektivdə, iş prosesində ən çox kim
incidir?
- Məni ən çox incidənin biri bu otaqda, digəri o biri otaqda
oturur, - deyir və baxışlarının təbəssümü saytın redaktoru Könül
xanıma tərəf ünvanlanır.
Könül Şovqatova:
- Mənim mübahisələrim ancaq işlə bağlı olur, onu da artıq yoluna
qoymuşuq.
Səlim təvazökarlıq edir:
- Bilirsən, bizim haqqımız çatmır "Publika.az"ın adından
müsahibə verməyə. Hələ çox tezdir, çünki biz hələ yeni işçilərik.
Buranın qədim, köhnə işçiləri var.
Könül xanımla qonşu stulda əyləşən Lətafət Səmədovanın təbəssümü
nəzərimizdən yayınmır:
- Lətafət xanım, hər zaman əməkdaşlarınızın yazılarını
korrektə edirsiniz, bəs onların xarakterlərində korrektə olunması
gərəkən nələrsə varmı?
- Yoxdur, çünki artıq korrektə edib başa çıxmışıq, hər biri
nümunə ola biləcək iş yoldaşıdır, - gülür, ətrafdakılar da bu
gülüşə qoşulur.
...Hə, bu da İlqar Atabəyli - bəzən qaraqabaq, bəzən də
başagəldiləri və lətifələri ilə sifətinin təbəssümünü ətrafa
çiləyən redaktor. Başını klaviaturaya əyib.
- Vəziyyət necədir, İlqar?
- Belə də... topçular topa güllə qoyur, mən də sayta xəbər…
Qoyduğu güllələrin - sayta sutka boyu yerləşdirilən xəbərlərin
sayı ilə maraqlanırıq:
- 200-dən çox, - deyir.
- Səncə, bu holdinqdə "Publika.az" özünü hansı yerdə,
neçənci "mərtəbədə" görür?
- Birinci mərtəbədə, - deyir İlqar. Gülürük, o, bunu hər iki
mənada deyir. Rəhbərliklə vəziyyətin, münasibətin də normal
olduğunu dilə gətirən redaktor baş redaktora tərəf qınayıcı baxış
da göndərir:
- Amma mükafat yazmırlar.
- Səlim müəllim, "Axar.az"la rəqabətə dözə
bilirsinizmi?
- Mənə elə gəlir ki, yaxşıdır, elə də pis deyil. Hələ dörd yaşı
olsa da, saytımız artıq bir marka kimi özünü göstərib. Kifayət
qədər tanınır və oxunur.
Valehin səsi:
- Neftin qiyməti 37 dollar oldu, konfetimi ver...
- Konfetin çatacaq, - deyir Səlim.
"Publika.az"ın digər otağına keçirik. Sosial yazar Anar
Tağıyevdən əhval-ruhiyyəsinin necə olmasını soruşuram.
- Bayram əhvalındayam. Amma narahatlığım da var. Bu da uşaqların
tədbirdə olmasıdır, çünki söhbət etməyə adam olmur.
- Deməli, sən işdən çox söhbətə vaxt ayırmaq
istəyirsən...
- Hə, hə, az işləyirəm, - gülür.
Söhbət boyu bizimlə olan Səlim bəy isə əksini deyir: "Anar çox
işləyir, redaksiyada öhdəsinə düşən işi tam yerinə yetirir".
Asif Nərimanlı reportaja getməli olduğunu deyir və əlavə edir
ki, mənim adımdan nə istəyirsiniz yazın, inanıram ki, yaxşı sözlər
yazacaqsınız.
Səlim Səlimov:
- Mən yaxşı olar ki, otaqdan çıxım. Çünki məndən ən çox narazı
olan şəxs Asifdir. Mənim yanımda rahat danışa bilməyəcək.
Saytın siyasət bölümünü xəbərlə təchiz edəni Ömər Dağlı:
- Dörd ildir burdayam, yəqin ki, bu diqqət və qayğını
görməsəydim, burda qalmazdım. "Publika.az"da ən çox işləyən
mənəm.
Sosialdan yazan müxbir Gülxar Şərifin replikası həmkarlarına xoş
gəlir:
- Ömər "ən çox işləyən mənəm" deyəndə, yəni burda olduğu müddəti
deyir ha, - yenidən həmkarlarımızın gülüşü otağa səpələnir. Gülxar
əlavə edir: - Zarafat öz yerində, Ömər doğurdan da ən çox
yazanlardandır.
Gülxar mehribandır, həm də ünsiyyətcil. Məlum olur ki, o da
redaksiyanın ilklərindəndir, "mən redaksiya işə başlayandan bir
neçə gün sonra gəlmişəm", - deyir.
- İndiyədək bir neçə redaktor dəyişmisən. Hansı daha
ürəyincə olub, onun qalıb sizinlə işləməsini
istəmisən?
- Vallah, heç bir redaktorumuzun getməyini istəməmişəm. Getmək
öz qərarları olub. Hər redaktordan çalışmışam ki, nələrsə
öyrənim.
- Aranızdan üç nəfəri mükafatlandırsan, sənin fikrincə,
bunlar kim olardı? - sualıma Elçin Murad replikasını
əsirgəmir:
- Gülxar, Gülxar, Gülxar!!!
- Mən fikirləşirəm ki, aramızda Ömər hər birimizdən çox çalışır,
- bu, Gülxarın seçimidir.
"Gündəlik Teleqraf" qəzetinin şef redaktoru Taleh Şahsuvarlı
otağında yoxdur. Amma onun otaq yoldaşı və qəzetin siyasət
bölümünün redaktoru Dilqəm Əhməd qarşısındakı nadir nüsxələri olan
kitabları vərəqləyir, bizi görcək kitabları göstərir:
- Bu kitablar hər biri xəzinədir, bilirsiniz bunlarda nə
var?
Kitablara baxıram.
- Hamısı indicə gəldi, - deyir. Söhbət etməyə imkanı olmur.
Nəzarətçi "onun yanına gələn var", - deyir. Dilqəm bizi otaqda
saxlayır:
- Özünüzü öz evinizdəki kimi hiss edin, gəlirəm, - deyir. Biz
isə onun ardınca çıxırıq.
Qonşu otaqda da iş öz axarı ilə davam edir. Onları qısa müddətə
işdən ayırırıq, ad günlərini təbrik edirik, kollektivlə bağlı
fikirləri ilə maraqlanırıq.
Rəqsanə Həsənova, şou-biznes yazarı:
- Mehriban kollektivdir, burada çalışdığım üçün özümü şanslı
hiss edirəm. Kollektivdə hər kəs bir-birinə kömək etməyə çalışır.
Buraya yeni gələnlər heç vaxt özlərini təklənmiş hiss edə
bilməzlər.
Mədəniyyət yazarı Nərmin Muradova da eyni fikirdədir:
- Doğrudan da bu kollektivin ən böyük gözəlliyi odur ki, burada
az da olsa intriqa, paxıllıq yoxdur. Bəlkə də kənardan bu
şişirdilmiş görünə bilər, amma bu, doğrudan da belədir.
Siyasət yazarı Nərgiz Cavadzadə bir vaxtlar təlaş keçirdiyini
gizlətmir:
- Əvvəllər həm sayt, həm də qəzet üçün yazılar hazırlayırdıq.
Səhər işə gələn kimi şef-redaktorumuz Taleh müəllim bizdən yazı
tələb edirdi. Bircə sözü vardı: "Operativ olun, hanı yazılar?" O
zaman çox təlaşlanardıq, axı saytla yanaşı, qəzetə də yazı yazmalı
idik. Taleh müəllim hərdən deyir ki, bəlkə yenə o sistemə qayıdaq?
Dərhal müdaxilə edirəm ki, yenidən təlaşlı anları yaşamaq
istəmirəm.
