Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Fevral 2019


Fidan Əliyevanın yeni sərgisi açıldı – Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 14-də Bakının yeni cəlbedici məkanlarından olan “Ağ şəhər” Rəsm Qalereyasında gənc rəssam Fidan Əliyevanın rəngkarlıq əsərlərindən ibarət “Həyat şəfqəti” adlı fərdi sərgisi açılıb.

Kult.az xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən Mədəniyyət Nazirliyinin sektor müdiri Qalib Qasımov rəssamın yaradıcılıq axtarışlarından söhbət açıb.

Bildirib ki, gənc olmasına baxmayaraq, məzmunlu rəsm əsərləri ilə diqqət çəkən Fidan Əliyevanın bu fərdi sərgisi həm də onun sənətsevərlərə növbəti yaradıcılıq hesabatıdır.

“Bu gün Fidan Əliyevanın fərdi sərgisinin açılışına toplaşmışıq. Rəssam Azərbaycanın mədəni mühitində yaxşı tanınır. Bu sərgini yeni yaradıcılıq hesabatı da adlandırmaq olar. Sərgidə nümayiş olunan əsərlər rəssamın özünəməxsus yanaşma tərzini göstərir. Fidan xanım ətrafda gördüyü bütün gözəllikləri əsərləri vasitəsilə insanlara çatdırmağa çalışır. Fidan Əliyevanın yaradıcılıq karyerasında bir neçə sərgi var. 2016-cı ildə Muzey Mərkəzində rəssamın “Günəşə doğru” adlı ilk fərdi sərgisi açılıb. 2017-ci ildə növbəti sərgi xaricdə - Tiflisdə reallaşıb. Bir ildən sonra Fidan Əliyevanın ilk əsəri Luvrda Azərbaycan rəssamlarının vernisajında nümayiş etdirilib. Həmin il Fidan həm də Bakıda “White Studio Gallery” və “Art Tover” qalereyalarında gerçəkləşən iki qrup sərgisində iştirak edib”, - deyə Q.Qasımov vurğulayıb.

Sərgidə nümayiş olunan əsərlərin orijinallığı ilə seçildiyini söyləyən Xalq rəssamı Səlhab Məmmədov sərginin əhəmiyyətindən danışıb. Bildirib ki, bu, gənc rəssamın sayca üçüncü sərgisidir. Bu əsərlərin içində peyzaj və natürmort janrında olanlar üstünlük təşkil edir. Sərgi rəssamın gənc olmasına baxmayaraq, əsl peşəkarlığından xəbər verir.

Fidan Əliyevaya yeni yaradıcılıq uğurları arzulayan S.Məmmədov onun gələcəkdə ölkənin ən tanınmış fırça ustalarından biri olacağına inamını ifadə edib.

Gənc rəssamın yaradıcılığından danışan müəllimi, Xalq rəssamı Sakit Məmmədov qeyd edib ki, sərgilənən əsərlərdə daim axtarışda olan, fərqli yaradıcılıq üslubuna malik rəssamın dəst-xətti aydın görünür.

S.Məmmədov tələbəsinin istedadından və yaradıcılığından söz açıb. Sərginin əhəmiyyətindən danışaraq, tələbəsinin sənətə sevgisindən, onun yaratdığı hər bir əsərin mükəmməlliyindən bəhs edən Xalq rəssamı S.Məmmədov Fidan xanıma gələcək yaradıcılığında uğurlar arzulayıb.

Tədbirdə Əməkdar rəssam Rəşad Mehdiyev, rəssamlar Turan Muxtarzadə və Cəmilə Həşımova gənc fırça ustasının sənət dünyasından söz açaraq, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Sərginin təşkilatçılarına və açılış mərasiminin iştirakçılarına minnətdarlığını bildirən Fidan Əliyeva yaradıcılıq axtarışlarını davam etdirəcəyini, sənətsevərlərin qarşısına yeni əsərlərlə çıxacağını söyləyib. Rəssam deyib: “Mən tamaşaçılara pozitiv emosiyalar bəxş etməyə çalışıram. Bu səbəbdən əsasən gülləri təsvir edirəm. Çalışıram ki, güllər insanlarda ən gözəl hisslər yaratsın, onları biganə və soyuq olmamağa, yaşanan hər bir anı qiymətləndirməyə çağırsın. Bir sözlə, istəyirəm ki, əsərlərim insanlarda yaşamaq arzusunu oyatsın. Güllər Günəşə doğru can atdığı kimi, insanlar da həyata - yaşamağa doğru can atmalı, məyusluğa və problemlərə təslim olmamalıdır. Bu işdə onlara kömək etmək, xeyirxahlıq, sevgi və sevinc enerjisini bölüşmək istəyirəm”.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Sərgidə təsviri sənətdə öz sözünü cəsarətlə deyən Fidan Əliyevanın 40-a yaxın əsəri nümayiş etdirilib. Onun tablolarına düşündürücü kompozisiya həlli və stilistik müxtəliflik xasdır. Əsərlərindən görünür ki, gənc rəssam daha parlaq çalarlarla işləməyə üstünlük verir. Rəssamın hər bir əsəri avtoportret təsiri bağışlayır və bütün tablolardan sanki onun əhval-ruhiyyəsi və hissləri süzülür. Bu hisslər bəzən o dərəcədə qabarıq nəzərə çarpır ki, tamaşaçı tablonun qarşısında ayaq saxlamalı olur. Onun əsərlərində rəng palitrası daha zəngin, bəzən isə təzadlar üzərində qurulur. F.Əliyevanın əsərlərinin mövzu dairəsi genişdir – gülləri və yetişmiş meyvələri təsvir edən natürmortlar günəşli yay və həzin payız mənzərələri ilə əvəzlənir. Rəssam sanki yaradıcılıq azadlığı havasını hiss edərək təxəyyülündə olanları tablolara köçürür.

Bakıda dünyaya göz açan rəssam ADA Universitetinin məzunudur. Xüsusi rəssamlıq təhsili olmayan bu gənc sənətin sirlərinə Azərbaycan Memarlıq və İnşaat Universitetində fərdi rəsm məşğələlərində, Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında, Londonda Müqəddəs Martin adına İncəsənət və Dizayn Kollecində incəsənət kurslarında yiyələnib.

Müəllifin yaradıcılığında Azərbaycan təbiətinin gözəlliyini əks etdirən əsərlər də xüsusi yer tutur. Bu mövzudakı hər bir əsərində Vətənə böyük sevgi ilk baxışda nəzərə çarpır. Bir sözlə, Fidan kimi gənc və istedadlı rəssamların yaradıcılığı Azərbaycan təsviri sənətinin gələcəyi barədə nikbin fikir söyləməyə əsas verir.

Böyük maraqla qarşılanan sərgi yanvarın 21-dək davam edəcək.

Tarix
2019.01.15 / 15:38
Müəllif
Kult.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Leyla Əliyeva sərgi yarmarkasının açılışında - Foto

Azərbaycanlı əfsanə 90 yaşında - Video

Azərbaycanlı aktrisa uçurumdan yıxılacaqdı – Foto

İlham Əliyevdən Salahova məktub...

Şahzadəyə məxsus 450 milyonluq tablo yoxa çıxdı - Foto

Pikassonun oğurlanmış rəsm əsəri tapıldı - Foto

İnanılmaz: İsanın elə bir portreti tapıldı ki... – Foto

“Dostluğun sehri”nin qalibləri mükafatlandırıldı - Foto

Günay Türkiyədə master-klass keçdi

Türk rəssamın Həbibə qələbə hədiyyəsi - Foto

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla