Deputat Adil Əliyevlə söhbət
etmək məqamımız bir neçə dəfə təxirə salındı. Onun tez-tez
səfərlərdə olması, yaxud boş vaxtımızın üst-üstə düşməməsi bu
söhbəti ləngidirdi. Axır görüşə bildik. Zəng etdim, cavab verdi ki,
idmandayam, saat ikinin yarısı görüşək. Razılaşdıq. Amma mən
vaxtından tez getdim. Zəng etdim, bu dəfə telefonuna zəng çatmadı.
Dəqiq adam imiş. Dediyi vaxtda həm telefonu zəngləri qəbul etdi,
həm də özü idman zalından çıxdı. Ətrafında da idmançı dostları,
sinif yoldaşları. Çay süfrəsinin ətrafında oturduq. Söz sözü
çəkdi:
- Mənim müsahibə vermək fikrim yoxdur. Sadəcə, görüşək, söhbət
edək dediniz, - dedi.
- Elə mən də söhbətə gəlmişəm. Müsahibə deyəndə bir
qədər elə bilirəm ki, qeyri-səmimi söhbət edəcəyik...
- Siz çayınızı için, - sonra dostlarından birinə deyir ki,
mürəbbəni yaxına çəksin və söhbətin davamını edir, - biz
dövlətimizə xidmət edirik. Heç kim də bizi ruhdan sala bilməz. Neçə
illərdir yazıram, sosial şəbəkədə paylaşıram, onları ortalığa
çıxartsam, 5 ilin, 10 ilin yazılarıdır, görərsiniz ki, həmişə belə
olmuşam. O vaxt dediyimi bu gün də deyirəm. Heç kim bizim nə bu
dövləti, nə bu milləti, nə bu xalqı, nə bu prezidenti sevməyimizə
məhdudiyyət, qadağa qoya bilməz. Biz, nəyin bahasına olursa-olsun,
pul qazanmırıq, vəzifə istəmirik, millətə olan sevgimizi dilə
gətiririk. İndi sevgimizi də əlimizdən alacaqlar? Bu millətə
məhəbbətimizi necə öldürə bilərsiniz axı, - bu dəfə bədxahlarına
müraciətlə deyir bunları, - danışırlar, yazırlar, generalın,
deputatın qohumu belə etdi... Belə şeylərlə də mümkün deyil bu
hissləri öldürmək.
Bilirəm ki, bir neçə müddət bundan qabaq idmançı bir
gəncin yanacaqdoldurma məntəqəsində etdiyi xuliqanlığa görə həbs
olunmasından, mediada Adil müəllimlə o gəncin qohumluğundan bəhs
edilməsindən və bu işdə onların da qınağa tuş gəlməsini nəzərdə
tutur.
- Adil müəllim, belə başa düşürəm ki, o yazılar,
dedi-qodular sizə doğrudan da mənfi təsir eləyib.
Etiraz etmir:
- Mənə mənfi təsir eləyib, düzdür, amma bu, məni heç vaxt ruhdan
sala bilməyib.
- İndi ki təsadüfən o mövzuya toxunuldu, deyin, o gənc
yaxşı bir işlə, uğurlu bir layihə ilə ölkənin, millətin adına
şərəfli bir işlə gündəmə gəlsəydi, görəsən deyəcəkdilərmi ki,
generalın qohumu bu işi görüb?
- Deməyəcəkdilər. Elə mən də onu deyirəm də. Baxın, gündə bir
idman zalının açılışında çıxış edirik, Feysbukda da bunu
paylaşırıq, işiqlandırırq. Niyə saytlar bunu vermir? Demək olar ki,
hər gün bir hərbi hissəyə gedirik. Son bir il ərzində bizim 4-cü
yarışımızdı keçirdirik, bir manat da bu dövlətdən pul güdmürük.
Azərbaycanın elə yerlərində yarışlar təşkil edirik ki... Məqsədimiz
də bölgələrdə idmanı inkişaf etdirmək, rayonlarda olan istedadlı
uşaqları idmana cəlb eləməkdir. Şərt deyil bu insanlar Avropa,
Olimpiya çempionu olacaqlar, şərt odur ki, bu insanlar sabah
səngərdə düşmənlə üz-üzə gələcəklər. Bu uşaqlar sabahının
əsgəridir. Sənin, mənim, bizim ana-bacılarımızın müdafiəçiləridir.