- Gənc qızlarsız, maaşınız necədir, qane
edir?
Nərgiz:
- Məlum proseslərdən sonra bir az çətindir.
Zəmanət Daşdəmirli qəzetin dizayneridir. Taleh Şahsuvarlıdan hər
hansı bir incikliyin, yorğunluğun olub-olmamasına cavabı xüsusi
olur:
- Taleh müəllimin şef redaktor olduğunu bilirik, amma ümumi
götürəndə biz onunla yoldaş kimiyik. Onun redaktorluğunu görmürük,
yəni başımızı üstündə sərt formada dayanmır.
Nərgizin əlavəsini də diktofonun yaddaşına köçürürük:
- Doğrudan da nəzər yetirəndə görürük ki, bəzi redaktorlarla
müxbirlər arasında böyük uçurumlar var, amma Taleh müəllim doğrudan
elə deyil. Onunla biz hətta şəxsi məsələlərimizi belə rahatlıqla
müzakirə edə bilirik. Öz iradlarını və düşündüyünü ona rahatlıqla
demək mümkündür.
Hə, bu da qəzetin ağır və uzaq vuran artilleriyaçısı - Qurban
Yaquboğlu və onun otaq yoldaşları. 4 yaşlı qəzetin redaktoru Qurban
müəllimin "qəzetdə vəziyyət necədir" sualıma verilən cavabı da
təvazökarlıqla müşahidə olunur:
- Nə deyim vallah, inanın ki, dünyanın ən çətin işi bəlkə də
müsahibə verməkdir; çətinlik çəkirəm. Qəzetin fəaliyyətinə gəlincə,
həmişə çalışmışam ki, qəzetimiz üçün nə vacibdirsə, onu verək.
- Əməkdaşlarınıza əsəbiləşdiyiniz vaxtlar
olurmu?
- Yox, əsəbiləşdirənlərin hamısı gedib (gülür). İşdən gedən
əməkdaşlarımızın getməyində mənim heç bir rolum olmayıb, biz sadəcə
daha yaxşı iş görmək uğrunda çalışmışıq. Düşünürəm ki, indiki
kollektiv ən yaxşısıdır. Gedənlərə gəlincə, onların heç biri
istedadsız olmayıb.
Qurban müəllimə yaxın oturan gənc müxbir İlhamə Əbülfətin şivəsi
xoş gəlir:
- Qız, sən deyəsən, Salyandansan?
- Bəli, oradanam, - deyir. Sonra yenicə işə düzəldiyi kollektiv
haqda xoş sözlər söyləyir, bir-birimizə məsləhətlər veririk.
- Məsələn, sən Qurban müəllimə nə məsləhətlər
verirsən?
- Mən heç kimə məsləhət verə bilmərəm, ən yaxşı halda zarafat
edə bilərəm, - şirin-şirin gülür.
Sosial şöbənin müxbiri Sevil Hilalqızı da "köhnə
qvardiya"dandır:
- Dörd gündən sonra mənim burada çalışmağımın dörd ili tamam
olacaq. Sosial şöbədəyəm. Bundan öncə "Yeni Müsavat" qəzetində
işləmişəm. Yeni gələndən kollektiv mənə doğma göründü, çünki iş
yoldaşlarımın əksəriyyətini əvvəldən tanıyırdım.
Sevil xanım işlədiyi şöbənin önəmli sahə olmasından da bəhs
etdi:
- İndiki iqtisadi narahatlıq şəraitində sosial şöbənin rolu daha
çoxdur. Bizim şöbə balaca olsa da, vətəndaşların problemlərini daha
çox işıqlandıra bilirik. Düşünürəm ki, sosial şöbə siyasət
şöbəsindən daha şanslıdır. Yəqin Bəxtiyarın xətrinə dəyməz, -
gülür.
- Demək istəyirsiniz ki, Bəxtiyar da siyasət kimi
yorucudur?
- Yox, Bəxtiyarla birlikdə işləmək heç vaxt yorucu ola bilməz.
