Vatikan Zadəgan Heraldika Akademiyası Azərbaycanın
rəssamına qraf titulunun verilməsi barədə qərar qəbul
edib.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə
əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, incəsənət
sahəsində onun böyük uğurlarının tanınması əlaməti olaraq Vatikan
Zadəgan Heraldika Akademiyası Sakit Məmmədova qraf titulunun
verilməsi barədə qərar qəbul edib, Avropa Təbiət Elmləri
Akademiyası isə rəssamı Konrad Adenauer yubiley medalı və diplomu,
alman rəssamı Albrext Dürer medalı və diplomu ilə təltif edib.
Mükafatlar rəssama doğum günü münasibətilə təqdim edilib. Avqustun
5-i Sakit Məmmədovun 58 yaşı olur.
Qeyd edək ki, Azərbaycanın Əməkdar İncəsənət Xadimi, rəssam
Sakit Məmmədov opalizm üslubunun əsasını qoyub.Opalda mövcud olan
isti rənglər çələngi Sakit Məmmədovun hələ gənclik illərindən böyük
rəğbətini qazanıb. Təsadüfi deyil ki, daşda olan rəng oyununa onun,
demək olar, bütün əsərlərində rast gəlinir. Bununla sənətkar
göstərmək istəyir ki, heç bir rəssam Tanrının təbiətə bəxş etdiyi
rənglərdən savayı yeni bir çalar icad edə bilməz. Sevindirici
haldır ki, onun əsasını qoyduğu opalizm məktəbini istedadlı
tələbələri davam etdirirlər.
Sakit Məmmədovun əsərləri məşhur adamların şəxsi
kolleksiyalarında, Vatikan muzeyində, "Opera" qalereyasında
(Sinqapur), Bakıda Müasir İncəsənət Muzeyində, Azərbaycan Milli
İncəsənət Muzeyində saxlanılır. Onun işləri dünyanın bir çox
nüfuzlu qalereyalarında nümayiş etdirilir. Sakit Məmmədov ABŞ,
Almaniya, Fransa, İtaliya, Türkiyə, Belçika, Rusiya, Çexiya, İsveç,
Polşa, Avstriya, Macarıstan və digər ölkələrdə keçirilən sərgilərdə
iştirak edib.
Prezident İlham Əliyev məhz onun əsərini - Roma Papası II İohann
Pavelin portretini Azərbaycanın adından Vatikana hədiyyə edib. Bu
il Böyük Britaniya Kraliçası II Elizabetin 90 illik yubileyi qeyd
olunarkən Sakit Məmmədov "Cıdır düzü" əsərini Vindzor qəsrində
kraliçaya təqdim edib.