Düşmənlə üz-üzə gələcəklər, biz həm də döyüşçü hazırlayırıq. Baxın,
bunu bizə irad tutanlar var. Bu insanların təfəkkürü Biləcəridən o
tərəfə keçməyənlərin təfəkkürüdür.
Ürəyimizi açdığımız insanlar var
- Adil müəllim, bizdə fərdi idman növləri yaxşı inkişaf
eləyib. Amma nədənsə bizimkilər elə xaricdən daha çox idmançı alıb
onları çempion eləməyin tərəfdarlarıdır. Burda bəlkə qara bir şey
var?
- Burda heç bir qara şey yoxdur. Yəni əgər bu gün xaricdən
idmançı dəvət edən futbol, bir az güləş növüdür. Güləşi götürək.
Güləşdə ağır çəkili güləşçilərimiz yoxdur. Yəni bu gün azərbaycanlı
gəldi dağıstanlını uddu, Güləş Federasiyası dedi ki, qardaş, sən
dağıstanlını udmusan, amma səni beynəlxalq yarışa buraxmıram,
dağıstanlını göndərirəm? Yəni elə şey yoxdur. Legionerlərin gəlməsi
isə gözəl bir işdir. Qoy gəlsinlər, rəqabət olsun. Eyni adam nə
qədər eyni adamla güləşər. Bir var 5 nəfərlə güləşirsən, biri də
var 25 nəfərlə.
- Bəzən legionerlər Azərbaycanda kifayət qədər ad-san,
pul-para qazanıb gedir və ölkəmiz haqda xoş olmayan söhbətlər edir.
Adil müəllim, sizinlə "Xatirə dəftəri" layihəsində söhbət
edəcəkdim. Gənclik illərindən idman sahəsindəsiniz, polisdə
işləmisiniz, bu gün parlamentdəsiniz. Dostlarınızdan burada olanlar
var, əksəriyyəti də idman məktəbindən üzü bəri bir
gəldiklərinizdir. Bəs parlamentdə necə, dostlarınız var? Onlarla
fikir mübadiləsi apara bilirsiniz?
- Çoxdur, niyə yoxdur ki? Var əlbəttə... Parlamentdə dost
deyəndə, çoxuyla tədbirlərdə bir yerdə oluruq, boş vaxtımızda,
Milli Məclisin iclasında, tənəffüslərdə bir yerdə çox oluruq. Əgər
biz orda təmsil olunuruqsa, təbii ki, orada da bizim ünsiyyət
qurduğumuz, ürəyimizi açdığımız insanlar var.
- Bəs o susqun millət vəkilləri var ha, sizdən və bir
neçə deputatdan fərqli olaraq səsləri çıxmır, müzakirələrə
qatılmırlar, onlarla necə, fikir mübadiləsi aparmaq
olur?
- Millət vəkillərinə susqun demək düzgün deyil. Millət vəkili
orda danışmaqla millət vəkili olmur. Millət vəkillərinin təmsil
olunduğu komissiyalar, müxtəlif dövlətlərin parlamentləri ilə
dostluq qruplarından tutmuş bütün beynəlxalq təşkilatların üzvü
olan millət vəkillərimiz var. Məsələn, bütün beynəlxalq
təşkilatlarda təmsili olunan millət vəkilləri var ki, ola bilsin,
Məclisdə bir dəfə də danışmayıb, ancaq beynəlxalq təşkilatlarda
Azərbaycanın mövqeyini layiqincə qoruyub. Millət vəkillərinə susqun
demək olmaz. Mən heç birinin barəsində pis fikirləşmirəm. Allah
hamısına ömür versin. Sadəcə, insanlarımız hər şeyi görür, bilir.
Yəni bu gün belə tendensiya var ki, millət vəkilləri danışmır.
