İqtisadiyyat Nazirliyindən Səhiyyə Nazirliyinə daxil
olan sorğu məktubları əsasında "Özəl tibb fəaliyyəti subyektləri
ilə iş şöbəsi"ndə yaradılmış işçi qrup tərəfindən, cəlb edilmiş
ekspertlərin və İqtisadiyyat Nazirliyinin nümayəndələrinin iştirakı
ilə ötən müddət ərzində 159 özəl tibb müəssisəsinin fəaliyyət
ünvanında yaradılan şəraitin tibb müəssisələrinə dair normativ
hüquqi aktların tələblərinə uyğunluğu
qiymətləndirilib.
Nazirlikdən Axar.az-a verilən
məlumata görə, qiymətləndirmənin nəticələrinə əsasən 124
müəssisə (78%) barədə müsbət, 35 müəssisə (22%) barədə isə mənfi
rəylər hazırlanaraq müvafiq qaydada Səhiyyə Nazirliyinə təqdim
edilib.
"2016-cı ilin 1-ci yarımilliyi ərzində 25 şəxs tərəfindən özəl
tibb fəaliyyəti subyektləri barəsində daxil olan müraciətlər və
şikayət məktubları ətraflı araşdırılaraq lazımi tədbirlər görülüb
və nəticəsi barədə ərizəçilərə məlumat verilib", - nazirlikdən
bildirilib.
Vergilər Nazirliyinin və Daxili İşlər Nazirliyinin Kürdəmir
rayon Polis Şöbəsinin (1 protokol) əməkdaşları tərəfindən
lisenziyasız özəl tibb fəaliyyəti ilə məşğul olma faktları barədə 6
protokol tərtib edilərək Səhiyyə Nazirliyinə göndərilib. İnzibati
Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə uyğun olaraq hər bir şəxs
barəsində inzibati tənbeh növü kimi Səhiyyə Nazirliyi tərəfindən
inzibati cərimə haqqında qərarlar çıxarılıb.
Tibb müəssisələrinə dair normativ hüquqi bazanın
təkmilləşdirilməsi istiqamətində şöbə tərəfindən hazırlanmış yeni
normativ hüquqi aktların layihəsinin Ədliyyə Nazirliyində
qeydiyyatdan keçməsi üçün istinad edilən müvafiq qanunlarda mövcud
olan kolliziyanın aradan qaldırılması məqsədilə yeni qanun layihəsi
hazırlanıb və baxılıb, təsdiq edilməsi üçün Səhiyyə və Ədliyyə
nazirliklərinə göndərilib.