Bu ilin 1-ci yarımilliyi ərzində Respublika Talassemiya
Mərkəzinə müraciətlərin sayı 11 802 olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən
məlumata görə, Talassemiya Mərkəzinin 2016-cı ilin 1 yarımilliyinə
dair hesabatı Qlobal xəstəliklər sırasında yer alan talassemiya
(irsi qan azlığı) xəstəliyi və xəstəlikdən əziyyət çəkənlər daim
dövlətimizin diqqəti altındadır.
"2016-2020-cı illər üçün talassemiya xəstəliyinin müalicə və
profilaktikası üzrə Tədbirlər Planı"nda müalicə tədbirləri ilə
yanaşı əsas diqqət talassemiyanın profilaktikası və əhalinin bu
istiqamətdə maarifləndirilməsi həmçinin perinatal diaqnostika
müayinə üsulu ilə dölün sağlamlığının yoxlanılmasına
istiqamətlənib. Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın təşəbbüsü ilə başlanan "Talassemiyasız həyat naminə"
Proqramı çərçivəsində inşa edilən Respublika Talassemiya Mərkəzində
bu xəstəlikdən əziyyət çəkən insanlar daim yüksək səviyyədə müayinə
və müalicələr alırlar.
Hazırda Mərkəzdə dispanser qeydiyyatında 2 729 xəstə var ki,
onlarda müvafiq qaydada dövlət hesabına müalicələrini davam
etdirir. 2016-cı ilin 1-ci yarımilliyi ərzində Respublika
Talassemiya Mərkəzinə müraciətlərin sayı 11 802 olub. Onlardan 1
630 müraciət ilkin müraciətlərdir. Dispanser qeydiyyata alınanların
sayı 142 nəfərdir. Mərkəzin gündüz stasionarında dispanser
qeydiyyatda olan xəstələrdən 976 nəfərinə mütəmadi olaraq
eritrositar kütlə köçürülür. Eyni zamanda Mərkəzin Hemotoloji
şöbəsində cari ilin ilk 6 ayı ərzində 262 xəstə stasionar müalicə
alıb və bütün lazımi dərman preparatları ilə təmin olunub.
2014-cü ildən fəaliyyətə başlayan Sümük İliyi Transplantasiya
şöbəsində ötən 6 ay ərzində 10 xəstəyə sümük iliyi
transplantasiyası əməliyyatı uğurla icra olunub. 2014-cü ildən
indiyədək bu xəstəlikdən əziyyət çəkən 35 xəstəyə dövlət vəsaiti
hesabına uğurla sümük iliyi transplantasiyası əməliyyatı keçirilib.
Sevindirici haldır ki, cari ilin aprel ayında EBMT-nin Valensiya
şəhərində keçirilən növbəti iclasında Respublika Talassemiya
Mərkəzi Beynəlxalq Transplantasiya Təşkilatına üzv seçilib. Eyni
zamanda cari ilin 6 ayı ərzində Mərkəzin ümumi laboratoriyasında 10
200 nəfər proqram çərçivəsində müayinələrdən keçib. Bundan əlavə
102 nəfərdə HLA uyğunluq müayinəsi aparılıb.
2015-ci ilin iyun ayından ailə həyatı quran cütlüklərin nikahdan
öncə müayinəsi talassemiya daşıyıcılarının vaxtında aşkarlanmasında
mühüm rol oynayıb. Aparılan bu müayinələrdə məqsəd talassemiyalı
xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır. İndiyədək
152 659 nəfər müayinədən keçib. 7 503 nəfərdə daşıyıcılıq
aşkarlanıb. Bunlardan 58 cütlüyün hər ikisində daşıyıcılıq qeydə
alınıb ki, həmin şəxslərədə müvafiq məsləhətlər verilib. "Bütün
görülən işlərlə yanaşı "2016-2020-ci illər üçün talassemiya
xəstəliyinin və profilaktikası üzrə" Dövlət Proqramında nəzərdə
tutulan digər məsələlərin uğurla həyata keçirilməsi yönündə işlər
aparılmaqdadır", - nazirlikdən bildirilib.