Bilirsiniz, bir gündə dörd saat iclas olur. 10-20 qanun layihəsi
çıxarılır müzakirəyə. Və bir dənə qanun layihəsində bütün millət
vəkilləri fikir bildirsə, o bir gün bəs eləməz ona. Və görürəm ki,
məndən öncə demək istədiyimi dedilər. Camaatı eyni problemlər
narahat eləyir də. Tutaq ki, mənim onu deməyimə nə ehtiyac var ki?
O, artıq pafosdur. Mən çıxım eyni şeyi niyə təkrarlayım?!
Belə məsələlər çox müzakirə olunur
- Polisdə işləmisiniz...
- Yasamalda da işləmişəm, Nərimanovda da. Bu ərazilərin hamısı
16-cı bölmənin əraziləri idi. Mən o bölmənin rəisi olmuşam.
İşlədiyim ərazidən namizədliyimi vermişəm.
- Olub ki, polisə gətirilən kiməsə qarşı sizin
tərəfinizdən haqsızlıq olsun?
- Əslində, əsil polis işçiləri polis nəfəri, serjant kimi posta
çıxanlar, polisin bütün iç üzünü görənlərdir. Polisdə olan hər şeyi
bilən adamlar, bax, onlardır. Yəni mən polisə birbaşa zabit kimi
gəlmişəm. Hərbi dəniz qüvvələrindən köçürülmüşəm. Müdafiə
Nazirliyindən nadir halda polisə keçmək olur. Polisdən hərbiyə
təbii ki, gedən yoxdur, amma hərbidən polisə əgər bir neçə nəfər
olubsa, biri də mənəm.
- Adil müəllim, bu günlərdə statusunuzda oxudum, çox
şeylər var ki, bir vətəndaş, millət vəkili olaraq sizi qane eləmir.
Nədir bunun çıxış yolu?
- Təbii ki, belə məsələlər çox müzakirə olunur. Yəni mətbuat
üçün çox şeyləri biz dilə gətirmirik. Ancaq ona baxmayaraq, hər nə
cür çətinliklər olursa-olsun, bu məsələdə millətin birliyi,
millətin birləşməsi, həmrəyliyi çox böyük rol oynayır. İçməyin
əleyhinə deyiləm, amma buna baxmayaraq, istəyirəm ki, gənclər daha
çox idmanla məşğul olsunlar, nəinki içki içsinlər, siqaret
çəksinlər. Yəni belə şeylər milləti zəiflədir. Millətin güclü
olması üçün insanlar sağlam düşünməlidir. Biri var, dumanlı başla
fikirləşir. Biri də var - ayıq başla. Dumanlı başla insan tələsik
heç nəyə nail ola bilməyəcək.
Kimsən sən, hansı vəzifəni tutmusan?
- Adil müəllim, tək və ya dostlarla olanda, ötənlərdən
daha çox nələr xatırlanır?
- Vallah, elə bizim hər addımımız xatirədir də. Bir sinifdə
oxumuşuq. İdman təmayüllü internat məktəbində keçən günlərimiz
başdan-ayağa xatirələrlə doludur. Çox şey danışmaq olar. Ancaq indi
kiminsə barəsində danışmaq, xatırlamaq onun zəif yerini göstərmək
kimi çıxar. Bu o insanı ələ salmaq deməkdir.
- Vaxtınızı çox almadım ki?
- Açığı, yenə deyirəm, mən müsahibə vermək fikrində deyildim.
Söhbət eləyirdik biz. Çox vaxt müsahibə verməkdən yayınıram. Nəyə
görə? Baxın, 125 millət vəkili var, sizin dediyiniz kimi, nə
qədərsə adam ortalıqdadır. Sabah deyirlər ki, kimsən sən, hansı
vəzifəni tutmusan, nə məsələ həll eləyirsən ki, gündə mətbuatdasan.
İndi mən deyə bilmirəm axı, ay qardaş, mən xahiş eləmirəm ki, gəlin
məndən müsahibə alın.
- Demək, iradlar var. İradlar dost-tanış
tərəfindəndir?
- Heç kim mənə göstəriş verə bilməz. Cəmiyyəti düzgün
istiqamətləndirmək, hər bir adamla fərdi şəkildə işləmək,
cəmiyyətin qayğısına qalmaq lazımdır. Cəmiyyəti yönləndirmək
gərəkdir. Cəmiyyəti özbaşına buraxmaq olmaz.