Əksinə, Bəxtiyar bizə impuls verir.
Bəxtiyar Məmmədli:
- Bəli, heç vaxt mısmırıq sallamağı sevməmişəm. Problemlər onsuz
da həllini tapan deyil, ona görə pis olmağa dəyməz. Ümumi götürəndə isə bu kollektivdə çalışmaq
olduqca maraqlıdır, yaxşı maraqlı müzakirələrimiz olur.
Müzakirələrdən maraqlı mövzular yaranır. Bir sözlə, iş prosesi
maraqlıdır.
- Bəs bu gənc oğlan kimdir? - sakitcə Bəxtiyarın
zarafatlarına qulaq asan oğlana yaxınlaşıram.
- Mən Elçin Əkbərovam. Saytın dizayn işlərinə baxıram.
Manşetlərin hər birini mən hazırlayıram. Bu gün eşidəndə ki,
"Teleqraf"ın ad günüdür, şoka düşdüm...
Elçinin şoka düşməsinin səbəbini dəqiq öyrənə bilmədik. Sevil
xanım söhbətə müdaxilə etdi:
- O, Zahid Nurəliyevin sağ əlidir.
Siyasət yazarı Nemət Orucov ad günü münasibəti ilə bir-birlərini
təbrik etdiklərini deyir. Əlavə edir ki, jurnalistikada rəqabətin
olmasına pis baxmır:
- Rəqabət olmayanda yaxşı məhsul da olmur. İndiyə qədər harada
çalışmışamsa, orada mütləq rəqabət olub. Rəqabət olmayan mühitdə
çalışa bilmirəm.
Səxavət Həmid redaktorlarını da unutmur. Fürsətdən istifadə edib
soruşuram:
- Taleh Şahsuvarlı deputatlığa namizədliyini verdi, amma
alınmadı, çoxmu üzüldünüz?
- Taleh müəllim namizədliyini verdi, namizədlik qeydə də alındı,
bütün prosedurlar yerinə yetirildi. Seçki prosesinə gəlincə, burada
qalib də olur, məğlub da. Biz də istəyərdik ki, jurnalist
həmkarımız millət vəkili statusu qazansın.
Yusif Ağayev "Teleqraf.com" saytının adminidir. İş prosesi ilə
maraqlanıram. Redaktoru haqda danışır:
- Zahid müəllimlə ən çox ünsiyyətdə biz oluruq. Gün ərzində
200-dən çox xəbər yerləşdiririk. Artıq üç ildir
"Teleqraf.com"dayam.
Gözlər Naibə Qurbanovanı axtarır, amma o, müsahibə verməmək üçün
haradasa gizlənib.
Onların mətbəxdə olduğunu öyrənib yollanırıq ora... bizi
görcək:
- Sən Allah, mən müsahibə verənəm, lazım deyil (gülür).
Əl çəkmirik. Axır ki danışır:
- Bizim qəzetin ad günü elə vaxta düşüb ki, bu ayda bayramlar
çox olur. Ona görə də elə gül-çiçəkli ad günümüz olmayıb. İş üçün
adama nə lazımdır - kollektiv mehriban olsun, o da bizdə var. Bizim
kollektivdə ziyanlı adam yoxdur.
Zahid Nurəliyevə yaxınlaşırıq:
- Yaman qayğılısan... İşçilərdən səni kimlər
incidir?
- Elə sual verirsən ki, indi dərdim açılacaq (gülür).
Bilirsiniz, hər bir iş yerində problemlər olur. Bizdə də böyük
anlaşılmazlıqlar olmasa da, xırda anlaşılmazlıqlar olur. Çox vaxt
bu, əhval-ruhiyyə ilə də bağlı olur.
Saytın tərcüməçisi Samir İsayev:
- Burda ən gənc mənəm, ilk gündən hər biri ilə rahat ünsiyyət
qurmağı bacarmışam. Sağ olsun, səhvlərimin düzəlməsində köməklik
edirlər.
Reportajı bitirib yuxarı qata - Axar.az-a qalxmaq istəyirik. Bu
zaman Taleh Şahsuvarlı işə gəlir:
- Taleh, 4 yaşınız tamam olur, sən isə...
- Nə 4 yaş?.. Vay, yadımdan tamam çıxıb. Şair, indi biz nə
etməliyik? (gülür).
Onunla birlikdə otağına daxil oluruq.
- Necə oldu, Taleh, sənin deputat seçilməməyin işinə
mane olmadı ki?
- Elə də gözləntim yox idi, qələbəyə o qədər də köklənməmişdim.
Düşünürdüm ki, bu qələbədir və qələbənin iki başı var. Adətən
müxtəlif nəticələr əldə etmək mümkündür. Hətta qalib gəlmiş
olsaydım belə, "Gündəlik Teleqraf"dan uzaqlaşmaq niyyətim yox idi.
Daş düşdüyü yerdə ağır olar.
- Uşaqlar səni incitmir?
- Məni Bəxtiyardan başqa incidən adam yoxdur. Bəxtiyar
xaraktercə dinc adamdır, lakin çox yaza bilsə də, az yazır. Onu da
incitmək istəmirik.
Holdinqə gələndən bütün dedi-qodulardan uzaqdayam. Adətən hər
şeydən ən axırıncı mənim xəbərim olur. Əvvəldən balansı məqsədli
şəkildə elə qurmuşam ki, dedi-qodu olmayacaq. İstənilən mühitdə
dedi-qodu olur. Mən əminəm ki, "Gündəlik Teleqraf" bir
nümunədir.
- Bax, tutaq ki, deputat seçilib kollektivə qayıtsaydın,
ürəyindən nə keçərdi? Dilqəm sənə "cənab deputat", yoxsa "cənab baş
redaktor" desin?
- Mənim 19 yaşım olanda baş redaktor idim. Mətbuat tarixində ən
gənc baş redaktor mən olmuşam. Amma heç zaman mənə bu şəkildə
müraciət olsun deyə bir istəyim olmayıb. Öz adımı sevirəm, adımla
müraciət olması daha xoş olur.
- Bax, Taleh danışdı. İndi
sən Talehin üzünə günahlarını de, - Dilqəmə deyirəm.
- Yəqin ki, Taleh müəllim deputat olsaydı, mənim işim daha da
ağır olacaqdı. Onun deputat seçilməməsi mənim işimi
asanlaşdırdı.
"Gündəlik Teleqraf"ın mühafizə xidmətinin rəhbəri Nihad
Cəbrayılın yanına gəlirik. Onun da ürəyi dolu imiş:
- Mən burada işləməyə başlayanda rəhbərliyə söz verdim ki, işimə
məsuliyyətlə yanaşacağam. Belə də oldu. Bu günə qədər sözümün
üstündə durmuşam, bundan sonra da duracağam. Bəzən jurnalist
dostlarımız işimin qayda-qanununa bütün ciddiyyətimlə əməl etdiyim
üçün məndən inciyirlər. Amma bu, sadəcə, iş prosesidir, onlar, bu
kollektiv mənə çox doğmadır. Hətta uzun müddət bir evdə yaşadığım
şair Aqşin Evrən və başqa yaxın dostlarım da mənim iş prinsiplərimə
uyğun davranırlar, bir dəqiqəni belə onlara keçmirəm. Bu, bundan
sonra da belə olacaq. "Teleqraf Holdinq"in kollektivi mənə
doğmadır, onlar mənim bacı-qardaşlarımdır. Hamını gülər üzlə
qarşılayıb, gülər üzlə yola salmağa çalışıram. İstərdim ki, məndən
inciyən jurnalist dostlarımız məni başa düşsünlər. "Teleqraf" -
gözəl, nümunəvi ailədir. Burada işini bilən peşəkar və əxlaqlı
insanlar çalışır. Ona görə də gün keçdikcə uğurlarımız artır.