Fransa Milli Mədəniyyət Federasiyası Müstəqil Fransa
Rəssamlarının məşhur Payız Salonunun "TOİLE D'OR" ali mükafatını
tanınmış azərbaycanlı rəssam Nigar Nərimanbəyovaya təqdim
edib.
Axar.az xəbər verir ki, atası, tanınmış Azərbaycan rəssamı
Vidadi Nərimanbəyovun işinin davamçısı olan N.Nərimanbəyova
"Adajio" diptixinə görə bu nüfuzlu mükafata layiq görülüb. Bununla
da o, "2016-cı ilin Fransada və Avropada ən yaxşı rəssamı" statusu
qazanıb.
Qeyd edək ki, N.Nərimanbəyova artıq bir neçə ildir Azərbaycanı
böyük və irimiqyaslı "ART EN CAPITAL" layihəsində təmsil edir. Bu
layihə Parisin əsas sərgi salonunda – Qrand Paledə Fransa
Prezidenti Fransua Ollandın himayəsi ilə keçirilir.
"ART EN CAPITAL"ın əsas və yeganə mükafatı olan "TOİLE D'OR"
1973-cü ildə Fransa Milli Mədəniyyət Federasiyası tərəfindən təsis
edilib və əsərləri nümayiş olunan dünyanın çox sayda rəssamından
yalnız birinə verilir. İlk dəfədir ki, azərbaycanlı rəssama təqdim
edilən bu mükafata bu günə qədər müxtəlif ölkələrdən ancaq 36
rəssam layiq görülüb.
Müstəqil rəssamların Qrand Paledəki salonunda hər il 5 minə
qədər rəsmlə 2 mindən artıq tanınmış rəssam iştirak edir. Zamanında
bu salon Pol Sezan, Pol Qogen, Anri de Tuluz-Lotrek, Kamil
Pissarro, Şaqal, Dali, Van Qoq, Modilyani, Brak, Miro, Düşan,
Utrillo, Brauer kimi böyük rəssamlara şöhrət qazandırıb.
Bu gün dünya miqyaslı rəssamların siyahısına qızıl hərflərlə
azərbaycanlı Nigar Nərimanbəyovanın da adı yazılıb. Rəssamın bu
qələbəsi müasir Azərbaycanın təsviri sənətinə böyük töhfədir.
Nigar Nərimanbəyova deyib: "Bu xəbərdən inanılmaz həyəcan
keçirirəm! Sevincimin həddi-hüdudu yoxdur. Xoşbəxtəm ki,
Azərbaycanı Avropanın dünya miqyaslı sənət meydançalarında
ləyaqətlə təmsil edirəm, ölkəm barədə ən yaxşı tənqidçilər və
sənətşünaslar söz açır. Bu inanılmaz uğurdur. Artıq azərbaycanlı
rəssamın adı Avropa və Fransada ən yaxşı rəssamların reyestrinə
daxil oldu. Əlbəttə, bu, həm də yaradıcılığımın çoxsaylı
pərəstişkarlarının xidmətidir. Onların sevgi və səmimiyyəti mənə
həmişə ilham verir və məni xoşbəxt edir".
Qeyd edək ki, azərbaycanlı rəssamın rəsmləri uzun müddətdir ki,
Avropa seyrçilərinin diqqət mərkəzindədir. Məşhur fransız
sənətşünası, akademik Jan-Şarl Aşe Nigar Nərimanbəyovanın
yaradıcılığını böyük Şaqalla müqayisə edərkən onun rəsmlərini
"müasir incəsənətin şah əsərləri" adlandırıb.